Misirli professor: “İşğal edilmiş
ərazilərdə demoqrafik vəziyyətin
dəyişdirilməsinə yol vermək olmaz”
Misir dost və qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağ probleminin həllinə dair ədalətli mövqeyini daim dəstəkləyir.
Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi, Benha Universitetinin professoru Əbdülrəhman Saad bildirib.
Professor qeyd edib ki, rəsmi Qahirə və ərəb dünyası Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını həmişə müdafiə edib. "İslam Əməkdaşlıq Təşkilatının bəyanatları da buna sübutdur. Digər tərəfdən, Qoşulmama Hərəkatına üzv olan ərəb ölkələri də bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik əraziləri tərk etməlidir. İşğal faktına son qoyulması Cənubi Qafqaz regionunda da sülhün və təhlükəsizliyin təmin olunmasına şərait yaradar. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi insident sübut etdi ki, status-kvonun qorunub saxlanılması və Azərbaycan ərazilərinin işğalının davam etməsi gələcəkdə daha ciddi fəsadlar doğura bilər”, - deyə Ə.Saad qeyd edib.
Ermənistanın
qanunsuz olaraq Livandan və digər Yaxın Şərq
ölkələrindən erməniləri Dağlıq Qarabağda yerləşdirməsi faktına
münasibət bildirən misirli professor deyib ki, ərəb dünyasının da qarşılaşdığı bu problem tamamilə
yolverilməzidir. O əlavə edib:
"Hazırda ərəb dünyası işğal
edilmiş Fələstin ərazilərində
qanunsuz məskunlaşma və həmin
torpaqların ilhaqı ilə beynəlxalq müstəvidə,
qanunlar çərçivəsində
mübarizə aparır. Təəssüf ki,
qardaş Azərbaycan da
analoji problemlə üzləşib.
Dağlıq Qarabağ və ətraf
rayonların yerli əhalisi öz yurd-yuvalarından didərgin
salınıb və onların yaşadıqları ərazilərdə
qeyri-qanuni məskunlaşdırma
aparılır. Qərb ölkələri uzun
illərdir ki, bu cür məsələlərə biganə
yanaşır, çox vaxt
ikili standartlar
mövqeyindən çıxış edirlər. Halbuki beynəlxalq ictimaiyyət hər iki xalqın qarşılaşdığı bu problemlə bağlı daha
qətiyyətli davranmalıdır. Həm azərbaycanlılar,
həm də fələstinlilər öz
doğma yurdlarına
qayıtmalıdırlar. İşğal edilmiş ərazilərdə demoqrafik
vəziyyətin dəyişdirilməsinə yol
vermək olmaz. Bu təhlükəli presedent gələcəkdə daha
ağır fəsadlara səbəb ola bilər.
Özlərini demokratiyanın və insan
haqlarının carçıları adlandıran Qərb
dövlətləri, ilk növbədə,
əzəli torpaqlarından didərgin salınmış, evləri,
mülkləri əllərindən alınmış və
ağır şəraitdə yaşayan məcburi
köçkünlərin hüquqlarını müdafiə
etməlidirlər”.
Azərbaycan.-
2020.-6 sentyabr.- S.2.