Azərbaycan Sahibkarlar
Konfederasiyasının prezidenti Özbəkistanın
ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi əməkdaşlığın inkişaf istiqamətlərinə və prioritet sahələrə dair müzakirələr aparılıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında keçirilən görüş də sentyabrın 4-də Özbəkistanda MDB dövlətlərinin sahibkarlıq üzrə palatalarının iclasında M.Musayevin fəxri qonaq qismində çıxış edəcək.
"Özbəkistanda çalışan sahibkarların və onları təmsil edən qurumların konfederasiya ilə əməkdaşlığa böyük marağı vardır və bu əməkdaşlığımız əminəm ki, hər iki dövlət üçün faydalı olacaqdır”, - deyə səfir vurğulayıb. Həmçinin Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyi söylənilib. Qeyd edilib ki, hazırda Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur və orada "General Motors” ilə birlikdə avtomobil istehsal etmək planlaşdırılır.
Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu deyən səfir bununla bağlı regionlara səfər etdiyini bildirib. Həmçinin Bakının Özbəkistana gedən tranzit yüklər üçün mərkəz funksiyası daşımasını arzuladığını və bununla bağlı konkret işlər görüldüyünü söyləyib.
M.Musayev səfiri maraqlandıran sahələrlə bağlı, ASK-nın İdarə Heyətində təmsil olunan assosiasiyalar barədə səfirə məlumat verib. Azərbaycan sahibkarlarının Özbəkistana böyük marağının olduğunu qeyd edərək iki türk dövləti arasında iqtisadi əməkdaşlığın genişlənməsi naminə qarşıya qoyulan hədəflərə çatmaq üçün ASK-nın əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
Görüşün sonunda iki ölkə arasında iqtisadi, humanitar, mədəni əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirlik arasında əməkdaşlığın davam etdirilməsi qərara alınıb.
Azərbaycan.- 2020.- 4 sentyabr.- S.5.