Prezidentə yüksək inam və etibar
Bu, əmin-amanlığın,
iqtisadi-siyasi və mənəvi yeniləşmənin,
qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin
başlıca təminatıdır
Sosial Tədqiqatlar Mərkəzi (STM)
vaxtaşırı olaraq dövlət və cəmiyyət həyatında
baş verən dəyişiklikləri, müşahidə edilən
tendensiyaları, yeni yanaşmaları, cəmiyyətdəki
dinamikaları öyrənir, tədqiq edir və ictimaiyyətə,
eyni zamanda, dövlət orqanlarına təqdim etmək
üçün açıq və qapalı arayışlar
hazırlayır.
STM dövri olaraq “İnam İndeksi”
nəşrinin xüsusi buraxılışında ölkə
başçısının fəaliyyətinin ictimai qiymətləndirilməsini
həyata keçirir və Prezident İlham Əliyevin fəaliyyəti,
həyata keçirdiyi genişmiqyaslı iqtisadi-sosial və
xarici siyasət kursunun milli həyatımızdakı yeri, eləcə
də qarşıya qoyulan hədəflərə dair elmi təhlillər
aparır.
AZƏRTAC xəbər verir
ki, “İnam İndeksi” nəşrinin üçüncü
buraxılışı Azərbaycan Prezidentinin ilin ikinci
rübündəki – aprel, iyun ayları ərzindəki fəaliyyətinə
həsr edilib.
İctimai rəyin tədqiqi göstərir
ki, son 5 ayda dünyada hökm sürən koronavirus
pandemiyasına qarşı mübarizədə siyasi liderlik,
dövlətin potensial resurs, güc və imkanlarını səfərbər
etmək bacarığı, ictimai inam və etimadın qorunub
saxlanması, milli birliyin təmin olunmasının
başlıca şərtinə çevrildi.
Sosial Tədqiqatlar Mərkəzi, eyni zamanda, “Pandemiya ilə mübarizədə dövlətin antiböhran siyasəti ictimai rəydə” mövzusunda ictimai rəy sorğusu əsasında böyük tədqiqat işi hazırlayıb. Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində qəbul etdiyi antiböhran strategiyası, müvafiq dövlət siyasətinin ictimai rəy əsasında qiymətləndirilməsi hökumətin qarşıdakı dövr üçün qərarlarının planlaşdırılmasında əhəmiyyətli rol oynayır.
Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərinə münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Hər iki hesabatın ictimai təqdimatı üçün təşkil edilən brifinqi giriş sözü ilə açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezidentə inam və etibar əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır.
Z.Oruc daha sonra deyib: “Dünyada koronavirus pandemiyası təkcə ölkələrin iqtisadiyyatını, sosial rifahını, daxili və xarici əlaqələrini, bir sözlə, ictimai həyatın bütün sahələrini əhatə etdiyi kimi, ilk növbədə, dövlət rəhbərlərini, siyasi liderləri çətin sınaqlar qarşısında qoydu. Ötən aylar göstərdi ki, ölkə başçıları pandemiya təhlükəsinə müxtəlif vaxtlarda və formalarda reaksiya verməklə həm tarixi siyasi şəxsiyyətlərdən, həm də müasir dövrün peşəkar idarəçilərindən kəskin şəkildə fərqləndilər. Əlbəttə, bütün bunların nəticəsi olaraq, indi müxtəlif qitələrdə saysız- hesabsız suallar irəli sürən cəmiyyətlərin xüsusi davranışlarını görürük: “Onlar soruşur ki,
• Böhran şəraitində liderlər nə dərəcədə milli birliyi təmin edə bildilər?
• Öz millətinin taleyini üzərinə götürərək daxili və beynəlxalq əməkdaşlıq şəraitində, milli sərhədlər daxilində mərkəzi hakimiyyətin, yəni, dövlətin vahidliyini nə dərəcədə qoruyub saxlamağa nail oldular?
• Xalqın sağlamlığını və təhlükəsizliyini qorumaq üçün məsuliyyəti öz çiyinlərində saxlayan rəhbərlər onu müxtəlif dövlətlərin, hökumətlərin və yerli orqanların üstünə atmaq deyil, əksinə, onların monolitliyini təmin edə bildilərmi?
• Hər bir xalqın, ayrıca fərdin davranışlarında baş qaldıran yeni sosial-psixoloji və siyasi dəyişikliklərə - əksər hallarda özünü qabarıq göstərən millətçilik və tarixi yaddaşın oyanması fonunda pandemiyadan tədricən çıxmaq kursunu seçərək iqtisadiyyatın, sosial həyatın, iş yerlərinin və məşğulluğun, bir sözlə, normallaşma tədbirlərinin hesabına ictimai əmin-amanlığı və sülhü qorumaq mümkün oldumu?”
STM rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti dünya tarixinin ən böyük sınaqlarından, bir sıra hallarda “müharibə” adlandırılan çətin imtahanından öz xalqının çıxarılması üçün bütün təhlükələri üzərinə götürməyi, qeyri-standart şəraitdə meydana gələn çağırışları və problemləri həll etməyi bacardı, böhrana qarşı yeni keyfiyyətdə dayanıqlı xarakter, möhkəm iradə göstərdi və buna görə də onun xarizması, nüfuzu xalq içərisində güclü olaraq qalır. Bu nüfuz əmin-amanlığın, iqtisadi-siyasi və mənəvi yeniləşmənin, qanunçuluğun və ən başlıcası 2019-cu ildən daha böyük miqyasda həyata keçirilən yeni hakimiyyət quruculuğu siyasətinin başlıca təminatıdır. Eyni sözləri Mehriban xanım Əliyeva haqqında da söyləmək mümkündür. Ötən on illərdə olduğu kimi, son 5 ayda da Mehriban xanım dövlət və milli həyatın bütün sahələrində Prezidentlə çiyin-çiyinə addımladı və hər zaman xalqın yanında oldu.
Sədr daha sonra deyib ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi və dinamikasının izlənilməsinə, məlum olduğu kimi, ilk olaraq Sosial Tədqiqatlar Mərkəzi tərəfindən başlanılıb: “Təqdim edilən növbəti hesabat bu silsilədən 3-cü tədqiqat işidir, 2020-ci ilin ikinci rübünü - aprel-iyun aylarını əhatə edir. Sosioloji sorğu əsasında hazırlanmış analitik hesabatda ölkə Prezidentinin bəhs edilən müddətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinə ictimai münasibətin monitorinqi, əvvəlki dövrlə müqayisəli dinamikası və təhlili öz ifadəsini tapıb.
Hesabatdan da görünür ki, qeyd olunan zaman intervalında dünyəvi sınaqdan qətiyyətlə çıxan ölkələr yeni reallığın tələb etdiyi islahatlarla daha da güclənəcək. Digər qrup ölkələr isə, əksinə, zəif rəhbərliyinə görə ağır vəziyyətə düşəcək, yoxsulluq, qeyri-sabitlik və iqtisadi durğunluqla üzləşəcəklər. Narahatlıq doğuran məqam həm də odur ki, ikinci qrup ölkələrin sayı birincilərdən daha çox olacaq.
İctimai rəy sorğusunun nəticələrinə əsaslanmaqla, uğur qazanan və sınaqdan çıxan dövlətlər arasında Azərbaycanın olmasını əminliklə söyləyə bilərik.
Bunu deməyə əsas verən dünyada pandemiyanın başladığı bir ilə yaxın müddətdə tədqiqatçı və ekspertlərin pandemiya ilə uğurlu mübarizəni müəyyən edən 3 əsas amili aşkara çıxarmasıdır:
1. Siyasi lider amili;
2. Dövlətin potensial resurs,
güc və imkanları;
3. İctimai inam və etimadın
mövcudluğu.
Pandemiya böhranından
çıxmağa və sonrakı güclü inkişafa təkan
verəcək bu “uğur amilləri”nin 3
sütununa malik olan ölkələrdə vətəndaşların
etibar etdiyi və güvəndiyi siyasi liderlər çevik
strateji idarəçiliyi bərqərar etməklə
pandemiyanın vurduğu zərbələri
neytrallaşdırmağa qabil olurlar. Qarşılıqlı
etimadın və milli birliyin olduğu cəmiyyətlərdə
bu keyfiyyətlər koronavirus fonunda tamamilə yeni dəyər
yaradır, milli gücə çevrilir”.
STM sədri yekunda bildirib ki,
pandemiya zamanı ölkələr siyasi-əxlaqi, mənəvi
seçimlərlə üz-üzə qaldı. “Vətəndaşların
sağlamlığının, yoxsa iqtisadiyyatın xilas ediləcəyini”
seçim edərkən müxtəlif dövlətlər
müxtəlif seçimlər etdilər. Azərbaycanın
dövlət başçısı bəyan etdi ki,
insanların həyatından vacib heç nə ola bilməz. Beləliklə, Azərbaycan
rəhbərliyinin vətəndaşların
sağlamlığını, rifahını və təhlükəsizliyini
strateji prioritet olaraq önə çəkməsi
yaranmış vəziyyətdə verilmiş ən
düzgün qərarlardan oldu.
Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən bütün antiböhran fəaliyyətinin
məzmunu - iqtisadi dəstək proqramları, sosial paketlərdən
tutmuş səhiyyə infrastrukturunun adaptasiya və modernləşməsinə,
yeni klinikaların inşasına qədər həyata
keçirilən tədbirlər məhz bu məqsədə -
vətəndaşın ali dəyər
kimi mərkəzdə durmasına xidmət edir.
STM İdarə Heyətinin sədr
müavini Elşad Mirbəşiroğlu
çıxışında “İnam İndeksi”nin
müxtəlif aspektlərindən bəhs edib və bildirib ki,
ölkə Prezidentinin fəaliyyətinin prioritet istiqamətlərindən
birini ordu quruculuğu təşkil edir. Silahlı
Qüvvələrə xüsusi diqqətin
ayrılmasını təbii ki, hər şeydən öncə
ölkəmizin müharibə şəraitində olması
şərtləndirir. Keçirilmiş sorğunun nəticələri
aydın göstərdi ki, əhali ordu quruculuğu istiqamətində
Prezidentin fəaliyyətini kifayət qədər yüksək
qiymətləndirir: “Belə ki, rəyi soruşulanların 70,7 faizi, yəni, mütləq çoxluğu
ölkə Prezidentinin ordu quruculuğu istiqamətindəki fəaliyyətinin
çox səmərəli olduğunu düşünür.
24,6 faiz respondent isə bu istiqamətdə
dövlət başçısının fəaliyyətini əsasən
səmərəli hesab edir. Əks mövqedən
çıxış edən vətəndaşların faiz dərəcəsi
2,5-ə bərabərdir. Ordu
quruculuğu istiqamətində səmərəli fəaliyyət
ölkə Prezidentinə olan inam və etimadın
artmasını şərtləndirən əsas amil rolunda
çıxış edir. Belə ki, Prezidentə olan
inam və etimadının artdığını bildirən
24,6 faiz respondentin 82 faizi ordu quruculuğu
istiqamətində onun fəaliyyətini çox müsbət
qiymətləndirir. Hətta inam və etimadının
azaldığını bildirən 2,6 faiz
respondentin 27,6 faizi də ordu quruculuğu istiqamətindəki
fəaliyyəti müsbət qiymətləndirir”.
Sədr müavini deyib ki,
beynəlxalq və milli səviyyədə yeni
çağırışlar, inkişaf hədəfləri
dövlət idarəçiliyi sahəsində çevikliyin
və səmərəliliyin artırılmasını zəruri
edir. Bu istiqamətdə vacib həll yolu kimi kadr
islahatları daim dövlət başçısının
diqqət mərkəzindədir. Prezidentin həyata
keçirdiyi kadr islahatları respondentlərin 53,9 faizi tərəfindən çox səmərəli,
32 faizi tərəfindən isə əsasən səmərəli
kimi qiymətləndirilir. 6,5 faiz respondent
kadr islahatlarını səmərəli hesab etmir. Prezident tərəfindən həyata keçirilən
kadr islahatları da ona olan inam və etimadın artmasında təsirli
rol oynayıb. Belə ki, Prezidentə olan inam və
etibarının artdığını bildirən 24,6 faiz respondentin 68,6 faizi kadr islahatlarını
yüksək qiymətləndirib. İnam və
etimadının azaldığını bildirən 2,6 faiz respondentin isə 8 faizi kadr
islahatlarını müsbət qiymətləndirib. Dövlət
başçısının həyata keçirdiyi kadr
islahatlarını çox səmərəli hesab edənlərin
81,2 faizi onun korrupsiya ilə mübarizə
sahəsindəki təşəbbüslərini də dəstəklədiyini
bildirir. Kadr islahatlarını mənfi qiymətləndirənlərin
də əhəmiyyətli hissəsi - 74,3
faizi korrupsiya hallarına yol verən vəzifəli şəxslərin
cinayət məsuliyyətinə cəlb edilməsinin doğru
olduğu qənaətindədir”.
“Ölkədə xüsusilə
də son dövrlərdə korrupsiyaya qarşı mübarizə
intensiv xarakter alıb. Həyata keçirilən həm kadr islahatlarının,
həm də institusional islahatların əsas hədəflərindən
biri də məhz korrupsiya hallarının
qarşısının alınmasından ibarətdir. Bu
istiqamətdə ölkə Prezidentinin fəaliyyəti 56,1 faiz respondent tərəfindən çox səmərəli,
27,2 faiz respondent tərəfindən isə əsasən səmərəli
qiymətləndirilib. Bununla yanaşı,
korrupsiyaya qarşı mübarizə sahəsində cəmiyyətdə
hələ müəyyən gözləntilərin
qaldığı müşahidə olunur. Belə ki, rəyi
soruşulanların 12,3 faizi sözügedən
istiqamətdə görülən işlərin çox da səmərəli
olduğunu düşünmür. 4,4 faiz
respondent isə fikir bildirməkdə çətinlik çəkib.
Korrupsiyaya qarşı mübarizə istiqamətində həyata
keçirilən fəaliyyətə müsbət münasibət
bildirən 56,1 faiz respondentin 36,5 faizi Nazirlər Kabinetinə,
33,4 faizi isə Milli Məclisə etibar etdiyini qeyd edib”.
E.Mirbəşiroğlu qeyd
edib ki, ölkə Prezidentinin təhlükəsizlik və
xarici siyasət sahələrində atdığı
çevik strateji addımlar daim diqqəti cəlb edir. Hazırkı
mərhələdə Azərbaycan beynəlxalq münasibətlər
sistemində kifayət qədər ciddi mövqelərə
malik olmaqla, çoxistiqamətli səmərəli əməkdaşlıq
sistemini qura bilib. Sosial Tədqiqatlar Mərkəzi
tərəfindən rəyi soruşulanların əksəriyyəti
də bu qənaəti bölüşür. Belə ki,
respondentlərin 54 faizi təhlükəsizlik və xarici siyasət
istiqamətində Prezidentin fəaliyyətini çox səmərəli,
28,9 faizi, əsasən, səmərəli
hesab edir. Əks mövqe bildirənlər isə rəyi
soruşulanların 6,5 faizini təşkil
edir. Sözügedən istiqamətdə cavab
verməkdə çətinlik çəkənlərin faiz dərəcəsində
yüksəlmə müşahidə olunub. Belə ki, 10,7 faiz respondent təhlükəsizlik və
xarici siyasət istiqamətində fəaliyyətlə
bağlı sualı cavablandırmaqda çətinlik çəkib.
Sosial Tədqiqatlar Mərkəzinin
Sosial-iqtisadi təhlil departamentinin rəhbəri Seymur
Əliyev çıxışında bildirib ki, təbii fəlakətlərdən
(indiki halda pandemiyadan) qaynaqlanan böhranlarla mübarizə
strategiyaları çərçivəsində verilmiş qərarlar
iki mərhələ üçün hesablanır. Birinci mərhələ
qısamüddətli dövr üçün nəzərdə
tutulmuş və böhranın yaratdığı
günlük təsirləri qarşılamaq kontekstində
reaktiv böhran idarəçiliyinin elementlərinə əsaslansa
da, ikinci mərhələdə orta və uzunmüddətli
dövrə fokuslanan tədbirlər böhran yaradan
faktorların təhlili əsasında səbəblərin
aradan qaldırılması və təkrarlanmaması məqsədilə
həyata keçirilən proaktiv strategiyalardan ibarətdir:
“Sözügedən tədqiqatda Azərbaycan dövlətinin
koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində
formalaşdırdığı antiböhran strategiyası,
müvafiq dövlət siyasətləri ictimai rəy əsasında
qiymətləndirilir. Bir-birini tamamlayan strateji qərar və
tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə
bağlı vətəndaş rəyinin öyrənilməsi
bu istiqamətdə hesabatlılığın təmin edilməsi
və gələcək qərarlar üçün istinad məqsədi
daşıyır: “Analitik hesabatda dövlətin yaxın
dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə
məşğulluq məsələlərinə və
sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz
sosial dəstək tədbirlərindən münasibət
göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Yuxarıda qeyd olunan məqsədlərə
çatmaq üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən
Operativ Qərargahın müxtəlif tarixlərdə qəbul
edib həyata keçirdiyi antiböhran tədbirlərinə
ictimai rəyi öyrənmək məqsədilə
aşağıdakı ümumölkə miqyaslı
sorğular keçirilib, fokus qrup müzakirələri
aparılıb və onların nəticələri tədqiqat
qrupu tərəfindən təhlil edilib.
- Birinci mərhələ (24-30 aprel
2020-ci il). Pandemiya ilə mübarizə
çərçivəsində qabaqlayıcı və sosial
rifahın gücləndirilməsi istiqamətində siyasətə
ictimai münasibətin öyrənilməsi (1212 respondentlə
keçirilmiş sosioloji sorğu);
- İkinci mərhələ (8-11 may
2020-ci il). Dövlətin sosial dəstək
tədbirlərindən yararlananların məmnuniyyətinin
ölçülməsi məqsədilə ictimai rəyin
öyrənilməsi (1212 respondentlə keçirilmiş
sosioloji sorğu);
- Üçüncü mərhələ
(22-23 may 2020-ci il). Dövlətin sosial dəstək
tədbirlərinə xüsusi qrup kimi karantin dövründə
işini itirənlərin münasibətinin öyrənilməsi
(365 respondentdən 124-ü ilə sosioloji sorğu);
- Dördüncü mərhələ
(9-10 iyun 2020-ci il). Pandemiya ilə
mübarizə çərçivəsində tətbiq edilən
karantin rejiminin sərtləşdirilməsinə ictimai
münasibətin öyrənilməsi (384 respondent ilə
keçirilmiş sosioloji sorğu);
- Beşinci mərhələ (3-7 iyul
2020-ci il). Pandemiya ilə
mübarizə çərçivəsində bəzi şəhər
və rayonlarda tətbiq olunan tədbirlərə və sərtləşdirilmiş
karantin rejiminə ictimai münasibətin öyrənilməsi
(1212 respondentlə keçirilmiş sosioloji sorğu)”.
Departament rəhbəri
açıqlamasında bildirib ki, sorğu Bakı şəhəri,
Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran,
Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan
iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 5
mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi
öyrənilib. Naxçıvan Muxtar
Respublikası və işğal altında olan regionlar
sorğuda əhatə olunmayıb.
Hər iqtisadi rayon üzrə
sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə
çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi
qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş
respondent sayının sorğuda iştirakını təmin
edənə kimi seçilmiş nömrələrə zəng
olunub.
Karantin rejiminin məhdudiyyətlərini
və sorğuda iştirak edən tərəflərin
sağlamlığının qorunmasını nəzərə
alaraq, sorğunun aparılmasında telefon müsahibə
üsulundan istifadə edilib. Sorğuların
keçirilməsində müasir texnologiyalar tətbiq olunub.
Belə ki, müasir sorğu proqramı SurveyToGo
proqramından istifadə edilib”.
Təhlillər əsasən
aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib:
- Pandemiya ilə mübarizə
çərçivəsində dövlətin
qabaqlayıcı tədbirlərinə ictimai rəyin öyrənilməsi;
- Xüsusi karantin rejiminin əhalinin
gündəlik həyatına və gəlirlərinə təsirinin
öyrənilməsi;
- Pandemiya ilə mübarizə
çərçivəsində sosial dəstək tədbirləri;
- Xüsusi karantin dövründə
məhsul və xidmətlərin təminatı ilə
bağlı tədbirlər;
- Pandemiya ilə mübarizə
çərçivəsində həyata keçirilən
maliyyə tədbirləri;
- Xüsusi karantin rejimindən
çıxışla bağlı tədbirlər;
- Pandemiya ilə mübarizə
çərçivəsində beynəlxalq əməkdaşlıq;
- Pandemiya ilə mübarizə
çərçivəsində aidiyyəti şəxs və
qurumların fəaliyyətinin qiymətləndirilməsi.
Azərbaycan.- 2020.-3 sentyabr.- S.1; 3.