Könüllülük həyat
tərzinə çevrilib
Sosial müdafiə sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Burada həyata keçirilən islahatlar vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına, onlar üçün yüksək səviyyəli həyat şəraitinin yaradılmasına xidmət edir. Dövlət sosial xidmətlərində tam şəffaflığın, operativliyin, nəzakətliliyin təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunması ölkənin bu sahədəki siyasətinin əsas hədəflərindən biridir.
Bu gün artıq paytaxtın 8 rayonu DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir. 2019-2025-ci illərdə Bakı və ölkəmizin bölgələrində 31 DOST mərkəzinin yaradılması təmin olunacaq.
DOST mərkəzlərində "Könüllü DOST” proqramı uğurla fəaliyyət göstərir. İndiyədək bura 14500 nəfər müraciət edib, 414 nəfər isə bu proqrama qoşulub.
Könüllülük cəmiyyət üçün çox böyük bir dəyərdir. Bu, insanları vahid niyyət ətrafında birləşdirir. Vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin çox uğurlu formatı kimi özünü doğruldur. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Qeyd edək ki, "Könüllü DOST” proqramı məzunlarından artıq 32 nəfəri agentliyin və DOST mərkəzlərinin əməkdaşı kimi fəaliyyətini davam etdirir.
Onlardan biri də hazırda 1 saylı Bakı DOST Mərkəzində çalışan Cəlal Sultanlıdır.
DOST-un ilk könüllülərindən olan bu gənc 2 aylıq könüllülük fəaliyyəti dövründə böyük təcrübə qazanığını, sosial sahəyə aid yeni biliklər əldə etdiyini söyləyir: "2019-cu ilin may-iyul aylarında mərkəzdə könüllü kimi çalışarkən özümə yeni dostlar tapdım, sosial cəhətdən həssas təbəqədən olan insanlarla münasibət qurmaq, onlara yaxından kömək göstərmək şansı əldə etdim. Könüllü kimi fəaliyyətimi bitirdikdən sonra burada qalıb işləmək üçün müsahibələrdən uğurla keçdim, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları sıralarına daxil oldum. Həssas təbəqədən olanların problemlərini dinləmək, çıxış yollarını tapmaq işimizin əsas hissəsidir. Burada qəbul etdiyimiz hər bir vətəndaşın müraciətinin vaxtında həll olunması, göstərilən xidmətlərdən məmnun qalması bizə böyük stimul verir”.
Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Mələk Qədirli ilk könüllülük fəaliyyətinə DOST Agentliyində başlayıb. O, bildirir ki, könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək, uşaq və gənclərlə iş, mədəni-tarixi sərvətlərin, ətraf mühitin qorunması, insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği və s. Bu fəaliyyət çoxşaxəlidir: "Könüllü olmaq insana başqaları üçün lazımlılığını hiss etdirir. Özünü inkişaf, lider bacarıqlarını mənimsəmək, müxtəlif qruplarda həmfikirləri ilə görüşmək, hər hansı problemin həllində iştirak etmək, özünü ifadə edə bilmək və doğrultmaq, vaxtını faydalı keçirmək, komanda işi bacarıqlarını mənimsəmək və s. imkanları yaradır. DOST Agentliyindəki könüllülük fəaliyyətim də mənə bu keyfiyyətləri aşıladı, gözəl dostluqlar, geniş təcrübə qazandırdı. Mehriban işçi heyəti ilə birgə maraqlı günlər keçirdim. Ən əsası bu çətin pandemiya dövründə insanlara yararlı olduğumu bildim. Bu, qəlbimdə gözəl duyğular yaratdı. Yaşlı bir vətəndaşın gülümsəməsi belə bütün gün ərzində mənə dəyərli olduğumu hiss etdirdi”.
Ümumilikdə könüllülüyün qayəsi vətənpərvərlikdir. Həm yaşadığın ölkəni, həm də, ümumən, dünyanı qəlbən sevməkdir. Cəmiyyəti müsbət mənada dəyişmək, irəli aparmaqdır.
Könüllülük hərəkatının inkişaf etdirilməsi və könüllülərlə işin davamlı və sistemli aparılması üçün DOST Agentliyinin dəstəyi ilə fəaliyyətində dövlətçilik, vətənpərvərlik, innovativlik, yaradıcılıq, operativlik və əməkdaşlıq prinsiplərini rəhbər tutan "Könüllü DOST” Təşkilatının yaradılması planlaşdırılır.
İ.ƏLİYEVA
Azərbaycan.-
2020.-4 sentyabr.- S.6.