Karantin qaydalarına riayət etmək qələbəmizə
də dəstəkdir
Ötən ilin sonundan başlayaraq dünyaya yayılan, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan yeni tip koronavirus ciddi fəsadlar törətməkdə davam edir. Artıq dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 45 milyonu ötüb. Hazırda bütün ölkələr pandemiyanın yeni dalğasını yaşayır. Bir çox ölkələrdə karantin rejimi sərtləşdirilir.
Azərbaycan üzrə
COVID-19-a yoluxma statistikası
Təəssüf ki, son həftələr bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da COVID-19-a gündəlik yoluxma və ölüm halları artıb, sanitar-epidemioloji durum pisləşib. Hətta oktyabrın 29-da ilk dəfə COVID-19-a yoluxma statistikası dördrəqəmli həddə çatıb. Odur ki, ölkəmizdə də koronavirusun ikinci dalğasının başladığını əminliklə demək olar.
Azərbaycan üzrə COVID-19-a yoluxma statistikasına əsasən, ən yüksək göstərici Bakı şəhərinin (55,2 faiz) payına düşüb. Abşeronda yoluxma faizi 14,5 faiz, Aranda 10,6 faiz, Gəncə-Qazaxda 6,7 faiz, Lənkəranda 4 faiz, Şəki-Zaqatalada 2,9 faiz, Quba-Xaçmazda 2,5 faiz, Dağlıq Şirvanda 1,6 faiz, Yuxarı Qarabağda 1,1 faizdir. Naxçıvanda yoluxma 0,08 faiz təşkil edir.
Paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi isə Binəqədidə qeydə alınıb. Belə ki, paytaxt üzrə yoluxma hallarının 14,5 faizi bu rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 12,6 faizi Xətai, 11,7 faizi Yasamal, 11,6 faizi Sabunçu, 8,7 faizi Nəsimi, 8,1 faizi Nərimanov, 7,9 faizi Suraxanı, 7,2 faizi Nizami, 7 faizi Qaradağ, 5,7 faizi Xəzər, 4,7 faizi Səbail, 0,3 faizi Pirallahı rayonlarında aşkarlanıb.
Yeni növ koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 dekabradək uzadılıb.
Təhsil müəssisələri onlayn
tədrisə keçir
Ötən gün Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2 noyabrdan dekabrın 1-dək tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunmasına dair qərar imzalayıb.
Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib ki, növbəti həftədən distant təhsilə keçid ən optimal qərar kimi görünür. Onun sözlərinə görə, son 2 həftə ərzində bir sıra hazırlıq işləri görülüb, bu günə ən optimal qərar verilib və bütün təhsil müəssisələrində onlayn tədrisə keçirilir: "Bu qərarın icrası müəyyən çətinlik yaradacaq, amma əvvəlki dövrlərdən bu təcrübə var, inanıram ki, nə qədər çətinlik olsa da, bu üsulla növbəti həftələrdə tədrisi onlayn qaydada keçirəcəyik. Biz həm ictimaiyyət, həm müəllimlərlə ünsiyyətdə oluruq, bir çox halda mövcud çətinliyə baxmayaraq, onlayn tədris daha uyğun qərar olub. Ali təhsil müəssisələrinin rektorları ilə də görüşlər olub, distant təhsilə qərar verilib. Ən böyük məsələ ölkədə onlayn platformaların, TEAMS-in bərpası üçün çoxlu işlər görülüb, aidiyyəti dövlət qurumları ilə həmin platformaların işləməsi üçün testlər aparılıb. Növbəti mərhələdə şagirdlərin və müəllimlərin təhsil platformalarına girişi təmin olunacaq.Təbii ki, müəyyən problemlər var, internetin keyfiyyəti və s. Amma eyni zamanda bir çox hallarda VPN istifadəsi mane olur, ona görə də bu platformalar VPN-siz işləyəcək. İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı problemlər də var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq”.
Təhsil naziri əlavə edib ki, "Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunub. Artıq növbəti həftədən etibarən platformadan tam olaraq Azərbaycan dilində istifadə etmək mümkün olacaq: "İnanıram ki, müəllimlər və şagirdlərlə birgə nə qədər çətin olsa da, bu mürəkkəb prosesdən çıxacağıq”.
E.Əmrullayev qeyd edib ki, ölkədə koronavirusa yoluxma halları artarsa, distant təhsil prosesi ilin sonuna qədər davam edə bilər.
Karantin qaydalarına riayət etməyənlər inzibati məsuliyyətə cəlb olunacaqlar
COVID-19-a yoluxanların sayında kəskin artımı nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə birgə reydlərin keçirilməsi davam etdirilir. Reydlər zamanı COVID-19 infeksiyasının yayılmasının, törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşlarla qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır, onlara müvafiq izahatlar verilir. İlk növbədə, ictimai nəqliyyatda, insanların sıx toplaşdığı məkanlarda, ictimai iaşə və digər obyektlərdə virusa yoluxma hallarının qarşısının alınması üçün görülən tədbirlərin vəziyyəti yoxlanılır, insanlar arasında sosial məsafənin qorunması məqsədilə izahetmə işləri aparılır. Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlar yerində aradan qaldırılır, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxslərinə və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Daxili İşlər Nazirliyi ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət ünvanlayıb. Müraciətdə qeyd olunur ki, son vaxtlar paytaxt ərazisində fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan lazımi qaydada istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir. Sərnişinlərin sosial məsafə gözləmədən bir-biriləri ilə yaxın təmasda olmaları, qoruyucu tibbi maskalardan istifadə etməmələri onların koronavirusa kütləvi şəkildə yoluxma riskini artırır. Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorlarla əlaqəli olması ehtimal edilir ki, bu da ictimai nəqliyyatda təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə sanitariya-gigiyena qaydalarının pozulması hallarına qarşı inzibati təsir tədbirlərinin daha ciddi şəkildə tətbiqini zəruri edir: "Qeyd olunanlarla əlaqədar xüsusi karantin rejimi qaydalarına riayət etməyən hərəkət iştirakçılarını inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar edir və ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən bir daha xahiş edirik ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə avtobuslarda sosial məsafə saxlamaqla mütləq qaydada tibbi maskalardan istifadə etsinlər”.
Pandemiya ilə mübarizə müharibəyə bərabərdir
Hazırda ölkəmiz iki istiqamətdə mübarizə aparır. Bir yandan ölkədə torpaqların işğaldan azad edilməsi uğrunda müharibə gedir, digər yandan isə koronavirusa yoluxmalar gündən-günə artır. Dövlətimizin fikri təbii ki, Vətən müharibəsində olmalıdır. Lakin son günlər yoluxmaların artması bəzi insanların xəstəliyi ciddiyə almadığını, pandemiya qaydalarına ciddi yanaşmadığını göstərir. Koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir. Hazırda ölkəmizdə müharibə gedir, şəhidlərimiz, yaralılarımız var. Hamımız anlayırıq ki, həkimlər gücünü daha çox yaralı əsgərlərimizin sağaldılmasına, cəbhə bölgəsindən gələn xəstələrimizə sərf etməlidir. Biz burada virusa yoluxmaqla həkimlərin işini artırır, dövlətin qayğısını çoxaldırıq. Halbuki bu dəqiqə dövlətin diqqəti daha çox işğal altında olan torpaqlarımızı azad etməyə yönəlib.
Pandemiya ilə mübarizə də müharibəyə bərabərdir, şərt erməni ilə səngərdə döyüşmək deyil. Bizim bu müharibədə vətəndaş olaraq borcumuz, köməyimiz ondan ibarət olmalıdır ki, maska taxaq, gigiyena qaydalarına əməl edək, kütləvi yerlərdə sosial məsafəni gözləyək, dövlətə əlavə yük yaratmayaq. Bu sadə qaydalara əməl etmək heç kimə çətin deyil. Qaydalara riayət olunmadığı təqdirdə yoluxmalar daha da artacaq ki, o zaman karantin rejiminin daha da sərtləşdirilməsi labüd olacaq. Hazırkı vəziyyət Azərbaycan dövlətini yenidən sərt addımlar atmağa məcbur edir. Sanitar-epidemioloji durum onu deməyə əsas verir ki, qarşıdan gələn dövrdə xüsusi karantin rejimi daha da sərtləşdirilə, yoluxma hallarının geniş yayıldığı şəhər və rayonlarla bağlı yeni məhdudiyyətlər tətbiq oluna bilər.
Bunun baş verməsini istəmiriksə, məsuliyyətli olmalı, karantin qaydalarına ciddi şəkildə riayət etməliyik. Bu, yalnız sərt karantin rejiminin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir.
Xəyalə MURADLI
Azərbaycan.- 2020.- 31 oktyabr.- S.1; 10.