Azərbaycanın Müdafiə naziri
Moskvada beynəlxalq toplantıda iştirak edib
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının Moskvada keçirilən növbəti iclasında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən general-polkovnik Zakir Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir davam etdiyini, bunun nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanın Müdafiə naziri vurğulayıb ki, ərazilərimizin 20 faizinin MDB-nin üzvü olan bir dövlət tərəfindən işğalı faktı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən bu Birliyin normalarına və ruhuna ziddir.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri, eyni zamanda, rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.
İclasın yekununda Böyük Vətən müharibəsində Qələbənin və İkinci Dünya müharibəsinin bitməsinin 75 illiyi ilə bağlı birgə bəyanat imzalanıb.
Bəyanatı
imzalayan Müdafiə nazirləri bir sıra məsələlərə
münasibət bildirməklə yanaşı, BMT-nin
məqsəd və prinsiplərinə, qəbul edilmiş beynəlxalq hüququn
normalarına, xüsusilə suverenlik və
ərazi bütövlüyü prinsiplərinə
sadiq qaldıqlarını təsdiqləyiblər.
Azərbaycan.-
2020.- 5 sentyabr.- S. 2.