Vətəndaş məsuliyyətsizliyi karantin
rejiminin uzadılmasını zəruri etdi
Dünyanın koronavirusla bağlı mənzərəsi getdikcə daha tünd çalarlar almaqdadır. Tibb elmi üçün yeni olan COVID-19 infeksiyasına yoluxanların sayı günbəgün deyil, saatbasaat artır. Tədqiqatçılar hazırda virusun yayılmasında kritik mərhələ olduğunu söyləyirlər. Dünya ölkələrinin əksəriyyəti koronavirus pandemiyasının yeni dalğasını yaşayır.
Dünya koronavirusun
caynağındadır...
ABŞ hələ də virusa yoluxma və ölüm sayına görə liderliyini qoruyur. Yoluxanların ümumi sayına görə Hindistan ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.
Böyük Britaniyada hər gün təqribən 100 min insan koronavirus xəstəliyinə tutulur. London İmperial Kollecində aparılan araşdırmada epidemiyanın yayılmasının sürətləndiyi və virusa yoluxanların sayının hər 9 gündə iki dəfə artdığı açıqlanıb. İtaliyada son 24 saat ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb - 24991.
İranda ötən sutka ərzində 6824 nəfər koronavirusa yoluxub, 415 nəfər həyatını itirib. Rusiyada koronavirusa yoluxanların sayı 1,56 milyon nəfəri keçib. Ölkədə son sutka ərzində 16202 nəfər virusa yoluxub, 346 nəfər vəfat edib. Ölüm halları ölkədə bugünədək qeydə alınan ən yüksək göstərici olub.
İşğalçı Ermənistanda ötən gün 2383 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb, 29 nəfərin ölümü qeydə alınıb.
Dünyanın bir çox ölkəsində virusun yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirilir, tətbiq olunmuş karantin rejimi sərtləşdirilir. Son bir həftədə İsveçrədə koronavirusa yoluxma və ölüm halları ikiqat artıb. Ekspertlər infeksiyaya yoluxmanın bu sürətlə davam edəcəyi təqdirdə 10-14 gün sonra ölkədəki xəstəxanaların reanimasiya şöbələrində boş çarpayı qalmayacağı barədə xəbərdarlıq ediblər. Gündəlik yoluxma sayının 8600 nəfərə çatması isə İsveçrə hökumətini yeni məhdudiyyətlərin tətbiqinə vadar edib.
Fransada koronavirusa yoluxma hallarının artması ilə əlaqədar 30 oktyabrdan etibarən özünütəcrid rejimi yenidən tətbiq olunur.
Son zamanlar Azərbaycanda da koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq yüksəlir, sanitar-epidemioloji durum pisləşir. Etiraf etmək lazımdır ki, bir müddət yoluxma səviyyəsinin aşağı enməsi əhalidə müəyyən qədər arxayınçılıq və rahatlıq yaratmışdı. Vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağı düşmüşdü, əksər hallarda sosial məsafə saxlanılmamışdı. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş olmamışdı. Digər bir səbəb isə son bir ayda baş verən hadisələr nəticəsində kütləvi toplaşma və təmasların artması, bəzi mərasimlər zamanı sosial məsafənin gözlənilməsinin və maska taxılmasının tamamilə unudulması oldu. Nəticədə ölkədə çətinliklə əldə olunmuş müsbət tendensiya mənfi istiqamət aldı, infeksiyaya yoluxma sayı 900 civarına yüksəldi. Bu səbəbdən yeni növ koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabradək uzadıldı.
Eyni zamanda ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad və Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub. Buna ğörə Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov və Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları ilə yanaşı, 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhərinə, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, giriş-çıxış 1 dekabr saat 06.00-dək dayandırılıb.
Həmçinin Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarında həftəsonları 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək; 7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək; 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək; 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək; 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargah bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə ciddi riayət etməyə, tibbi maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırır.
Sərt karantinin tətbiq edilib-edilməməsi
bizdən asılıdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva son günlər ölkəmizdə COVID-19-a yoluxma sayının kəskin artımının çox böyük narahatlıq doğurduğunu söyləyib. Onun sözlərinə görə, koronavirus infeksiyası ölkəmizin bütün bölgələrində aşkarlanıb, lakin bəzi bölgələrdə vəziyyət daha ciddidir. Elə regionlar var ki, orada xəstəlik ciddi şəkildə yüksələn xətlə gedir. Bəzi bölgələrdə yoluxma daha yüksək rəqəmlərlə ifadə olunduğuna görə lokal olaraq həmin ərazilərdə karantin rejimi daha sərtləşdirilib: "Uzun aylardan bəri pandemiya ilə aparılan mübarizədə hamı yorulub. Lakin bəlkə də ən çox yorulan həkim və tibb işçiləridir, çünki onlar artıq doqquz aya yaxındır sərt rejimdə fəaliyyət göstərirlər. Qısa bir müddətdə onlar rahat nəfəs almağa imkan tapdılar və bundan az sonra xəstəliyin ikinci dalğası baş qaldırdı. Gözəgörünməz düşmənlə mübarizə aparıldığı bir vaxtda sağlamlıq keşikçiləri düşmən üzərində ümumi qələbəyə öz töhfələrini vermək, bu sahədə zabit və əsgərlərə dəstək göstərmək istəyirlər. Lakin koronavirusa yoluxanların sayı artdıqca hansısa tibb müəssisələrindən yenidən pandemiya xəstəxanası kimi istifadə etməyə məcbur olacağıq. Xəstəxanalar bir gün, bəzən bir neçə saat ərzində dolur. Bir xəstəxananın ortalama çarpayı fondu 200-300 arası olur. İndiki yüksək yoluxma şəraitində tibb müəssisəsi bir günün içində xəstələrlə yüklənmiş olur. Hər şey çarpayı ilə həll olunmur, xəstələrə qulluq edən tibb personalına böyük ehtiyac yaranır. Ona görə də bunu dərk edən hər kəs özünü koronavirus infeksiyasına yoluxmaqdan qorumalı və bu yolla bugünkü şəraitdə həkimlərə dəstək göstərməlidirlər”.
Hazırkı epidemioloji durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər. Ölkədə infeksiyaya gündəlik yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin daha da sərtləşdirilməsi istisna edilmir. Sərt karantinin tətbiq edilib-edilməməsi isə hər birimizdən asılıdır.
Yoluxma sayının minimumlaşdırılması üçün pandemiya qaydalarına əməl etməyimiz indiki durumda daha çox vacibdir. Məlum məsələdir ki, yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxan həkim və çarpayı yeri azalır. Ona görə də koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün önəmlidir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejimin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımından vacibdir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir. Yalnız bu halda biz arxa cəbhədə gözəgörünməz düşmənə qalib gələrək cəmiyyətimizin sağlamlığını qoruya bilərik. Sağlam olaq, güclü olaq, qalib olaq!
Xəyalə MURADLI
Azərbaycan.-
2020.- 23 oktyabr.- S.1; 9.