CXP iqtidarın gündəmə gətirdiyi
islahatların yanındadır
Milli maraqlar naminə əməkdaşlıq
Prezident İlham Əliyevin elan etdiyi islahatların ən mühüm özəlliyi cəmiyyət həyatının bütün sahələrini əhatə etməsidir. Məhz bu amil ölkənin kompleks inkişafına böyük töhfələr verməkdədir. Bu sırada son dövrlərdə daha da vüsət alan siyasi islahatlar partiyalar tərəfindən yüksək qiymətləndirilir.
Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyevlə söhbətimiz də bu barədədir.
Ölkədə keyfiyyət və formaca
yeni situasiya yaranıb
Bədrəddin Quliyevin sözlərinə görə, son parlament seçkilərindən sonra ölkə Prezidentinin Milli Məclisdəki çıxışı dövlət siyasətinin yeni mənzərəsini ortaya qoydu: "Bu gün siyasi münasibətlərin iqtidar-müxalifət dialoqu yolu ilə inkişaf etdirilməsi yeni siyasi islahatların aparıldığını təsdiq edir. Dövlət başçısının çıxışında ölkədə keyfiyyət və formaca yeni situasiyanın yaranmasına önəm verildiyi ifadə olundu. İndiki məqamda siyasi sistemlə bağlı bu qərarın verilməsi gözlənilən islahatların açarıdır. Siyasi partiyaların qeydiyyata alınmasının sadələşdirilməsi, bu sahədə durğunluğun aradan qaldırılması ölkənin milli təhlükəsizlik konsepsiyasının bir parçasıdır”.
O bildirdi ki, ölkədə yeni iqtidar-müxalifət münasibətlərinin qurulması Cümhuriyyət Xalq Partiyası tərəfindən də təqdir edilir və dövlət başçısı səviyyəsində elan edilən islahatların aparılması daxili və xarici aləmdə Azərbaycanın imicinin güclənməsi baxımından irəliyə doğru atılmış strateji addımdır.
Belə bir məqamda Cümhuriyyət Xalq Partiyasının hansı təşəbbüslərlə çıxış etməsinə gəldikdə isə, partiya sədri dedi ki, Prezident Administrasiyasında yeni yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşdə bir sıra təkliflər irəli sürüblər: "Biz öz təkliflərimizi təqdim etməklə yanaşı, onları KİV-də və sosial şəbəkələrdə ictimai müzakirəyə çıxarmışıq. Xatırladım ki, islahatlar kadr siyasəti ilə yanaşı, sistem dəyişiklikləri ilə nəticələnməlidir. İlk addım kimi proporsional seçki sistemi qanunla tətbiq olunmalıdır. Bu, demokratiyanın cəmiyyətə verdiyi ən düzgün dəyərdir. Son dövrlərin mühüm siyasi yeniliklərindən biri də qeyd etdiyim kimi, partiyaların qeydiyyat probleminin həllidir. Bu, siyasi mədəniyyət sisteminin rəsmi şəkildə qiymətləndirilməsi deməkdir”.
Bədrəddin Quliyev dedi ki, təkliflərindən biri də yerli özünüidarəetmə sisteminin dəyişməsidir: "Bələdiyyələrin hüquqlarının artırılması ilə ölkədə iqtisadi, sosial və digər problemlərin həllində yerli idarəetmə strukturlarının daha fəal olması üçün zəmin yaratmalıyıq. Böyük şəhərlərdə mer seçkisinin keçirilməsini də müdafiə edirik. Belə olduğu təqdirdə ənənəvi bürokratik problemlər təbii yolla həll olunacaq. Çünki yerli büdcəyə ictimai nəzarət güclənəcək. Bu, həm də əhalinin dövlət quruculuğunda iştirakını və fəallığını gücləndirmək deməkdir. Məhkəmələrdə islahatlar aparılmalıdır. Biz demokratiya ilə yanaşı, hərbi potensialımızı da inkişaf etdirməliyik. Biz CXP olaraq pandemiya problemi həll olunandan sonra bu istiqamətdə əhali arasında imza kampaniyasına başlayacağıq. Ölkədə köklü islahatların aparılması prosesində hamının vahid mövqe nümayiş etdirməsi olduqca vacibdir”.
Cümhuriyyət Xalq Partiyasının iqtidarın siyasətinə, apardığı islahatlara münasibətdə hansı mövqedə olmasına da aydınlıq gətirən Bədrəddin Quliyevin sözlərinə görə, hər zaman bu proseslərin mərkəzində durmağa çalışıblar: "Biz iqtidarın gündəmə gətirdiyi islahatların yanındayıq. Bunu dəfələrlə verdiyimiz bəyanatlar, toplantılar və müsahibələrimizdə ifadə etmişik. Çünki indiki islahatlar ölkədaxili milli birliyə gedilən yolun hədəflərini ortaya qoyub. Ölkənin taleyüklü problemlərinin həlli istiqamətində, xüsusilə korrupsionerlərin mövqelərinin sarsıdılması baxımından bu gün aparılan islahatlar çox vacibdir. Bu, həm də "beşinci kolon”un iflası deməkdir. Həmin qüvvələr müstəqil Azərbaycan dövlətinin inkişafı üçün əngəldirlər. Aparılan islahatlar dövlətə və hakimiyyətə etimadın güclənməsinə gətirib çıxarır. Biz CXP olaraq bunu çox yüksək qiymətləndiririk. Bu islahatlar həm də dünyada baş verən yeniliklərlə ayaqlaşmaq deməkdir.Yeni baxışların və yeni sağlam qüvvələrin bu prosesdə aktivləşməsi baxımından da çox vacibdir. Cəmiyyətin bir sıra neqativ hallardan, ətalətdən və digər problemlərdən qurtulması deməkdir”.
Dialoq iqtidarlı-müxalifətli milli həmrəyliyə
gedilən yoldur
CXP sədri bildirdi ki, siyasi dialoqun gündəmə gətirilməsi ideoloji baxışlara fərq qoymadan kimin dövlətin və milli maraqların yanında yer aldığını sübut etdi: "Dialoq ölkənin ümummilli problemlərinin həlli yönündə məsuliyyəti hiss etmək və mövcud şəraiti nəzərə alaraq, bu yolda iqtidarlı-müxalifətli birlik nümayiş etdirmək deməkdir. Dialoq iqtidarlı-müxalifətli milli həmrəyliyə gedilən yoldur. Unutmayaq ki, dövlət müstəqilliyimizə qovuşduğumuz andan Azərbaycanı "marginal” dövlət kimi görmək istəyən bəzi xarici qüvvələrin əli ilə daxildə bir neçə dəfə "dövlət çevrilişi” cəhdləri olub. Onlar torpaqlarımızın işğalında da birbaşa məsuliyyət daşıyırlar. Onlara qarşı daxildə iqtidarlı-müxalifətli bir araya gəlməklə vətəndaş həmrəyliyini qoruya və dövlətimizin ali maraqlarını təmin edə bilərik. Dialoqun aparılması məhz bu ali dəyərə xidmət edir. Qarabağ problemindən böyük dərdimiz yoxdur. Bu problemi hamılıqla həll etmək üçün səfərbər olmalıyıq.Tarixi şəraiti və regionda baş verən prosesləri düzgün qiymətləndirərək qələbənin təmin edilməsi üçün çalışmalıyıq. Dialoq dedikdə bu faktora önəm veririk. Unutmaq olmaz ki, hər bir dövlətin strateji maraqlarının təmin edilməsi yönündə siyasi partiyaların müstəsna əhəmiyyəti var. Dialoqlar məhz bu fakta söykənməlidir. Çünki dövlət maraqları hər şeydən üstün olmalıdır”.
Bədrəddin Quliyev əlavə etdi ki, siyasi sistemin daha möhkəm təməllər üzərində qurulması və inkişaf etməsi üçün bunun hüquqi bazasını hamılıqla birlikdə yaratmalı, Qərbdən və ya hansısa ölkədən ixrac olunan düsturlara əsla yol verməməliyik: "Hər bir dövlətin özünün milli maraqları olmalıdır və siyasi, ideoloji və hüquqi baxımdan bu istiqamətdə dövlətin inkişafına töhfələrimizi verməliyik. CXP bu fikri ona görə önə çəkir ki, dövlətçilik konsepsiyasına önəm verən bütün siyasi qüvvələr bir araya gələrək memorandum imzalamalıdırlar. Hamılıqla ölkəmizdə vüsət götürən islahatlara töhfəmizi verməliyik.
Ölkəmizdə islahatlara qarşı çıxanlara gəldikdə, Bədrəddin Quliyev dedi ki, siyasi, sosial, iqtisadi və kadr islahatları onlar üçün qazılmış məzardır: "Çünki onlar heç zaman yenilikçi olmayıblar. Bizim partiyamız dövlətin və milli maraqların yanında kim durursa, onlarla bir sırada yer alır”.
Marginal qruplar cəmiyyət tərəfindən
müdafiə olunmurlar
Partiya sədri özünü sağlam siyasi proseslərdən təcrid edən, marginallaşan radikal müxalif partiyalar barədə də mülahizələrini bölüşərək dedi ki, onlar bu gün müxalifət cildinə girərək dövlətin inkişafına qarşı çıxırlar: "Məhz onların səbatsızlığı ucbatından Azərbaycanın əraziləri erməni işğalçıları tərəfindən işğal olunub. Onlar cəmiyyət tərəfindən müdafiə olunmurlar. Elə buna görə də xaricidə çoxsaylı sosial şəbəkələr yaradıb dövlətimizə qarşı siyasi təxribatlar aparırlar. CXP dövlətçiliyimizin qorunması naminə hər zaman onlara qarşı sərt mövqedə olub. Digər yandan isə, həmin marginal qüvvələrin arasında vahid mövqe yoxdur. Kiçik qruplara bölünmüş bu çevrələrin hər birinin ayrıca "xarizmatik lideri” var. "Mənəmlik” iddiasının əsiri olan belələrinə dünyanın cılız və bəsit düşüncəli məxluqları kimi baxırıq”.
Qeyd olundu ki, Azərbaycanda islahatlar daha geniş vüsət aldıqca müxalifət qılafına bürünmüş marginal çevrələr də getdikcə iflasa uğrayırlar: "Çünki demokratik mühit inkişaf etdikcə, dövlətin strateji maraqlarını hər şeydən üstün tutan siyasi partiyalara münbit şərait yaranır. Şəffaflıq olan yerdə isə islahatlar yüksək səviyyədə olur. Bu, demokratiyanın ilkin təməllərindən biridir”.
CXP sədrinin pandemiyaya qarşı aparılan mübarizə tədbirləri barədə də fikirlərini öyrəndik. Onun sözlərinə görə, Operativ Qərargahın yaradılması, proseslərin xüsusi nəzarətə götürülməsi, modul xəstəxanaların açılması, digər xəstəxanaların rekonstruksiya edilməsi, tibbi avadanlıqların, laboratoriyaların alınması, qoruyucu maska istehsalına başlanılması çox böyük uğurlara səbəb oldu. "Azərbaycan xaricdən yardım almamaqla, daxili resursları hesabına problemlərinin həlli istiqamətində qətiyyətli iradə göstərməklə regionda ən güclü dövlət olduğunu bir daha sübut etdi. "Evdə qal” aksiyasının həyata keçirilməsi, vətəndaşlara dövlət tərəfindən kompensasiya verilməsi sosial dövlət anlayışının tərkib hissəsidir. Belə bir məqamda problemlərin olması təbii qarşılanmalıdır. Çünki vətəndaşların qlobal pandemiya bəlasının aradan qaldırılması istiqamətində adaptasiya olunması psixoloji baxımdan zaman tələb edir. Bu problemin birinci mərhələsini demək olar ki, Azərbaycan dövləti alnıaçıq səviyyədə adladı. İnanırıq ki, növbəti mərhələni də dövlətimizin güclü potensialı səviyyəsində uğurla adlayacağıq”.
Korrupsiya ilə mübarizə barədə qənaətlərini bölüşən Bədrəddin Quliyev dedi ki, bütün bunlar cəmiyyətdə razılıqla qarşılanır. "Korrupsiya əməllərinə görə məmurların ifşası cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. İndi demək olar ki, durum tamamilə dəyişib. Korrupsiya və rüşvətxorluqla bağlı ifşa olunan məmurlar dövlət səviyyəsində və xalq tərəfindən çox ciddi şəkildə qınanırlar. Onlar cəmiyyətlə üz-üzə gəlmək dilemmasının çətinliklərini dərk edirlər. Korrupsioner və rüşvətxor məmurların qarşısı alınmaqla yanaşı, ölkəmizdə hərtərəfli islahatlara start verilibdir. Bunları görməzlikdən gəlmək ən azından ədalətsizlikdir”, - deyə o bildirdi.
CXP sədrinin Prezident İlham Əliyevin müəllifi olduğu sosial-iqtisadi islahatlar konsepsiyası barədə fikirlərini də öyrəndik. Bədrəddin Quliyevin sözlərinə görə, son dövrlərdə, xüsusilə özəl sektorda yoxlamaların dayandırılması, vergi və gömrük islahatlarının aparılması, istehsalda stimullaşdırıcı addımların atılması inkişafa böyük dəstəkdir: "Məhz bu səbəbdən çoxlu yeni iş yerləri açılıb. Bunlarla bərabər, "Made in Azerbaijan” adı ilə yeni məhsulların dünya bazarına çıxarılması qürurvericidir. Bu, qeyri-neft sektorunun inkişafına böyük bir təkandır. Çünki istehsal olan yerdə iqtisadi inkişaf var və bu da, öz növbəsində, əhalinin sosial rifahının artması deməkdir. Milli brendimizə çevrilən qeyri-neft sektoru məhsulları dövlət büdcəsinə əlavə gəlirin daxil olması ilə müşahidə olunur”.
Sonda Bədrəddin Quliyev bir daha bildirdi ki, Cümhuriyyət Xalq Partiyası iqtidarın apardığı islahatlar prosesinin içindədir: "Partiya aparılan islahatların yüksək nəticələr verməsi üçün çalışır, milli birliyin tərəfdarı kimi çıxış edir”.
Söhbəti yazdı:
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2020.-1 sentyabr.- S.1; 5.