İordaniya mediasında Azərbaycan
iqtisadiyyatı ilə
bağlı məlumat
dərc edilib
Avqustun 30-31-də İordaniya
Haşimilər Krallığının
"Petra” Dövlət İnformasiya
Agentliyində, eləcə
də geniş oxuyucu auditoriyasına malik "əd-Dustur”,
"əl-Ğad” hökumət
qəzetlərində və
"www.orobanews.com”, "www.nayrouz.com”, "www.hala.jo”,
"www.alanbatnews.net”, "www.assabeel.net”, "www.johinanews.com” xəbər portallarında
səfirliyin "Azərbaycan
və İqtisadiyyat...
Avrasiya regionunda strateji logistik ticarət mərkəzi - Ələt
Azad İqtisadi Zonası”
başlıqlı məlumatı
dərc edilib.
Azərbaycanın İordaniya
Haşimilər Krallığındakı
səfirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatda ölkəmizin
2009-2019-cu illərdə biznes
islahatçıları arasında
lider ölkə kimi seçildiyi, milli iqtisadiyyatımızın
2005-ci ildən bəri
davamlı yüksələn
xətt üzrə inkişaf etdiyi xüsusi qeyd edilir, Ümumdünya İqtisadi Forumunun
"2019 Qlobal Rəqabətlilik
Hesabatı”na və
"Doing Business” jurnalının hesabatına nəzər salınır.
Sosial və siyasi sabitliyin hökm sürdüyü Azərbaycanın Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi tanındığı,
həyata keçirilməkdə
olan güclü iqtisadi islahatlar çərçivəsində yaradılan müasir infrastrukturun iqtisadi fəallığın artmasına
xidmət etdiyi, dayanıqlı iqtisadi inkişaf üçün
əlverişli şəraitin
yaradıldığı məlumatda
öz əksini tapır. Həmçinin Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin uzaqgörənliyi
nəticəsində enerji,
nəqliyyat və logistika infrastrukturu sahəsində dünya səviyyəli işgüzar
mühitin formalaşdırıldığı
və qeyri-neft sektorunun milli iqtisadiyyatdakı payının
artırılması üçün
zəmin yaradıldığı
əks edilir.
Ardınca məlumatda
2020-ci il mayın 22-də
dövlətimizin başçısının
Ələt Azad İqtisadi
Zonanın (AFEZ) yaradılması
və fəaliyyətinin
təşkili haqqında
Fərman imzaladığı
barədə məlumat
verilərək, bu mühüm addımın
Azərbaycanın gələcəkdə
ticarət və investisiya məkanına çevrilməsi mərhələsinin
təməlini qoyduğu,
xarici investorlar üçün lazımi
şəraitin yaradıldığı
qabardılır, strateji
mövqeyi baxımından,
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yanında AFEZ-in yaradılması ilə ölkəmizin investisiya mərkəzinə çevriləcəyinə,
həmçinin Avropa-Qafqaz-Asiya
və "Şimal-Cənub”
nəqliyyat dəhlizlərində
rəqabətədavamlılığın
artacağına diqqət
yetirilir.
Sonra AFEZ haqqında
ətraflı bilgilər
təqdim edildiyi zaman orada növbəti
3 il ərzində
bütün zəruri
infrastrukturun tam olaraq qurulacağı barədə
oxucu kütləsi məlumatlandırılır.
Məlumatda, eyni zamanda, neft-qaz
sektorunda xarici investorlara dövlətimiz
tərəfindən verilən
vədlərin bütünlüklə
yerinə yetirildiyi və bu sahədə
güclü hüquqi
bazanın mövcud olduğu vurğulanaraq, belə yanaşmanın qeyri-neft sektorunda da tətbiq edildiyi qabardılır.
Daha sonra iqtisadi və turizm sahəsində Azərbaycan
və İordaniya arasında əməkdaşlıq
əlaqələri üzərində
ətraflı dayanılır. Qeyd edilir
ki, ölkəmiz İordaniya ilə iqtisadi əlaqələri
inkişaf etdirmək niyyətindədir. 2019-cu ilin dekabrında Kral II Abdullahın Bakıya rəsmi səfəri çərçivəsində
hər iki ölkə liderləri tərəfindən iqtisadi
əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsi
və genişləndirilməsinin
önəmi vurğulanıb.
Məlumatda ölkələrimiz arasında yüksək səviyyəli siyasi və dostluq əlaqələrinin mövcudluğunun,
eləcə də qarşılıqlı səfərlərin
iqtisadi əməkdaşlığın
inkişafına töhfə
verəcəyinə əminlik
ifadə edilir. Həmçinin 2020-ci ilin payız
aylarında keçirilməsi
nəzərdə tutulan
"Azərbaycan Respublikası
Hökuməti və İordaniya Haşimilər
Krallığı Hökuməti
arasında Ticarət,
İqtisadi və Texniki əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiya”nın növbəti
4-cü iclasının iqtisadi-ticari
əhəmiyyətinə toxunulur.
Yekunda "Jordan Exports” şirkətinin təşəbbüsü
ilə cari il avqustun 17-də səfir Rasim Rzayevin bu şirkətin
sədri, İordaniya Senatının üzvü,
Əmman Ticarət Palatasının idarə heyətinin sabiq sədri İsa Muradla görüşündən
söhbət açılır,
tərəflərin ikitərəfli
iqtisadi əməkdaşlığın
inkişaf perspektivləri
ətrafında müzakirələr
apardıqları oxucuların
nəzərinə çatdırılır.
Azərbaycan.- 2020.-2 sentyabr.- S.4.