Gənclik ümidimizdir

 

"...Bizim strateji inkişaf yolumuz var - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaquğurlu iqtisadi-sosial inkişaf, təhlükəsizlik, sabitlik, dünyaya açıq olmaqmilli maraqlarımızın qorunması. Bu, bizim strateji xəttimizdir. Bu, dəyişməz olaraq qalır, qalacaq və qalmalıdır”.

 

İlham ƏLİYEV

 

Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, təhsili, istedadlarının inkişaf etdirilməsi cəmiyyət üçün əsas vəzifələrdəndir. Onlar hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədr. Təsadüfi deyil ki, müasir dövrdə gənclər sahəsində qazanılan uğurlar dövlətlərin ümumi inkişaf səviyyəsini, potensialını müəyyənləşdirən vacib meyarlardan sayılır. Dünyanın bütün sivil cəmiyyətlərində onların hərbi-vətənpərvərlik, mənəvi-ideoloji tərbiyəsinə, sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Onlar bizim sabahımızdır. Bir neçə ildən sonrakı dövrün ictimai mənzərəsi indi böyüməkdə olan nəslə yaradılmış şəraitdən, inkişaf mühitindən asılı olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətində gənclərlə məsələlərinə xüsusi yer verilir. Dövlət rəhbərimizin diqqət və qayğısı sayəsində böyüməkdə olan nəslin cəmiyyət üçün faydalı proqramlara cəlb olunması, sağlam yaşam tərzi həyatımızda xoş bir ənənəyə çevrilib. Bütün bunlar onların fiziki sağlamlığı, zərərli vərdişlərdən uzaq durması, öz gənclik enerjilərini ölkəmiz və ümumilikdə, dünyamız üçün xeyirli məqsədlərə yönəltməsi baxımından çox önəmlidir.

Bu reallığı düzgün qiymətləndirən Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış etmiş, bu təbəqəyə böyük inametibar göstərmişdir. Nəticədə xalqın gələcəyini müəyyən edən və cəmiyyətdə əhəmiyyətli çoxluğa malik təbəqə kimi gənclərin ehtiyaclarının dolğun ödənməsi məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Heydər Əliyevin 1993-cü ilin 15 sentyabrında - ölkədə çox ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda - gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi Ulu Öndərin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin, rəğbət və qayğının göstəricisi idi. Ümummilli Liderin hələ o zaman Milli Məclisdə gənclərlə görüşü Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi, demokratik dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi, bu nəslin ayrı-ayrı siyasi partiya və qurumların deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər edilməsi, vahid gənclər siyasətinin işlənib hazırlanması zəruriliyini ortaya qoymuşdu.

Azərbaycan gənclərinin birinci forumundan etibarən ölkədə gənclər gününün təsis olunması, bu təbəqənin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu, gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi. Həmin forumda Ümummilli Lider Azərbaycan gəncliyi qarşısında konkret vəzifələr müəyyənləşdirdi.

 

Onlar bizim sabahımızdır

 

Hazırda gənc nəslin müasir dövrün bilik və bacarıqlarına yiyələnməsinə dəstək, hər kəsə bərabər imkanlar mühitinin yaradılması, onların karyera inkişafı və s. istiqamətlərdə kompleks yanaşmalar Prezident İlham Əliyevin gənclər siyasətində xüsusi yer tutur.

Bu, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu siyasətin uğurlu davamıdır.

Ulu Öndərin yetişdirib gələcəyə ən düzgün yol göstərdiyi həmin nəsil Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Vətənin tərəqqisinə böyük töhfələr verir. Bu nəslin təmsilçiləri güclü, inkişaf etmiş, müstəqil Azərbaycanda dünyaya göz açıblar. Əsrlərlə başqalarından asılı olduğumuz zamanlar, yaxud müstəqilliyin ilk illərindəki sıxıntılarımız, məhrumiyyətlərimiz, çarəsizliklərimiz onlar üçün böyüklərin keçmiş haqqında nəql etdikləri hekayətlərdir. Yeni nəsil Vətənin keçmişindən, ulularımızdan miras qalmış milli-mənəvi dəyərlərin işığından da uzaq düşməyib. Aparılan vətənpərvərlik təbliğatı gənclərimizin torpağa bağlılıq ruhunu daha da gücləndirib. Onlarda özünəinam hissi formalaşdırıb. Azərbaycana hansısa şəkildə fayda verməyi, ölkəmizin milli maraqlarını bütün səviyyələrdə qorumağı gənclərimiz üçün vahid amala çevirib. Bunu gənclərimizin Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə münasibətində, əsgər və zabitlərimizin döyüş ruhunda, tarixi həqiqətlərimizi müxtəlif kommunikasiya kanalları ilə dünyaya yetirən gənclərimizin əzmkarlığında duyub müşahidə edirik. Tarixi yaddaşımızın gənc təfəkkürlərdə düzgün qavranılması, onların vətənpərvərlik ruhunun güclənməsi Azərbaycan Prezidentinin gənclər siyasətinin ən böyük uğurudur.

Öz qapılarını dünyada gedən inkişaf proseslərinə açmış Azərbaycan beynəlxalq aləmin qapılarını da gəncliyin üzünə açıb. Onların belə bir dünyada gələcəklə bağlı çox mühüm vəzifələri var. Vəzifələrdən birincisi Azərbaycanın istiqlalının qorunub saxlanmasıdır. Bu, dövlətin yeni nəsillərə daha da inkişaf etdirilmiş, gücləndirilmiş şəkildə çatdırılmasıdır.

 

Hər nəslin özündən sonrakılara əmanəti var

 

Böyük zaman tələb edən istəklərin və xoş niyyətlərin yeni nəsillər tərəfindən həyata keçiriləcəyinə hamı ümid bəsləyir. Azərbaycan gəncliyinin də bu ölkəyə müstəqillik qazandırmış, onun davamlı inkişafı üçün başlıca şərtləri təmin etmiş, bu dövlətin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik məqamına yüksəlmiş nəslin böyük amallarını doğrultmaq missiyası var. Azərbaycan Prezidentinin reallaşdırdığı inkişaf siyasətinin icrasında, qarşıya qoyulmuş strateji hədəflərin əldə olunmasında gənclərin enerjisinə, yaradıcı potensialına çox böyük ehtiyac var.

Prezident İlham Əliyev gənclərə güvənir, yüksək vəzifələrdə onlara etimad göstərir, savadlı, yenilikçi, vətənpərvər, məsuliyyətli insanlara həyata keçirdiyi köklü islahatların əsas hərəkətverici qüvvəsi kimi yanaşır. Gənclər də Azərbaycan Prezidentinin şəxsində, ümumən, cəmiyyətimizin ümidini doğrultmağa, öz davranışları, ortaya qoyduqları nəticələrlə bu yüksək inama layiq olmağa çalışırlar.

 

Bizi güclü edən dəyərlərimizdir

 

Azərbaycan gəncliyinin daha bir vəzifəsi əsrlərin əmanəti olan milli-mənəvi dəyərlərimizə sahib çıxmaq, onları qorumaq, gələcək nəsillərin də bu dəyərlər işığında formalaşmasına nail olmaqdır. Gənc nəslin fiziki və düşüncə sağlamlığı qədər vətənpərvərlik ruhunda yetişdirilməsi, köklərə bağlılığı bütün dövrlərdə böyük əhəmiyyət daşıyıb. Qloballaşan dünyamızda isə bu daha mühümdür. Bizi güclü edən, milli qürur hissimizi formalaşdıran məhz dəyərlərimizdir. Milli qüruru olmayan, dəyərlərinə sahib çıxmağı bacarmayan xalq zamanın inkişaf axarında müvazinətini axıra qədər qoruyub saxlaya bilməz. Aramsız təsirlər zamanla onu aşındıraraq öz kimliyindən uzaqlaşdıracaq. Ona görə də gənclərin milli-mənəvi dəyərlərə bağlılığı qloballaşan dünyamızda, bəlkə də tarixin heç bir dövründə olmadığı qədər aktuallıq qazanıb. Dünyadakı əksər xalqlar üçün həyati vacib məsələyə çevrilib. Ona görə ki, qloballaşma prosesləri artıq hər birimizin həyatımızdadır. Özümüz də fərqinə varmadan hamımız bu prosesin bir hissəsinə çevrilmişik. İnformasiya texnologiyalarının ən son nailiyyətləri, media, mədəniyyət prosesləri, yeni dəblər, maraqlarla bu proses həyatımıza getdikcə daha güclü şəkildə nüfuz edir. Bu təsir xüsusilə gənclərin həyatında, davranışlarında daha qabarıq şəkildə özünü büruzə verməkdədir.

Qloballaşmanın gənclərimizin həyatına müsbət təsirləri çoxdur. Bu proses onların təhsilini, fərdi inkişafını, karyera imkanlarını hüdudsuz edir. Azərbaycan gəncliyi dünyaya qovuşur, inkişafın mühüm bir parçasına çevrilir. Azərbaycan gənclərinin səsi düyanın nüfuzlu universitetlərindən, elmi mərkəzlərdən, qlobal korporasiyalardakı yüksək vəzifələrdən gəlir. Bunu görmək çox xoşdur. Ona görə də qloballaşma proseslərindən çəkinməməli, sadəcə bu prosesin imkanlarından bəhrələnməyi bacarmalıyıq.

Azərbaycan dövləti gəncliyə bunu təlqin edir. Yaradılan nümunələrlə onlara qloballaşma dövründə həm özlərinə, həm də Vətənə faydalı olmağın, dünyanın gələcəyində layiqli yer tutmağın yollarını göstərir. Ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Mehriban xanımın milli mədəniyyət incilərimizin qorunması və dünyada təbliği, mədəniyyətlərarası dialoqa, tolerantlığa, multukultural dəyərlərin bərqərar olmasına verdiyi töhfələr, insanlara yaratdığı fərdi inkişaf imkanları gənclərimiz üçün böyük bir məktəbdir. Xalqın, dövlətin gələcəyini belə nəcib işlərin yaratdığı mühit formalaşdırır.

 

Nəsillərə örnək

 

Mehriban xanım Əliyeva gənclərə əsl vətəndaş olmağın meyarlarını anladır. İnsanlara faydalı olmağın yollarını göstərir. Bunun real əməllərdən keçdiyini anladır.

Bu gün xeyriyyəçilik fəaliyyəti, hansısa yaxşılıqlara vəsilə olmaq arzusu gənclər arasında geniş yayılır. Xoş əməllər ortaya qoymaq, başqalarına kömək göstərmək, cəmiyyət üçün faydalı işlər görmək istəyi getdikcə daha çox oğlan və qızlarımızın həyat tərzinə çevrilir. Onlar sosiallaşırlar, nəcib niyyətlər ətrafında bir araya gəlmələri ilə müsbət nəticələr yaradırlar. Xüsusilə gənclərdə vətənpərvərlik ruhu güclənir. Bu, milli-mənəvi dəyərlərimizin təbliğində, ölkəmizin maraqlarının Azərbaycanda və xaricdə qorunmasında, ətraf mühitə qayğıda, qızların təhsildən yayındırılması, ailədaxili şiddət, zərərli vərdişlər və s. bu kimi mənfi hallara qarşı həmrəylik nümayişində özünü göstərir.

Bu, çox sevindiricidir. Deməli, Mehriban xanımın illərdən bəridir ki, böyük fədakarlıqla gördüyü işlər öz nəticəsini verir. Onun xeyirxah əməlləri işığında artıq bütöv bir nəsil yetişir. Cəmiyyətimizin gələcəyi bu dəyərlər ruhunda formalaşır.

Bu gün Azərbaycan gəncliyinin ən böyük vəzifələrindən biri oxumaq, öyrənmək, müasir dövrün bilik və bacarıqlarına yiyələnmək üçün gecəni-gündüzə qataraq başqalarından öndə olmaqdır. Azərbaycan Prezidenti də gəncləri buna çağırır, onların bu ruhda tərbiyələnməsini istəyir.

Gəncliyi mütəşəkkil olan xalqın, dövlətin gələcəyi hər zaman öndə olur.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S.6.