Nümunəvi mübarizə

 

Azərbaycan dövləti vətəndaşlarının sağlamlığını və təhlükəsizliyini özünün ali məqsədi hesab edir

 

Böyük-kiçik, yaşlı-cavan, imkanlı-imkansız bilməyən, heç bir sərhəd tanımayan yeni tip koronavirus yarım ildən çoxdur ki, dünyanı diz üstə çökdürüb. Artıq Yer kürəsinin 26 milyona qədər sakini bu infeksiyaya yoluxub, 860 mindən çox insan isə onun qurbanı olub.

COVID-19 virusuna yoluxma sayına görə ABŞ, Braziliya və Hindistan liderdirlər. Siyahının dördüncü yerində Rusiya qərarlaşıb.

Digər ölkələrlə müqayisədə Azərbaycanda sanitar-epidemioloji vəziyyət qənaətbəxşdir. Səhiyyə sistemi Azərbaycandan güclü olan inkişaf etmiş ölkələrdən fərqli olaraq, respublikamızda istər yoluxma, istərsə də ölüm sayında göstəricilər qat-qat aşağıdır. Buna səbəb COVID ilə mübarizədə ölkəmizin çox uğurlu fəaliyyət göstərməsi, qəbul edilmiş qərarların vaxtında və yüksək keyfiyyətlə icra edilməsi, əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətlə yanaşması, dövlət-vətəndaş həmrəyliyinin olmasıdır.

 

Respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır

 

Qlobal pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı kompleks tədbirlər görüldü, ölkənin bütün resursları vətəndaşlarıın sağlamlığının qorunmasına səfərbər edildi. Virus ölkə sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycan koronavirusla mübarizəyə qətiyyətlə qoşuldu, ona qarşı ciddi addımlar atdı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini nəzərə alaraq, hökumət infeksiyanın ciddiliyini anladı və dünyada öz sərhədlərini qapadan, bütün təhsil müəssisələrini bağlayan, kütləvi tədbirləri, idman yarışlarını təxirə salan ilk ölkələrdən biri oldu. Xəstəliyin geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxma sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu, pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər, qaydalar qoyuldu. Dövlət başçısının bu məsələyə vaxtında çevik reaksiya verərək təxirəsalınmaz tədbirlər görməsi ilə ölkəmizdə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı. Prezident İlham Əliyevin vətəndaşların sağlamlığını qorumağa yönəlmiş məqsədyönlü strategiyası hətta beynəlxalq qurumlar tərəfindən də təqdir edildi. ÜST bu sahədə respublikamızda atılan addımlara, görülmüş işlərə yüksək qiymət verdi, ölkəmizin təcrübəsini digər ölkələrə nümunə göstərdi. Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır.

 

Yeni xəstəxanalar koronavirusla mübarizədə önəmli rol oynadı

 

COVID-19 ilə mübarizədə ölkənin səhiyyə sisteminin maddi-texniki bazası xüsusi rol oynayır. Dövlət başçısının tapşırığına uyğun olaraq, ilk növbədə, ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırıldı. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində səhiyyə infrastrukturu pandemiya ilə mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün əlavə müasir tibbi laboratoriyalar alındı, yeni tibb müəssisələri açıldı, modul tipli xəstəxanalar quraşdırıldı. 600 yerlik "Yeni Klinika”nın açılması, 11 modul tipli xəstəxananın inşa edilməsi, bu xəstəxanalarda 4100 çarpayı sayının olması COVID-19 ilə aparılan mübarizədə çox önəmli rol oynadı.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edən Prezident İlham Əliyev tibb sahəsində görülən işlərə toxunaraq bildirdi ki, pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət alıb. Bu məqsədlər üçün böyük vəsait ayrılıb, bütün imkanlar səfərbər edilib. Ölkə üzrə 46 xəstəxana koronavirusa yoluxanların müalicəsi üçün ayrılıb. Bu xəstəxanaların 41-i son 17 ildə inşa olunub. Dövlət başçısının qeyd etdiyi kimi, əgər vaxtında bu xəstəxanalar tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik.

Azərbaycanda koronavirusla mübarizə sahəsində atılan vacib addımlardan biri də laboratoriyaların sayının artırılması oldu. Pandemiya yeni başlayanda Azərbaycanda cəmi 6 laboratoriya var idisə, indi bu say 45-ə çatdırılıb. Məlumdur ki, virusa yoluxmuş şəxslərin düzgün müayinə edilib zamanında aşkarlanması mühüm əhəmiyyət kəsb edir. Deməli, nə qədər çox test keçirilsə, bir o qədər də çox yoluxma halları aşkarlanar. İndiyə qədər ölkəmizdə 930 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

Ölkəmizdə səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunublar. Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə diqqət daha da artıb. Həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, həm də onların maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülüb. Təkcə onu demək kifayətdir ki, COVID-19 xəstələrinə xidmət edən həkimlərin əməkhaqqı əvvəlkinin 3-5 misli qədər artırılıb. Yeganə problem həkimlərin sayındadır. Prezident çıxışında bu problemdən danışarkən deyib ki, heç bir ölkə bu pandemiyaya hazır deyildi: "Heç kimin ağlına gələ bilməzdi ki, dünya belə bir bəla ilə üzləşəcək. Bizdə və eləcə də bütün başqa ölkələrdə həkimlərin sayı normal həyat rejiminə hesablanıb. Ona görə əlavə həkimlərin Azərbaycana dəvət edilməsi gündəlikdə duran məsələlərdən biri idi. Hesab edirəm ki, biz operativ və səmərəli addımlar nəticəsində bu sahədə də məsələni həll etdik. Azərbaycana beş ölkədən - Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkim briqadaları gəlmişdir və bu həkimlər bizə kömək göstərirlər.

Bir sözlə, görülən bütün bu işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID-19 ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaqdır”.

 

İnsanların rifahı, sosial vəziyyəti və sağlamlığı hər şeyin fövqündədir

 

Pandemiya ilə əlaqədar olaraq karantin rejiminin tətbiqi digər ölkələr kimi, Azərbaycanda da iqtisadiyyata mənfi təsir etdi, gəlirlər azaldı. Xüsusilə bir sıra iqtisadi fəaliyyət növlərinin fəaliyyətinin müvəqqəti dayanması vətəndaşların sosial rifahına təsirsiz ötüşmədi. Lakin Azərbaycan dövləti bunu da nəzərə aldı. İqtisadi itkilərə baxmayaraq, ölkə rəhbərinin göstərişi ilə dövlətin siyasətinin prioritetini ölkə vətəndaşlarının sağlamlığının qorunması təşkil etdi. Prezident İlham Əliyevin sərəncamlarına, tapşırıqlarına uyğun olaraq geniş sosial proqramlar həyata keçirildi. Pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq və vətəndaşlara dəstək məqsədilə dövlət büdcəsindən milyardlarla manat vəsait xərcləndi. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olundu. Həm dövlət, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, aztəminatlı təbəqəyə aid olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edildilər. Bu, bir daha onu göstərir ki, insanların sağlamlığı ilə yanaşı, rifahı, sosial vəziyyəti bütün məsələlərin fövqündə dayanır.

Azərbaycan dövləti vətəndaşlarının sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. Bütün addımlar da mövcud vəziyyətə uyğun atılır.

Ölkədə tətbiq olunan qaydalar, vəziyyətə uyğun şəkildə atılan addımlar və karantin rejimi öz səmərəsini verir. İyulun ortalarından müsbət dinamikanın əldə olunması nəticəsində yumşalma addımları atılıb. Təkcə avqust ayında yumşalma tədbirlərinin sayı 3-ə çatıb. Hazırda ölkənin bəzi şəhər və rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi ləğv edilib, bir çox məhdudiyyətlər aradan qaldırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yeni yoluxma halları ilə bağlı təhlükə qaldığına görə, bir sıra məhdudiyyətlərin saxlanılması qərara alınıb. Yumşalma addımları elə atılır ki, xəstələrin sayı kəskin artmasın. Bu zaman digər ölkələrin təcrübəsi də öyrənilir. Həmin ölkələrdə açılışlardan sonra xəstələrin sayı kəskin artıb. Azərbaycan da digər ölkələrin nümunəsinə uyğun olaraq tam açılma təmin edə bilərdi. Amma dövlətimiz vətəndaşlarını düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir.

 

Vətəndaş məsuliyyəti normal həyata qayıtmağın əsas şərtlərindəndir

 

COVID-19-la bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr, doğrudan da, çox təsirli və dəyərlidir. Məhz bu tədbirlər nəticəsində minlərlə insanın həyatı qorundu. Xəstəliyin geniş vüsət almasına, vəziyyətin nəzarətdən çıxmasına imkan verilmədi. Təbii ki, hazırkı müsbət dinamika davam edərsə və xəstələrin sayında artım olmazsa, yumşalma tədbirləri davam etdiriləcək. Buna nail olmaq üçünsə vətəndaşların məsuliyyəti birinci dərəcəli məsələdir. Dövlət üzərinə nə düşübsə, onu edib. Qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirib. Ölkədə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Hazırda vətəndaş olaraq üzərimizə düşən öhdəlik gərgin səylər nəticəsində əldə olunmuş bu müsbət tendensiyanı qorumağa, daha da yaxşı nəticələrin qazanılmasına dəstək verməkdir. Bunun üçünsə tətbiq olunan karantin qaydalarına anlayışla yanaşaraq əməl etmək, maska taxmaq və sosial məsafəni qorumaq kifayətdir. Vətəndaşlarımız bundan sonra da məsuliyyətli olarlarsa, qısa müddət ərzində normal həyata qayıtmaq mümkündür. Dövlətin qətiyyətli və düşünülmüş ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez bir zamanda normal, adi həyata qayıdaq.

 

Xəyalə MURADLI

 

Azərbaycan.- 2020.- 3 sentyabr.- S.1; 5.