Vətən sevgisinin gücü

 

Ölkəmizdə dövlət gənclər siyasətinin əsas hədəflərindən biri xalqı, vətəni, milləti, böyük qurbanlar bahasına qurulan müstəqil Azərbaycanı canından artıq sevən, yüksək intellektual potensiala malik yeni vətənpərvər nəsil yetişdirməkdir. Cəbhə bölgəsi olan Tərtərdə yaşayıb işləyən gənclər üçün bu istiqamət xüsusilə önəmlidir. Qarabağ savaşında Tərtərin igid oğulları əsl qəhrəmanlıq nümunəsi göstərərək şərəfli bir tarix yazdılar. Məkrli qonşularımız olan erməni faşistləri ilə qeyri-bərabər döyüşlərdə çoxsaylı qurbanlar versələr də, düşmənə bir qarış da olsun torpaq güzəşt etmədilər.

Qanımızla qoruduğumuz torpaqları bu gün min bir həvəslə əkib-becərir, bol kənd təsərrüfatı məhsulları istehsal edir, ölkə iqtisadiyyatının möhkəmlənməsinə sanballı töhfələr veririk. Düşmənin vaxtaşırı törətdiyi təxribatlar, atəşkəsin tez-tez pozulması təbii ki, erməni işğalçılara olan nifrətimizi daha da artırır, bizi ayıq-sayıq olmağa sövq edir.

Tərtərli gənclər Ümummilli Lider Heydər Əliyevin siyasi kursuna yenilməz sədaqətlərini tarixin bütün məqamlarında öz fədakarlıqları ilə sübut edirlər. Döyüş cəbhəsində olduğu kimi, əmək meydanında da gənclərimiz parlaq nümunə göstərirlər. Son illər Tərtər rayonu taxıl, pambıq, barama, meyvə-tərəvəz, digər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində respublikanın qabaqcıl təcrübə məktəbinə çevrilmişdir. Prezident İlham Əliyev bölgəyə çoxsaylı səfərləri zamanı tərtərli gənclərin Qarabağ savaşlarındakı sücaətinə, əmək meydanında qazandığı nailiyyətlərə yüksək dəyər vermişdir. Təbii ki, bu qiymət gücümüzə güc qatır, ölkəmizin daha işıqlı sabahlarına olan inamımızı artırır, dövlət başçısının ətrafında daha sıx birləşməyimizə stimul verir.

Biz tərtərli gənclər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz naminə reallaşdırdığı unudulmaz tarixi xidmətləri hər zaman minnətdarlıqla xatırlayırıq. Heydər Əliyev Azərbaycan gəncliyinə hər zaman inanıb və etibar edib. Ulu Öndərin dəyərli tövsiyələri yaddaşımıza həkk olaraq həyatda bizə yalnız doğru yol göstərir. Milli mənlik hər bir adamın özünün mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Belə insanlar həyatın heç bir hadisəsinə laqeyd qalmır. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir. Onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir.

Azərbaycan gənclərinin milli və vətənpərvər ruhda tərbiyəsinə həyatı boyu böyük önəm verən Heydər Əliyev nitqlərinin birində deyirdi: "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə 2020-ci il "Könüllülər ilielan olunmuşdur. Bu, ölkənin ictimai-siyasi həyatında gənclərin fəallığını yüksək səviyyədə təmin etməyə hesablanan bir siyasi qərardır, Azərbaycan gəncliyinin qüdrətinə, əzminə, iradəsinə inamın göstəricisidir. Bu etimad bizə ruh verir, hansı sahədə çalışmağımızdan asılı olmayaraq vətən, xalq, dövlət uğrunda hər cür fədakarlığa hazır olmağımızı şərtləndirir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, Tərtər könüllüləri pandemiya dövründə, sözün həqiqi mənasında, hünər göstərirlər. Biz mobil dəstələrə bölünərək imkansız ailələrə, tənha yaşayan ahıl xəstələrə baş çəkir, sovqat çatdırır, qayğı və diqqət göstərir, əhali arasında maarifləndirmə işi aparırıq.

Bu gün Tərtərdə sağlam mənəvi-psixoloji mühit mövcuddur. Gənclərimiz Qarabağ uğrunda müqəddəs savaşa hər an hazırdırlar. Doğma yurdun hər qarışını cənnətə döndərməyə çalışan vətən sevdalılarını qarşıda yeni uğurlar gözləyir.

 

Tünarə MƏMMƏDZADƏ,

YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri

 

Azərbaycan.- 2020.- 4 sentyabr.- S.6.