“Tək
millət, iki dövlət. Bütün
dünyaya örnək”
Prezident İlham
Əliyevin Türkiyəyə
dəstək mesajı
qardaş ölkə mətbuatının əsas
gündəm mövzusu
oldu
Azərbaycan qonşu dövlətlərlə
milli maraqlar əsasında qarşılıqlı
əməkdaşlığını genişləndirməkdə, onlarla
əlaqələrini strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəltməkdədir. Qeyd edilən
məqamlar özünü
xüsusən eyni tarixi kökə, mədəniyyətə malik
olan Azərbaycan-Türkiyə
münasibətlərində daha aydın büruzə verir. Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən
irəli gələrək,
hər iki ölkə bölgədə
və dünyada gedən proseslərə münasibətdə həmişə
eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış
edib.
Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi
həssas məsələlərdə
bir-birilərinin maraqlarını
müdafiə etmələri
daha mühüm əhəmiyyət kəsb
edir. Təqdirəlayiq haldır ki,
iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.
Bu mənada
Prezident İlham Əliyevin sentyabrın 2-də
Yunanıstanın Azərbaycandakı
yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə
dəstəklə bağlı
söylədiyi fikirlər
qardaş ölkədə
böyük razılıqla
qarşılanıb. Azərbaycan
Prezidentinin "Biz heç
bir tərəddüd
etmədən Türkiyəni
dəstəkləyirik və
bütün hallarda dəstəkləyəcəyik” fikirləri həm sosial mediada, həm də tirajlanan bir neçə yüz minlik qəzetlərin manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri,
internet portalları bu
mövzu ətrafında
materiallar təqdim ediblər. Onlardan bəzilərini diqqətinizə
çatdırırıq.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Twitter” sosial hesabında "Çox təşəkkürlər
edirəm, cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç
vaxt şübhəmiz
olmadı. Türkiyə
də həmişə
tərəddüdsüz Azərbaycanın
yanında olacaq” fikirləri dəfələrlə
"retweet” edilib.
Türkiyə Prezident
Administrasiyasının sözçüsü
İbrahim Kalın
"Twitter” sosial şəbəkəsində
Prezident İlham Əliyevin yunan səfiri ilə görüşü zamanı
qardaş ölkə barədə sərgilədiyi
mövqeyini paylaşıb.
"Tək millət,
iki dövlət.
Bütün dünyaya örnək...”
başlığı ilə
edilən paylaşımın
altında Azərbaycan
dövlət başçısının
"Biz heç bir tərəddüd etmədən
Türkiyəni dəstəkləyirik
və bütün hallarda dəstəkləyəcəyik”
ifadəsi də əks olunub.
"Milliyet”
qəzetinin "Azərbaycandan
Türkiyəyə Şərqi
Aralıq dənizi dəstəyi” başlıqlı
xəbərində İlham
Əliyevin fikirlərinə
geniş yer verilərək vurğulanır
ki, Türkiyə-Azərbaycan
qardaşlığı səmimi
əməkdaşlığa söykənir. Prezident İlham Əliyevin "Türkiyə təkcə
bizim dost və tərəfdaşımız yox,
bizim üçün
qardaş ölkədir.
Biz heç bir
tərəddüd etmədən
Türkiyəni dəstəkləyirik
və bütün hallarda dəstəkləyəcəyik.
Biz eyni dəstəyi türk qardaşlarımızdan
da görürük” fikirlərinin yer aldığı xəbərdə
deyilir ki, Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr və digər sahələrdəki
əməkdaşlıq hazırda
elə bir yüksək mərhələdədir
ki, bunları həmin ölkələrin
cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac yoxdur.
"Sabah” qəzeti
"İlham Əliyev:
Türkiyəni tərəddüdsüz
dəstəkləyirik” başlıqlı
xəbərini manşetə
çıxarıb. Bildirilir ki,
Azərbaycanla Türkiyə
aralarında münasibətlərin
nə dərəcədə
yüksək səviyyədə
qurulduğunu, tərəflərin
mühüm əhəmiyyət
kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduqlarını həmişə
göstərib. Azərbaycan
Prezidentinin "Sizə
bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır.
Beləliklə, bütün məsələlərdə
biz onların yanında
olacağıq” fikirlərini
xüsusi olaraq diqqətə çatdırıblar.
"Hürriyet” qəzeti "Azərbaycan
Prezidenti İlham Əliyevdən Şərqi
Aralıq dənizi mesajı” başlıqlı
xəbərində isə
Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu,
əməkdaşlığın bütün sahələrdə
inkişaf etdirildiyini,
Azərbaycan-Türkiyə münasibətlərinin
həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edib. Azərbaycan
lideri İlham Əliyevin dediyi "Türkiyə bizim üçün təkcə
dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə
biz onların yanında
olacağıq” fikrinin
yer aldığı məqalədə Türkiyə-Azərbaycan
münasibətlərinin həm
iki ölkə üçün, həm də region üçün
çox önəmli
rol oynadığı
xüsusi vurğulanıb.
"Sözcü”
qəzeti isə "Azərbaycandan Türkiyəyə
Şərqi Aralıq
dənizi dəstəyi”
başlıqlı xəbərində
Prezident İlham Əliyevin fikirlərini ön plana çıxarıb. Bildirilib
ki, növbəti dəfə sübut olundu ki, Azərbaycan-Türkiyə
qardaşlığı, dostluğu
və strateji müttəfiqliyi sarsılmaz
və əbədidir...
Anadolu Xəbər Agentliyi "Azərbaycan Prezidenti İlham Əliyevdən Yunanıstana tənqid, Türkiyəyə dəstək”
başlıqlı xəbərində
Azərbaycan dövlət
başçısının çıxışını ön plana çıxarıb. Qeyd olunub
ki, elə bir məsələ olmayıb ki, Azərbaycan öz dəstəyini Türkiyəyə
göstərməsin. Hazırda bölgədə gedən
bütün proseslərdə
birmənalı şəkildə
Azərbaycan dövləti
və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.
"TRT Haber” kanalı
"Türklər bizim
qardaşımızdır” başlıqlı xəbər
yayımlayıb. Bildirilib ki, Prezident İlham
Əliyev Yunanıstanın
Azərbaycandakı yeni
səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyə təkcə
bizim dost və tərəfdaşımız yox,
bizim üçün
qardaş ölkədir
deyib: "Biz heç
bir tərəddüd
etmədən Türkiyəni
dəstəkləyirik və
bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi
türk qardaşlarımızdan
da görürük.
Onlar Azərbaycanı bütün
məsələlərdə dəstəkləyirlər və
biz onları bütün
məsələlərdə dəstəkləyirik, o cümlədən
Şərqi Aralıq
dənizində kəşfiyyat
məsələsi ilə
bağlı”.
"Takvim”, "Akşam”, "Star” qəzetləri,
CNN TÜRK, A HABER, TGRT HABER, HABER GLOBAL televiziya
kanalları, "euronews.com”,
"ensonhaber.com”, "bursahaber.com”, "lidergazetesi.com”,
"haberler.com” və s. xəbər
agentliklərində yer
alan materiallarda da Prezident İlham
Əliyevin "Ermənistan
ilə hərbi əməkdaşlıq Azərbaycana
qarşı ciddi təhdiddir”, "Bütün
hallarda Türkiyəni
dəstəkləyirik”, "Türkiyə təkcə
bizim dost və tərəfdaşımız yox,
bizim üçün
qardaş ölkədir”,
"Biz heç bir tərəddüd etmədən
Türkiyəni dəstəkləyirik
və bütün hallarda dəstəkləyəcəyik”,
"Biz eyni dəstəyi
türk qardaşlarımızdan
da görürük” fikirləri yer alıb.
Elçin CƏFƏROV
Azərbaycan.- 2020.- 4 sentyabr.- S. 1; 3.