COVID-19 dünya
iqtisadiyyatını vurur
Koronavirus pandemiyasının başlaması ilə bəşəriyyət indiyədək görünməmiş vəziyyətlə qarşılaşdı. COVID-19-a yoluxma hallarının çox olduğu ölkələrdə müəssisələr dərhal bağlandı, gündəlik istehlak mallarına tələbat kəskin şəkildə artdı, bazarda müəyyən məhsullar - virus əleyhinə dərmanlar, tibbi maskalar, dezinfeksiya vasitələri bahalaşdı.
Pandemiya şəraitində bir çox vətəndaşların evlərini tərk etmək istəməməsi, bəzi ölkələrdə insanların bayıra çıxmasının qadağa edilməsi üzündən qida çatdırılması xidmətlərinə tələbat əhəmiyyətli dərəcədə artdı. Eyni zamanda koronavirus infeksiyasının kuryerlər vasitəsilə yayıla biləcəyi qorxusu yarandı.
Uzunsürən karantin istehlakın prioritetlərini dəyişdirdi: avtomobil və paltar kimi bir sıra mallara tələbat azaldı, eyni zamanda evdə çörək bişirmək üçün cihazlara, ev idmanına (idman velosipedləri) və evdə əyləncəyə (onlayn oyunlar, stolüstü oyunlar) tələbat artdı. Eləcə də ev ofisi ləvazimatına tələbat artdı, çünki bir çox iş növlərini uzaqdan, yəni evdən icra etmək lazım gəldi. Ona görə də Zoom, Microsoft Teams və onların analoqları kimi videokonfranslar üçün əlavələr populyarlıq zirvəsinə çatdı.
Pandemiyanın insan və onun ətrafı üçün törətdiyi fəsadlar bununla məhdudlaşmadı. Koronavirusun bütün dünyaya yayılması və onun qarşısını almaq üçün karantin tədbirlərinin tətbiq edilməsi ilə qlobal iqtisadiyyat ağır şok yaşamağa başladı. İstehsal II Dünya müharibəsindən bəri ən dərin tənəzzül dövrünə qədəm qoydu. Dünya Bankının proqnozuna görə, bu il planet iqtisadiyyatı orta hesabla 5,2 faiz azalacaq.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə iqtisadi fəallığın 7 faiz azalması gözlənilir, inkişaf etməkdə olan ölkələrdə isə yavaşıma orta hesabla 2,5 faiz təşkil edəcək. Adambaşına düşən gəlir bu il 3,6 faiz azala bilər ki, bu da milyonlarla adamı yoxsulluğa düçar edər. Pandemiyadan daha çox təsirlənmiş ölkələrin, həmçinin iqtisadiyyatları beynəlxalq ticarət, turizm, xammal ixracatı və xarici maliyyədən asılı olan ölkələrin vəziyyəti daha ağır olacaq.
Bu il avrozonada istehsalın 9,1 faiz azalacağı gözlənilir, çünki koronavirusun geniş yayıldığı böyük ölkələrdə işgüzar fəaliyyətə sarsıdıcı zərbə dəymişdir. Cari ildə ABŞ ÜDM-in 6,1faizini itirə bilər: Birləşmiş Ştatlar koronavirusdan ən çox zərər çəkən ölkələrdəndir və pandemiya ilə mübarizə tədbirləri onun büdcəsinə baha başa gəlmişdir. Proqnoza görə, Yaponiya iqtisadiyyatı da ÜDM-in 6,1 faizindən məhrum olacaq: burada profilaktik tədbirlər iqtisadi fəallığın yavaşıması ilə nəticələnmişdir.
Şərqi Avropa və Mərkəzi Asiyada iqtisadiyyatın 4,7 faiz azalaçağı gözlənilir, özü də tənəzzül bu regionların, demək olar ki, bütün ölkələrlərində yaşanacaq. Belə ki, Rusiyada ilin yekunlarına görə, iqtisadiyyat, çox güman, 6 faiz azalacaq. İtki yalnız 2021-ci ilin sonunadək qismən kompensasiya olunacaq: Dünya Bankının ekspertləri Rusiya iqtisadiyyatının gələn il 2,7 faiz artacağını proqnozlaşdırırlar.
Belarus və Ukraynada ÜDM-in həcmi müvafiq olaraq 4 faiz və 3,5 faiz azalacaq, 2021-ci ildə isə artım 1faiz və 3 faiz səviyyəsində proqnozlaşdırılır. Qazaxıstan və Qırğızıstan cari ildə ÜDM-in müvafiq olaraq 3 faiz və 4 faizini itirəcək və bu ölkələrdə artım 2021-ci ildə 2,5 və 5,6 faiz səviyyəsində bərpa olunacaq.
İlin yekunlarına görə, Mərkəzi Asiyanın yalnız iki ölkəsi - Türkmənistan və Özbəkistan mənfi nəticə göstərməyəcək. Dünya Bankı Türkmənistanda artımın bu il sıfıra, gələn il isə 4 faizə bərabər olacağını proqnozlaşdırır. Özbəkistan iqtisadiyyatı isə cari ilin nəticələrinə görə, az da olsa (1,5 faiz), artacaq, növbəti ildə isə 6,6 faizlik artım nümayiş etdirəcək.
BMT-nin
dünya iqtisadiyyatının gələcəyi
ilə bağlı proqnozları son dərəcə
bədbindir. Təşkilatın baş katibi Antonio Quterreş bu il mayın axırlarında xəbərdarlıq
etmişdi ki,
lazımi qabaqlayıcı tədbirlər görülməsə,
koronavirus pandemiyası dünya
iqtisadiyyatı üçün fəlakətli
nəticələrə gətirib çıxarar. O, qeyd etmişdi ki, dünya ÜDM-in həcmi
8,5 trilyon dollar azala bilər. Baş katib əlavə etmişdi ki, vəziyyət mürəkkəb
və təhlükəlidir,
ona görə də bu dövrü
"əzmkarlıq, ciddiyyət
və məsuliyyətlə
keçməliyik”.
Quterreş belə
bir məqamı nəzərə çarpdırmışdı
ki, koronavirus pandemiyasının doğurduğu
fəsadlar bəşər
övladlarına misli
görünməmiş faciə
yaşada bilər:
"Əgər indi hərəkət etməsək,
koronavirus pandemiyası
bütün dünyada
ağla gəlməyən
dağıntılara və
məhrumiyyətlərə səbəb olacaqdır. Aclıq tarixi miqyasa çatacaq. Daha 60 milyon nəfərdən çox adam
ifrat yoxsulluq içində olacaq. Dünyanın bütün
əmək ehtiyatlarının
yarısına qədəri
- 1,6 milyard nəfər qazancsız qalacaq”.
BMT Baş
katibinin xəbərdarlığı
kifayət qədər
ciddidir. Doğrudur,
bu yayın ortalarından bəri dünya iqtisadiyyatı yenidən işə düşmüşdür. Cində müəssisələr
açılmış, iqtisadi fəallıq
artmağa başlamışdır. İnkişaf etmiş
ölkələr iqtisadi böhrandan
çıxmaq üçün planlar hazırlayıb həyata keçirir. Lakin inkişaf etməkdə olan
ölkələrin və yoxsul ölkələrin
vəziyyəti ağır olaraq qalır.
Həmin ölkələrin bir çoxunda yaşayış səviyyəsinin
get-gedə aşağı düşəcəyi, nəticədə
sosial problemlərin kəskinləşəcəyi,
cəmiyyətlərdə qarşıdurmanın güclənəcəyi,
yoxsulluğun pik həddə
çatacağı gözləniləndir. Bu
səbəbdən belə ölkələrin bəzilərinin
çökəcəyi proqnozlaşdırılır.
Azərbaycan.-
2020.-5 sentyabr.- S.6.