Azərbaycanın COVID-19-la mübarizədə uğurlu fəaliyyəti

 

Dövlət-vətəndaş həmrəyliyi bu istiqamətdə əldə olunan müsbət nəticələrin başlıca səbəbidir

 

Yer üzündə yeni növ koronavirus sürətlə yoluxma və aldığı canların sayını artırmaqda davam edir. Təəssüf ki, hazırkı zamana qədər pandemiyaya qarşı görülən tədbirlər COVID-19-un yox olmasını təmin edə bilməyib və vaksin tapılana qədər də koronavirusu ram etməyin mümkün olmayacağı reallıqdır.

Azərbaycanda da qlobal böhranla hərtərəfli mübarizə aparılır. Ölkəmiz pandemiyanın yayılmağa başladığı ilk günlərdən qlobal bəlaya qarşı mübarizəyə start verib. Virusun kütləvi yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımi tədbirlər vaxtında və operativ şəkildə həyata keçirilir. Qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi isə pandemiyanın mümkün fəsadlarını minimuma endirib.

Koronavirusun yayılmağa başladığı qısa zamanda 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinikakoronavirus xəstələrinin ixtiyarına verilib, paytaxtregionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradılıb.

Azərbaycan dövlətinin koronavirus pandemiyası ilə mübarizə çərçivəsində atdığı addımlar sırasında modul tipli xəstəxanaların yaradılması da olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önləyici kompleks tədbirlər çərçivəsində bölgələri də əhatə etməklə ölkə ərazisində 10 modul tipli xəstəxana quraşdırılıb.

Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformat şəklində keçirilən açılışında Prezident İlham Əliyev yaradılan tibb müəssisələrinin əhəmiyyətindən söz açıb, bildirdi ki, məhz regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb:

"Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilibbu günbu proses davam etdirilir. COVID ilə mübarizədə səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.

Mütəxəssislərin də bildirdiyi kimi, koronavirusun yayılma coğrafiyasını azaltmaqda xəstəliyin erkən aşkarlanması xüsusilə əhəmiyyətlidir. Bu sahədə də ölkəmiz əsaslı işlər görür. Virusun diaqnostikası üçün dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Qeyd edək ki, hazırda xəstəliyin müəyyənləşdirilməsi üçün ümumilikdə aparılan test sayı 900 mindən çoxdur.

 

Azərbaycan pandemiya ilə ümumi mübarizəyə böyük töhfələr verir

 

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan pandemiya ilə həm ölkə daxilində, həm də qlobal səviyyədə mübarizə aparır. Virusun üzə çıxdığı ilk dövrdən etibarən dövlətimizin bu istiqamətdəki uğurlu fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də dəfələrlə nümunə göstərilib, təqdir olunub. Sözügedən videoformatdakı açılışda ölkə rəhbəri məlumat verdi ki, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu günbu təmaslar davam edir: "Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu günbu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik. Onu da bildirməliyəm ki, Azərbaycan məsuliyyətli və beynəlxalq müstəvidə böyük nüfuz qazanmış ölkə kimi, digər ölkələrə də humanitar yardım göstərib. Artıq Azərbaycan 30-dan çox ölkəyə humanitar yardım göstərib və bu, bizim ümumi mübarizəyə verdiyimiz böyük töhfədir”.

 

Bütün risklərin qarşısının alınması üçün tədbirlər görülür

 

Respublikamızda görülən kompleks tədbirlər sayəsində koronavirusa yoluxma sayında müsbət tendensiyaya nail olunması yumşaldılma addımlarına da rəvac verib. Hazırda ölkənin əksər şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilmiş, bir çox məhdudiyyətlər aradan qaldırılmışdır.

Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli şəkildə məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir.

Bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məhdudlaşdırma və ya yumşaldılma ilə bağlı qərarlarından öncə ölkədə və ayrı-ayrı regionlarda vəziyyət ətraflı öyrənilir, təhlil olunur, bütün risklər müəyyənləşdirilir və onların qarşısının alınması üçün profilaktik tədbirlər həyata keçirilir.

 

Müsbət dinamika davam edərsə, yumşalma tədbirləri də davam edəcək

 

Modul tipli növbəti hospitalın açılışındakı çıxışında Prezident İlham Əliyev vurğuladı ki, peyvənd ölkəmizə gətirilənə qədər mövcud vəziyyətə uyğun addımlar atılmalıdır: "...İlk günlərdən biz bunu etmişik. Bu altı ay ərzində məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi, eyni zamanda, yumşalma addımları atılmışdır və təqribən iyul ayının ortalarından başlayaraq müsbət dinamika artıq özünü büruzə verdi. Belə olan halda, əlbəttə ki, biz yumşalma addımlarımıza da başladıq və təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatmışdır. Əgər müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, onda əminəm ki, bundan sonra da yumşalma tədbirləri görüləcəkdir. Çünki hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur və əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün həm gündəlik monitorinq aparılır və aparılacaqdır, eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və biz burada, əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.

 

Hazırda başlıca vəzifə koronavirusun yayılmasına imkan verməməkdir

 

Onu da bildirək ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınmışdır. Gediş-gəlişlə bağlı məhdudiyyətin qüvvədə qalması yoluxma təhlükəsinin daha yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan ölkənin digər şəhər və rayonlarına infeksiyanın ötürülməsini maksimal şəkildə məhdudlaşdırmaq məqsədi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində və təlimatlarında da yoluxma riski daha yüksək olan regionlarla digər bölgələr arasında gediş-gəliş məhdudiyyətlərinin tətbiqi məqsədəuyğun hesab edilir. Vətəndaşlarımız da başa düşür ki, hazırda gediş-gəlişlə bağlı məhdudiyyətin aradan qaldırılması ölkədə yoluxma hallarının artmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər ki, bu da öz növbəsində sərtləşdirmə ilə bağlı yeni tədbirlərin həyata keçirilməsini zərurətə çevirəcəkdir.

Bəzi vətəndaşlar tərəfindən gediş-gəlişlə bağlı məhdudiyyətlərin qüvvədə saxlanmasına qarşı dözümsüzlük mövcud təhlükəni aydın təsəvvür edə bilməmək, insanlarımızın, cəmiyyətimizin, özünün və ailəsinin sağlamlığı və təhlükəsizliyinə laqeyd münasibətin təzahürüdür. Bu isə yolverilməz haldır. Nəzərə alınmalıdır ki, payız-qış mövsümü həmçinin digər xəstəliklərin fəallaşdığı dövrdür. COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizimi üçün ciddi təhlükədir. Buna görə də hazırkı dövrdə ən başlıca vəzifə koronavirusun yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir.

Tədris müəssisələrinin fəaliyyətə başladığı hazırkı dövrdə qarşımızda duran əsas vəzifələrdən biri də həm də övladlarımızı bu təhlükədən qorumaq, onların təhsil prosesinə normal şəraitdə qovuşmasını təmin etməkdir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.-2 sentyabr.- S.1; 5.