Kitab-kitabxana-oxucu üçbucağı və xidmət mədəniyyəti

 

Səbail MKS-nin pandemiya dövründə mədəni-kütləvi tədbirlərinin onlayn forması daha geniş auditoriyanı əhatə edir

 

Milli-mənəvi dəyərlərimizin təbliğində kitabxanaların, xüsusən də onların mərkəzləşdirilmiş sisteminin üzərinə böyük vəzifələr düşür. İlk növbədə, "kitab-kitabxana-oxucu üçbucağı” burada formalaşır və xidmət mədəniyyətinin yüksəlməsi üçün onlara zəmin yaradılır.

Bakının Səbail rayonunda fəaliyyət göstərən zəngin tarixə malik mərkəzi kitabxananın yaradılmasından xeyli vaxt ötüb. Belə ki, M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu 1924-cü ildə Bakı Xalq Maarif Şöbəsinin nəzdində 1920-ci ildən fəaliyyət göstərən Kitabxana Kollektorunun bazasında yaradılıb. 1936-cı ildən Maksim Qorkinin adını daşıyıb.

2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında 11 rayonun Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) və onların saytları yaradılıb. MKS-lərin yaradılması kitabxana işinin inkişafında irəliyə doğru atılan yeni bir addımdır. Dövlət başçısının 2008-ci il 6 oktyabr tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamına uyğun olaraq, 2011-ci il yanvarın 1-dən M. Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondu Mərkəzi Kitabxana kimi fəaliyyətə başlayıb.

Hazırda Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında "Oxuculara xidmət şöbəsi”, "Uşaq şöbəsi”, "Komplektləşdirmə və kitabişləmə”, "Metodikabiblioqrafiya”, "İnformasiya-resurs”, "Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbələri fəaliyyət göstərir.

MKS-nin direktoru Nüşabə Ələkbərova bildirdi ki, bundan başqa, kitabxananın "sabail-mks.az” saytı və elektron kataloq istifadəçilərin ixtiyarına verilib: "Oxucu həmin kataloqa daxil olmaqla mərkəzi kitabxananın və onun filialları fondları ilə tanış ola bilər. Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ənənəvi üsulları ilə yanaşı, oxuculara xidmətin və ədəbiyyat təbliğinin müasir üsul və vastələrindən də istifadə edir. Kitabxana onlayn rejimdə oxucularının görüşünə gəlir, onların tələbat və sorğularına uyğun olan ədəbiyyatın təqdimatını keçirir. Virtual rejimdə müxtəlif kütləvi tədbirlər keçirməklə bir çox oxucunu öz ətrafına toplaya bilir. Hazırlanan rebuslar, kitabxanaçı tövsiyələri, biblioqrafikvirtual icmallar, bukletlər, videoçarxlar, elektron kitab sərgiləri oxucuları kitaba daha da yaxınlaşdırır, asudə vaxtlarının təşkilinə kömək edir, eyni zamanda dünyagörüşünü və bədii zövqünü formalaşdırır. Bu xidmət pandemiya dövründə daha da genişlənib”.

Mərkəzi Kitabxana "Koronavirusa qalib gəl”, "Şeirdə pozitiv ol”, "Mənim sevimli yazarım, "Evdə qal, pozitiv ol”, "Mən oxudum, sən də oxu”, "Kitab oxumayan qalmasın” kimi layihələrdə iştirak edir. Əlbəttə, kitabxananın özü də sıra belə layihələrin müəllifidir. "Hər günə bir kitab”, "Qarabağlılar”, "Birlikdə mütaliə edək”, "Bu günün təqvimi” layihələri oxucular tərəfindən maraqla qarşılanır. Məhz görülən bu işlərin nəticəsidir ki, mərkəzi kitabxana geniş oxucu auditoriyasının diqqətini cəlb edə bilir. Onun "Facebook”, "İnstaqram” səhifələrində, "Youtube” kanalında dostlarının sayı artmaqdadır.

MKS-nin kitabxana-filialları da fəaliyyətlərini genişləndirərək kitabla xidmətin səviyyəsini yüksəltməyə çalışır. Pandemiya dövrünə baxmayaraq, onların öz fondlarının qapılarını müxtəlif ədəbii-bədii tədbirlər və üsullar vasitəslə onlayn rejimdə oxuculara açıqdır. Kitabla xidməti yaxşılaşdırmaq üçün Səbail rayon Mərkəzi Kitabxanasında 2018-ci ilin avqust ayından etibarən sabailabonement.az@mail.ru elektron ünvanında virtual abonement fəaliyyətə başlayıb. Oxucular kitabxanaya gəlmədən, ya yaşayış yerindən ayrılmadan məsafədən sifariş (virtual) verərək istənilən mövzuya (elmi, elmi-kütləvi, metodiki və bədii) dair dərslik, dərs vəsaiti, monoqrafiyaların, qəzet və jurnal məqalələrinin elektron versiyalarını əldə edə bilirlər.

Bundan savayı, oxucuların sorğuları əsasında mövzusorğu arayışları hazırlanıb onlara göndərilir. Oxucu sorğuları əsasında əldə olunan nəşrlərin pdf formatı disklərə köçürülərək, mərkəzi kitabxananın elektron kitab fondunu yaradır və zənginləşdirir.

Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası oxuculara xidmətin müasir tələbata uyğun olaraq həyata keçirilməsi üçün yenidən təmir edilib. Estetik dizayn, müasir texnologiyalar, açıq rəf üsulunun tətbiqi kitab-kitabxana-oxucu və kitabxanaçı-oxucu əlaqələrinin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə kömək edəcək.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2020.- 6 sentyabr.- S.5.