Özbəkistan Respublikasının Prezidenti
Zati-aliləri cənab Şavkat Mirziyoyevə
Hörmətli cənab Prezident,
Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir. Strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimiz ortaq milli, mənəvi və mədəni dəyərlərlə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır.
Əlaqələrimizin hərtərəfli inkişafı və müxtəlif sahələrdə gücləndirilməsi üçün geniş imkanlar mövcuddur. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin, ikitərəfli əsasda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının qardaş Özbəkistan xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Özbəkistan Respublikasına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 avqust 2020-ci il.
Azərbaycan.- 2020.-1 sentyabr.- S.1.