Prezident İlham Əliyev: “Bizim gələcəkdə əməkdaşlığımızı
necə planlaşdırmaq barədə düşünməyə
ehtiyacımız var”
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də
Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Nikolaos
Piperiqkosun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir Nikolaos Piperiqkos: Zati-aliləri, fürsətdən istifadə edərək şəxsən Prezidentimin ən xoş arzularını və qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığımızı genişləndirməklə bağlı Yunanıstanın güclü istəklərini Sizə çatdırıram.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, cənab səfir. Xahiş edirəm mənim də salamlarımı ölkənizin Prezidentinə çatdırın. Bildiyimə görə, siz artıq iki həftədən çoxdur ki, ölkəmizdəsiniz. Lakin Azərbaycan dilini artıq müəyyən qədər öyrənmisiniz. Ona görə də bizim dilimizdə müraciətinizə görə minnətdaram. Ümidvaram ki, şəhərimizlə tanış olmaq üçün vaxtınız olub. Ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində ölkəmizi səyahət etmək imkanınız olacaq. Azərbaycanla Yunanıstanın iqlimi çox oxşardır. Düşünürəm ki, iqlimlə bağlı vəziyyət sizə tanış gələcək. Beləliklə, siz özünüzü Azərbaycanda rahat hiss edəcəksiniz. Mən, həmçinin ümid edirəm ki, Azərbaycandakı fəaliyyətiniz ərzində biz əməkdaşlıq sahələri aşkar edəcəyik ki, bu da bizə diqqəti praktiki məsələlər üzərində cəmləşdirməyə imkan verəcək. Açığını desək, düşünürəm ki, son bir neçə il aramızda çox aşağı səviyyədə əməkdaşlıq illəri olub. Əvvəlki vaxtlarda bizim daha fəal təmaslarımız olub. Bildiyiniz kimi, mən sizin ölkənizə rəsmi səfər etmişəm, Yunanıstanın iki prezidenti Azərbaycanda rəsmi səfərdə olub, Baş Nazir səfərdə olub. Lakin Yunanıstanın əvvəlki hökuməti hakimiyyətə gələndən sonra bu təmaslar dayanıb və bu, Yunanıstan hökumətinin təşəbbüsü olub. Beləliklə, hazırda bizim faktiki olaraq aktiv təmaslarımız, nümayəndə heyətlərinin mübadiləsi yoxdur. Bizim gələcəkdə əməkdaşlığımızı necə planlaşdırmaq barədə düşünməyə ehtiyacımız var.
Cənab səfir, mən
sizinlə açıq danışacağam. Sözsüz ki,
diplomatların özlərinə məxsus ünsiyyət
üslubu olur. Mən diplomatlar hazırlayan institutda təhsil
almışam.
Ona görə də mən diplomatik dilin nə
olduğunu bilirəm. Lakin zənnimcə,
yaxşı olar ki, harada olduğumuz, nə istədiyimiz və
necə irəli getməyimizlə bağlı aydın
anlayışa sahib olmaq üçün bir-birimizin mövqelərimizi
bilək.
Düşünürəm
ki, əməkdaşlığımıza mənfi təsir
göstərən bir neçə məsələ olub. Onlardan biri
Yunanıstanın qaz şirkəti "DESFA” ilə əlaqədardır.
Deyə bilərəm ki, bizim enerji şirkətimiz
SOCAR Yunanıstan hökumətinin müraciəti əsasında
"DESFA”nı almaq üçün tenderə qoşuldu.
SOCAR-ın tender prosedurunda iştirak etməsini
Yunanıstanın sabiq Baş Naziri cənab Samaras şəxsən
məndən xahiş etdi. Açıq
tender proseduru nəticəsində SOCAR ən yaxşı təklifi
etdi və "DESFA”ya sahib olmaq hüququnu qazandı. Bu, bizim Cənub Qaz Dəhlizinin tikintisi ilə
bağlı planlarımız baxımından da mühüm əhəmiyyət
kəsb edirdi. Bu, təxminən 6 il
bundan əvvəl olub. Həmin vaxt əlbəttə ki, biz Azərbaycanla
Avropa arasında bağlantı inşa etməyi, sadəcə
olaraq, planlaşdırırdıq və
düşündük ki, əgər Azərbaycan
Yunanıstanı qazla təchiz edəcəksə, bu qazı
paylaşdıran şirkətə sahib olmaq da yaxşı
olar. İstənilən halda biz qiymətin 10 faizini təşkil
edən 40 milyon avro məbləğində avans ödənişi
etdik və 4 il ərzində - 2014-cü
ildən 2018-ci ilədək həmin vəsait Yunanıstan
hökumətinin ixtiyarında olub. Lakin əfsuslar
olsun ki, Yunanıstanın əvvəlki hökuməti
SOCAR-ın bu hüququ itirməsi üçün hər
şeyi etdi. Mən təkrar etmək istərdim
ki, bu legitim hüququ biz ilkin olaraq Yunanıstanın Baş
Nazirinin təklifi əsasında, açıq və rəqabətli
tender proseduru zamanı əldə etdik. Lakin
siyasi səbəblərdən, Yunanıstanın əvvəlki
hökumətinin Azərbaycana olan mənfi münasibəti səbəbindən
bu legitim hüquqdan məhrum olduq. Sözsüz
ki, bu, bizim artıq aşağı səviyyədə olan əlaqələrimizə
ciddi təsir etdi. Lakin ondan sonra,
açığını desək, biz qərara gəldik ki, əgər
Yunanıstan hökuməti bizə belə münasibət
göstərirsə, biz də necə cavab verəcəyimiz
barədə düşünməliyik. Bizim
cavabımız faktiki olaraq heç nə etməmək idi.
Biz heç bir demarş etmədik. Biz heç
bir diplomatik addım atmadıq. Biz, sadəcə
olaraq, dedik yaxşı, əgər onlar bizi istəmirlərsə,
əgər başqa şirkətlərin "DESFA”nın səhmdarları
olmasına üstünlük verirlərsə, bu, onların
hüququdur, biz bununla bağlı heç nə edə bilmərik.
Lakin sizə deyə bilərəm ki, mən bu məsələni
bir neçə dəfə Brüsseldə Avropa
İttifaqının iki sabiq lideri ilə - cənab Barrozu və
cənab Tuskla qaldırdım. Mən bu məsələni
qaldırdım, çünki bu, 4 il davam
etdi. Mən dedim ki, baxın, biz etimaddan
danışırıq, biz Avropa İttifaqı ilə Azərbaycan
arasında Avropa İttifaqının fəal şəkildə
təbliğ etdiyi yeni saziş barədə
danışırıq. Biz etimadı necə
gücləndirə bilərik, əgər bizim şirkətimiz
tenderdə qalib gələrək Avropa İttifaqına üzv
ölkənin, Yunanıstanın şirkətini satın
alır, sonra Yunanıstan hökuməti addımlar atır.
Bu addım sizin parlamentdə yeni qanunun qəbulu
sayəsində atıldı. Bu da həmin məsələni
mümkünsüz etdi və sonra Avropa Komissiyası da 4 il ərzində bu sövdələşməni
təsdiq etmədi. Mən dedim, bizə "yox” deyin, bizə
"sizi istəmirik” deyin. Lakin bizi 4 il
müddətində bu vəziyyətdə saxlamaq tərəfdaşlıq
əlaməti deyil.
Beləliklə, bu, çox
məyusedici məsələ idi və əlbəttə ki,
düşünürəm, bizim əlaqələrimizə
ciddi təsir etdi. Lakin yenə də deyirəm, bu, Azərbaycanın
təşəbbüsü deyildi. Azərbaycan
hər zaman əlaqələrin inkişafını dəstəkləyib.
Yeri gəlmişkən, siz sözsüz ki, bilirsiniz,
TAP Azərbaycan qazının nəqli üçün yeganə
variant deyildi. Azərbaycan qazının
Türkiyə ərazisinə çatandan sonra nəql
olunması üçün bir neçə variant var idi.
Fərqli istiqamətdə ola bilərdi. Lakin TAP-ın seçilməsi həm də
investorlar, xarici neft şirkətləri və Azərbaycan tərəfindən
verilmiş qərar idi. Başqa sözlə,
biz öz tərəfimizdən Yunanıstana müsbət jest
etdik. Lakin əvvəlki hökumət
hakimiyyətə gələndən sonra, mən bunu xüsusilə
vurğulamaq istəyirəm, çünki keçmiş
Siriza hökuməti hakimiyyətə gəlməmişdən
əvvəl bizim əvvəlki Yunanıstan hökumətləri
ilə çox yaxşı münasibətlərimiz olub.
Mənim sizinlə
qaldırmaq istədiyim, sizin bunu digər mənbələrdən
deyil, məndən eşitməyinizi istədiyim ikinci məsələ
Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla
bağlı narahatlığımızdır. Bildiyiniz kimi,
Ermənistan bizim ərazilərimizi işğal etmiş
ölkədir. Xocalıda soyqırımı aktı
törədib, bir milyon azərbaycanlını evlərindən
didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi
dağıdıb, işğal edilmiş ərazilərdə
etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq
hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və
başqa təşkilatların qətnamələrinə əməl
etmir. Yeri gəlmişkən, iki il əvvəl
Avropa İttifaqı və Azərbaycan "Tərəfdaşlıq
prioritetləri” adlı sənədi paraflayıblar. Orada Avropa İttifaqı Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığını dəstəkləyir.
Başqa sözlə, Ermənistan
aqressiv davranır. Dövlət sərhədində son gərginliklər
Ermənistanın təxribatıdır, terror aktı törətmək
üçün sonuncu cəhd zamanı təmas xəttini
keçmək istəyərkən erməni zabiti
saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə
və mülki şəxslərə hücum etmək məqsədi
güdüb. Bir sözlə, Ermənistan
Azərbaycanın düşmənidir və bu, onların qərarı
olub. Sözsüz ki, Ermənistanın istənilən
ölkə ilə sıx hərbi əməkdaşlığı
narahatlıq doğurur. Siz yəqin ki, sərhəddə
Ermənistanın təxribatından dərhal sonra Rusiyadan Ermənistana
intensiv silah təchizatına bizim reaksiyamızdan xəbərdarsınız.
Aktiv toqquşmalar iyulun 16-da
dayandırıldı və iyulun 17-dən başlayaraq dünənə
qədər, - dünən sonuncu uçuş idi, - Rusiyadan
Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı
vasitəsilə çoxsaylı yük reysləri həyata
keçirilib. Bunu, sadəcə, sizə
demirəm. Biz bu məsələni rusiyalı
tərəfdaşlarımızla da qaldırmışıq
ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən
məsələdir. Çünki bu, Azərbaycan
üçün mühüm təhdid törədir,
çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi,
mülki şəxsləri öldürürlər.
Əməkdaşlığın
bu üçtərəfli formatı bizi narahat edir. Əlbəttə
ki, hər bir ölkə nəyi doğru
düşünürsə, onu da edir. Buna
görə biz bunu bloklamaq və ya istənilən şəkildə
qarşısını almaq mövqeyində deyilik. Lakin hesab edirəm ki, bunun bizi narahat edən məsələ
olduğunu məndən eşitməyiniz yaxşıdır və
bunun niyə görə baş verdiyini mən izah etdim. Ermənistanın torpaqlarını işğal edən
Azərbaycan deyil, Ermənistan Azərbaycanın ərazisini
işğal edib. Bu da bütün beynəlxalq
təşkilatların sənədlərində öz əksini
tapıb.
Toxunmaq istədiyim sonuncu məsələ
Türkiyə və Yunanıstan arasında Şərqi
Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm
və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və
tərəfdaşımız yox, bizim üçün
qardaş ölkədir. Biz heç bir tərəddüd
etmədən Türkiyəni dəstəkləyirik və
bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk
qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə
dəstəkləyirlər və biz onları bütün məsələlərdə
dəstəkləyirik, o cümlədən Şərqi
Aralıq dənizində kəşfiyyat məsələsi ilə
bağlı. Mən istəyirəm ki, siz
bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim
göstərişimlə artıq Azərbaycan hökuməti
tərəfindən rəsmi açıqlanmışdır.
Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim
üçün təkcə dost yox, qardaş ölkədir və
türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə
biz onların yanında olacağıq.
Toxunulası bir müsbət
məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki,
tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki,
Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş
yeni hökuməti əvvəlki hökumətin Azərbaycana
qarşı siyasətini yenidən nəzərdən
keçirəcək və biz təmasları bərpa edə,
müsbət dinamika yaradan məsələləri müzakirə
edə bilərik. Lakin əlbəttə
ki, bu, Yunanıstan hökumətinin siyasəti və
mövqeyindən asılı olacaq. Bununla
çıxışımı bitirirəm və sizə nəyin
doğru olduğunu düşündüyünüzü
söyləməyə imkan verirəm.
Səfir Nikolaos Piperiqkos: Zati-aliləri,
Yunanıstan-Azərbaycan münasibətlərinin vəziyyəti
ilə bağlı qeydləriniz üçün Sizə təşəkkürümü
bildirirəm. Sizin dediklərinizi çox diqqətlə
dinlədim və dediklərinizi hökumətimizə
çatdıracağam. Lakin ötən il
hökumət dəyişdi. Hökumətimizin
bütün sektorlarla bağlı məşğul olası
çoxlu məsələləri var. Bu hökumətin əhəmiyyətli
dərəcədə əhatəsi var. Hesab edirəm ki,
Yunanıstanla Azərbaycanı birləşdirən daha
çox şeylər var. Məsələn, beynəlxalq
hüquqa hörmət. Çünki
yaxşı məlumdur, Yunanıstan beynəlxalq hüququ uzun
müddətdir ki, qətiyyətlə dəstəkləyir.
Əlbəttə ki, bir neçə
il bundan əvvəl əməkdaşlığımız
yaxşı inkişaf etmişdir. Lakin yeni
hökumət sizinlə əlaqə yaratmaq üçün
daha yaxşı yolları tapmaq məqsədilə zəruri
olanı edəcəkdir. Həmçinin
qeyd etmək istəyirəm ki, bizim fikrimizcə, sizin ölkəniz
və bizim ölkəmiz üçtərəfli və ikitərəfli
əməkdaşlıq aparan çox maraqlı ölkələrdir.
Sizdə bu təcrübə zəngindir, sizdə hətta
üçtərəfli diplomatiyanın nümunəsi var.
Bizim də bir çox önəmli ölkələrlə,
xüsusilə Şərqi Aralıq dənizi regionunda
çox uğurlu üçtərəfli diplomatiyamız var.
Biz həmişə beynəlxalq hüquqa tamamilə riayət
edərək Azərbaycanla münasibətlərimizə zərər
vurmamağa diqqət yetiririk və tərəfinizdən bunun
Sizin üçün mümkün olduğu qədər
qarşılığını görmək istərdik. Lakin
düşünürəm ki, yeni hökumətimizə Sizin
hökumətinizlə münasibətlərimizi
yaxşılaşdırmağa imkan tapmaq üçün
vaxt verildiyini nəzərə alaraq əməkdaşlığımızın
gələcəyi daha yaxşı ola bilər.
Hazırda bu qədər söyləyə bilərəm.
Prezident İlham
Əliyev: Təşəkkür
edirəm.
Azərbaycan.- 2020.- 3 sentyabr.- S.1-2.