Hamı qanun qarşısında bərabərdir
Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası qeydə alındığı ilk gündən etibarən xəstəliyin qarşısının alınması istiqamətində dünya ölkələri ilə bərabər, Azərbaycanda da aylardır ciddi addımlar atılır. Qlobal pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü.
Ölkənin bütün resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildi. Artıq yarım ilə yaxındır ki, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi və ciddi nəzarəti altında əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə koronavirus pandemiyası ilə mübarizə qətiyyətlə davam etdirilir, bu məsələyə kifayət qədər yüksək həssaslıqla yanaşılır.
Görülən qabaqlayıcı tədbirlər və tətbiq olunan məhdudiyyətlər öz müsbət nəticəsini verdi. Vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz bu qorxulu, müdhiş və son dərəcə çətin vəziyyətdən az itkilərlə çıxdı və koronavirusa qarşı mübarizədə yüksək nəticələr əldə etdi. Bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərildi. Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır. Qısa müddətdə modul tipli yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, onların ən müasir tibbi avadanlıqlarla və xüsusi hazırlıq keçmiş ixtisaslı tibbi personalla təmin olunması buna canlı nümunədir.
Ölkə rəhbərinin bu məsələyə vaxtında çevik reaksiya göstərərək təxirəsalınmaz tədbirlər görməsi ilə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq yumşaldıcı tədbirlərin tətbiqi barədə qərar qəbul etdi.
Bununla yanaşı, təhlükə hələ sovuşmayıb. Kimliyindən, tutduğu vəzifəsindən və sosial mövqeyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərdir. Bu baxımdan yüksək rütbəli məmurlar, vəzifə sahibləri qanunvericiliyin tələblərinə və karantin qaydalarına xüsusilə ciddi əməl etməlidirlər. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onun tələblərinə hörmətsiz yanaşa bilməz. Əgər onlar qəbul edilmiş qanunları pozarlarsa, hüquq mühafizə orqanları tərəfindən mütləq ölçü götürüləcəkdir.
Koronavirusla mübarizə ümummilli məsələdir, heç kim tutduğu vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər yetirə bilməz. Yüksək və məsul vəzifə daşıyan şəxslər baş verən qanunsuzluqlara görə mənəvi məsuliyyət daşıyırlar.
Qanunlara ciddi əməl etmək hər bir şəxsin mənəvi borcu və vətəndaşlıq vəzifəsidir. Hər kəs başa düşməlidir ki, bu cür əməllərə yol verənlər mütləq şəkildə məsuliyyətə cəlb ediləcək və qanun çərçivəsində barələrində cəza tədbirləri görüləcəkdir. Avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən bu barədə demişdir: "Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir”.
Prezident bildirmişdir ki, Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir: "Mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq”.
İnam var kı, möhtərəm Prezident İlham Əliyevin tövsiyələrini əldə rəhbər tutan ölkəmizin vətəndaşlarının məsuliyyəti imkan verəcəkdir ki, ölkəmiz bu ağır vəziyyətdən az itkilərlə çıxsın və daha tez bir zamanda normal, adi həyata qayıtsın.
Səbinə XASAYEVA,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2020.-3 sentyabr.- S.3.