Prezident arxa
durduğu sahibkarlara üz tutdu:
"İndi sizin vəzifəniz, ilk növbədə, Vətəninizi,
xalqınızı və dövlətinizi düşünməkdir!”
Bu gün ölkədə
aparılan iqtisadi islahatların bütün istiqamətlərdə
dərinləşməsi Azərbaycan dövlətinin
müdafiə qüdrətinin və iqtisadi gücünün
artırılması üçün uzaq perspektivlərə
köklənən kompleks tədbirlərin həyata
keçirilməsindən xəbər verir. Bu baxımdan
Prezident İlham Əliyevin avqustun 24-də yeni icra hakimiyyəti
başçılarının təyin olunması ilə
bağlı keçirdiyi videoqəbulda dövlətçilik
ənənələrini mükəmməlliyə doğru
aparan bir çox taleyüklü məsələlərə
toxunması təsadüfi deyildi.
Dövlət
başçısı çıxışında
sahibkarlığın inkişafının ölkənin
ümumi inkişafı ilə birbaşa bağlı
olduğunu qeyd edərək bildirdi ki, iqtisadiyyatımız
öz dayanıqlılığını saxlamalı, möhkəmləndirilməlidir. Buna nail
olmaq üçün, ilk növbədə, qeyri-neft sektoru
inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə
qədər çox sürətli idi. Amma
pandemiya ilə əlaqədar bütün ölkələrdə,
o cümlədən Azərbaycanda iqtisadi tənəzzül
müşahidə olunur. Azərbaycan Prezidenti qeyri-neft
sektorunda, xüsusilə qeyri-neft sənaye məhsulları
istehsalı sahəsindəki 13 faizlik artımın əsas səbəbini
belə izah etmişdir: "Hesab edirəm ki, bu, indiki dövr
üçün tarixi nailiyyətdir. Biz nəyin hesabına buna nail olmuşuq, sahibkarlığın
inkişafı hesabına, verilən güzəştli kreditlərin
və sahibkarların məsuliyyəti nəticəsində”.
Prezident İlham Əliyev
sahibkarlara verdiyi geniş dəstəyin müsbət nəticələrini
şərh edərək demişdir ki, artıq
formalaşmış sahibkarlar sinfi ölkə
iqtisadiyyatının inkişafında mühüm rol
oynayır. Bütün qurumların biznesə dəstək verməsi
dövlətin ciddi tələbidir. Məhz buna görə
Prezident bəzi rayonlarda sahibkarların incidilməsini,
onların qarşısında süni sədlərin çəkilməsini,
onlardan yerli icra orqanları tərəfindən rüşvət,
pay tələb olunmasını tənqid atəşinə
tutmuş və eyni zamanda qeyd etmişdir ki, dövlət
sahibkarlara dəstək göstərir, müdafiə edir,
şərait yaradır, onların gəlirlərinin
artırılmasına çalışır, sahibkarlar da,
öz növbəsində, dövlətin vergisini qəpiyinə
qədər ödəməlidirlər.
Həqiqətən, dövlət
başçısı ölkədə
sahibkarlığın inkişafı üçün
mühüm qərarlar verir, zəruri addımlar atır. Xüsusən pandemiya
dövründə çətinə düşən, problemlərlə
üzləşən iş adamlarına hərtərəfli
qayğı göstərir. Prezidentin fərmanları
ilə Vergi Məcəlləsində və "Sosial
sığorta haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər təsdiq edilmişdir. Bu, koronavirus (COVID-19) pandemiyasının
yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli
şəkildə dəyişməsi ilə əlaqədar
sahibkarlıq subyektlərinə, o cümlədən
kiçik və orta sahibkarlığa vergi güzəştlərinin
və tətillərinin verilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, vergi
ödəyicilərinin maliyyə vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı
qanunvericilikdə müddəalar müəyyən edilmiş və
ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə
başlanılmışdır. Vergi Məcəlləsinə
edilmiş son dəyişikliklərdə müvəqqəti
vergi rejiminin tətbiqi və pandemiyadan zərər çəkən
sahələrdə fəaliyyət göstərən vergi
ödəyicilərinə əhəmiyyətli güzəştlər
və azadolmalar da nəzərdə tutulur. Qanun bu ilin əvvəlindən tətbiq olunur və
2020-ci ilin sonunadək qüvvədədir.
Qanunda müvəqqəti
vergi rejiminin tətbiq edildiyi və pandemiyadan zərər
çəkmiş fəaliyyət sahələri dəqiq
göstərilmişdir. Bura əsasən ictimai iaşə fəaliyyəti, sərnişin
daşımaları sahəsi, mehmanxanalar və bu tip obyektlərin
fəaliyyəti, turoperatorlar, turagentlər, sifarişlər
üzrə malların çatdırılması xidmətlərinin
göstərilməsi, tədris kursları, məktəbdənkənar
təhsil müəssisələri, psixoloji mərkəzlərin
fəaliyyəti, idman və sağlamlıq mərkəzləri,
istirahət və əyləncə, kinoteatr, teatr, muzey və
konsert zallarının fəaliyyəti, eyni zamanda Nazirlər
Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri
məhdudlaşdırılmış sahələr daxildir.
İqtisadiyyat Nazirliyi yanında
Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz
Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri
şərh edərək bildirmişdir ki, sadalanan sahələrdə
fəaliyyət göstərən vergi ödəyiciləri
2020-ci il üzrə əmlak və torpaq
vergilərindən tam azad olunur, əldə etdikləri mənfəətin
və ya gəlirin 75 faizi miqdarında vergi güzəştləri
qazanırlar. Pandemiyadan zərər çəkən
sahələrdə çalışan vergi ödəyiciləri
fiziki şəxslərdən daşınmaz əmlak icarəyə
götürdükləri halda, daşınmaz əmlaka görə
ödənilən icarə haqqının dərəcəsi 14-dən
7 faizə endirilir. Qeyd olunan güzəştlər 1 il müddətində tətbiq ediləcək.
Bundan əlavə, fərqlənmə
nişanı almaqla sabit şəkildə vergi öhdəliyi
yerinə yetirən daşıma fəaliyyəti ilə məşğul
olan vergi ödəyicilərinə münasibətdə
verginin bazasını təşkil edən məbləğ 50
faiz həcmində azaldılır. Pandemiyadan
zərər çəkməyindən asılı olmayaraq,
ölkə üzrə fəaliyyət göstərən və
2 faiz dərəcə ilə sadələşdirilmiş
verginin ödəyiciləri olan mikro sahibkarlar
üçün vergi dərəcəsi 1 faizə endirilir.
Zərər çəkən sahələrdə
çalışan vergi ödəyiciləri və mikro
sahibkarlıq subyekti olmayan şəxslərin gəlir və mənfəət
vergisi üzrə hesablanmış vergilərin ödəmə
müddətləri 1 sentyabr 2020-ci il tarixə
kimi uzadılmışdır. Həmin müddətdə
bu vergi ödəyicilərinə faizlər hesablanmayacaq.
Eyni zamanda mikro sahibkarlıq subyektlərinin 2020-ci ilin 1-ci və
2-ci rübləri üzrə vergi orqanına verməli
olduqları sadələşdirilmiş vergi, eləcə də
gəlir və əmlak vergisinin bəyannamələrinin verilmə
müddəti 2020-ci il sentyabrın 1-nə
kimi uzadılmır və həmin hesablanmış vergilərin
də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il
müəyyən edilmışdır.
Ə.Quliyev Vergi Məcəlləsi
ilə yanaşı, "Sosial sığorta haqqında” qanuna
da dəyişiklikləri şərh etmişdir. Bildirmişdir
ki, qanunvericiliyə edilmiş dəyişikliklərlə bəzi
fərdi sahibkarların və müxtəlif sahələrdə
fəaliyyət göstərən şəxslərin sosial
sığorta öhdəlikləri və sosial sığorta
yükü optimallaşdırılaraq
azaldılmışdır. Ölkədə
minimum əməkhaqqının məbləği
artırılaraq 250 manat müəyyən edilmiş, sosial
sığorta haqları fərdi sahibkarlar tərəfindən
minimum əməkhaqqının faiz nisbətində hesablandığından
və minimum əməkhaqqı da müxtəlif vaxtlarda
artdığından sosial sığorta üzrə fərdi
sahibkarların sığorta yükü artmış olurdu.
Bu məqsədlə sosial sığorta üzrə
qanunvericiliyə dəyişiklik edilmiş və 2020-ci ilin
aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək
tikinti və ticarət sektorunda fəaliyyət göstərən
şəxslərə münasibətdə sosial
sığorta haqqı minimum əməkhaqqının 50
faizindən 25, digər sahələrdə isə 25 faizdən
15 faizə endirilmişdir. Eyni zamanda faiz dərəcələri
Bakı şəhəri və regionlar üzrə differensiallaşdırılmışdır.
Bunlarla yanaşı, fərdi peşə fəaliyyəti
ilə məşğul olan, yəni öz vergi öhdəliklərini
sabit qəbz almaqla yerinə yetirən şəxslərə
münasibətdə sosial sığorta öhdəliklərinin
də sabit qəbz almaqla yerinə yetirmələri ilə
bağlı qanunvericilikdə dəyişiklik edilmişdir.
Bununla da həmin şəxslərin sosial
sığorta üzrə öhdəlikləri
azaldılmışdır. Nəticə
etibarilə sabit qəbz əsasında fəaliyyət göstərən
vergi ödəyiciləri artıq vahid qəbz almaqla həm
vergi öhdəliklərini, həm də sosial sığorta
öhdəliklərini yerinə yetirmiş olurlar. Bununla da göstərilən fəaliyyət üzrə
vergi orqanlarına vergi hesabatı və sosial sığorta
hesabatı təqdim etmirlər.
Göründüyü kimi,
özəl sektora pandemiya dövründə tətbiq olunan
güzəştlər paketi genişdir və kifayət qədər
ciddi dəstəkdir. Əgər dövlət özəl sektora pandemiya
dövründə bu qədər qayğı ilə
yanaşırsa, onu imtiyazlar paketi ilə qoruyursa, bir sıra məmurların
sahibkarları sıxışdırması, onlardan
rüşvət tələb etməsi, pay umması, gəlirlərinə
şərik çıxması mahiyyət etibarilə dövlətin
iqtisadi siyasətinə vurulan ən ağır zərbədir.
Dövlət başçısı belə məmurların
bağışlanılmayacağını videoqəbulda birmənalı
şəkildə səsləndirmişdir.
Prezident İlham Əliyev
pandemiya dövründə iqtisadi fəallığın
çox aşağı düşdüyünü və nə
vaxt bərpa ediləcəyinin bilinmədiyini nəzərə
alaraq perspektivlərə praqmatik yanaşmağın vacibliyini
vurğulamış və bildirmişdir ki, hamı vicdanla
çalışmalı, dövlətin mənafeyini öz
maraqlarından üstün tutmalıdır.
Dövlət başçısı
indiki məqamda əsas ümidin həm də yerli investorlara
olduğunu diqqətə çatdırmışdır:
"Bu gün Azərbaycan sahibkarları ölkəmizdə
mövcud olan və gündən-günə möhkəmlənən
sabitlikdən, əmin-amanlıqdan istifadə edərək,
dövlətin onlara verdiyi dəstəkdən faydalanaraq, onlar
üçün yaradılmış şəraitdən bəhrələnərək,
iqtisadiyyatımızın liberallaşmasından xeyir görərək
xarici ölkələrə böyük həcmdə sərmayə
qoyurlar. Bu, təbiidir, dünya iqtisadiyyatı
belə idarə olunur və bunu biz qadağan edə bilmərik.
Ancaq xarici ölkələrə on milyonlarla
dollar həcmində investisiya qoyan Azərbaycan sahibkarı, ilk
növbədə, öz Vətənini düşünməlidir,
öz insanlarımızı düşünməlidir. Onu düşünməlidir ki, bu gün pandemiya
dövründə, neftin qiymətinin kəskin düşməsi
şəraitində işsizlik arta bilər. Əlbəttə ki, bu sahibkarların mənəvi
öhdəliyi olmalıdır. Ona görə
mən Azərbaycan sahibkarlarına üz tutub deyirəm ki,
indiki şəraitdə sizin vəsaitiniz ölkə
iqtisadiyyatının xeyrinə işləməlidir”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-
2020.- 2 sentyabr.- S.1; 3.