Vətən sevgisi Fərmanı şəhidlik zirvəsinə ucaltdı

 

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Elə dünyada ən böyük qəhrəmanlıq da məhz vətən naminə edilib. Tarixə nəzər salanda görürük ki, elimizin, obamızın ən gözəl ənənələrindən biritorpağa, ana yurda bağlılıqdır. Bu baxımdan ölkəmizin Vətən uğrunda, torpaq uğrunda canından keçən saysız-hesabsız qəhrəmanları var. Bu gün də həmin qəhrəmanların davamçıları torpaqlarımızın ərazi bütövlüyü uğrunda sinələrini Vətəni qorumaq naminə sipər ediblər.

Tariximizin ən şanlı səhifələrindən olan Aprelİyul döyüşləri kiçik bir məkanı əhatə etsə də, sanki dünyanın böyük bir mövzusuna çevrildi. Hər bir azərbaycanlı yaşadığı ölkədə düşmənə özünün sərt üzünü göstərdi. Bu döyüşlər həm də ermənilərə Azərbaycan adlı bir məmləkətin nə qədər böyük bir miqyasa sahib olduğunu bir daha sübut etdi. Özünün gücünə və qüdrətinə inanan Azərbaycan oğulları böyük şücaət göstərdilər. Hər iki döyüşdə Azərbaycan əsgərinin çəkdiyi nərə Ermənistana qara xəbər kimi yayıldı. Bu döyüşlərdə düşmənin verdiyi itkilərin sayı hesaba gəlmədi. Qorxuya düşən ermənilərin fəryadı İrəvanı ağuşuna aldı.

Doğrudur, hər iki döyüşdə itkilərimiz də oldu. Lakin xalq bu döyüşləri düşmən üzərində böyük qələbə kimi qarşıladı. Dövlət xalqın, xalq da dövlətin yanında oldu. Həmin günlərdə Vətənin bütövlüyü arzusunda olan hər kəs döyüş bölgəsinə yollanaraq Azərbaycan xalqının ordu ilə həmrəy olduğunu bir daha dünyaya nümayiş etdirdi. Hamı torpaq uğrunda şəhid olanların cənazəsi və ruhu qarşısında baş əydi. Şəhidlərin doğulub boya-başa çatdıqları evlər sanki ziyarətgaha çevrildi. Dövlətimiz hər zaman olduğu kimi, Aprelİyul döyüşlərində şəhid olan igidlərimizə sahib çıxaraq onların ailələrini tək qoymadı. Bütün ictimaiyyət şəhid ailələrinin yanında olmaqla qayğılarını əsirgəmədi.

Aprel qələbəsindən sonra Tovuz qələbəsi ilə Azərbaycan Ordusunun hansı gücə qadir olması bir daha sübut edildi. Nəinki Ermənistan, eləcə də bütün dünyada yaşayan ermənilər azərbaycanlıların gücünü gördülər.

Belə çətin günlərdə Fərman da əlini-qolunu yanına salıb sakitcə evdə otura bilməzdi. Odur ki, özünü Tərtər istiqamətində gedən döyüşlərə atdı. Mülki geyimdə olsa da, özünü Azərbaycan əsgəri simasında görürdübütün qüvvəsi ilə əsgərlərimizə yardım etməyə can atırdı. Lakin namərd düşmən gülləsi ondan da yan keçmədi və Vətən təəssübkeşliyi onu da şəhid etdi. İndi Fərmanın adı Aprel döyüşlərinin şəhidi kimi ürəklərdə yaşayır.

Fərman Əsədli yaşasaydı, 30 yaşı olacaqdı. O, 1990-cı ilin sentyabr ayının 10-da Gəncədə anadan olmuşdu. 1996-cı ildə Samux rayonunun Sərkar kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 2007-ci ildə məktəbi bitirmişdi. Elə həmin il Gəncə Dövlət Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinə daxil olmuş, 2011-ci ildə ali təhsilini başa vurmuşdu. 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdu.

Hərbi xidməti başa vurduqdan sonra sevib-seçdiyi Validə ilə ailə həyatı qurdu. Bu evlilikdən bir qız övladları dünyaya gəlmişdi ki, Fərman ona anası Xatirənin adını vermişdi. Atası Elçin Əsədli oğlunun bu xoşbəxtliyinə sevinir, boş vaxtlarını nəvəsi ilə keçirirdi. Heç ağlına da gəlməzdi ki, onun da ailəsi nə vaxtsa qapıya qara bağlayacaq. Bu fəlakət 2016-cı il aprelin 2-də gəldi. Özü də ailənin tək oğul övladı Fərmanın şəhid olması ilə.

Hadisə belə olmuşdu. Fərman bacısının həyat yoldaşı Sadiq Əliyevlə belə qərara gəlmişdilər ki, ailəvi olaraq təbiətin qoynuna çəkilib, istirahət etsinlər. Hələ bir qədər də bazarlıq etmişdilər. Lakin qəflətən eşitdikləri xəbər onları fikirlərindən yayındırdı. Aprelin 2-də eşitdilər ki, ermənilər Tərtər istiqamətində təxribat törədərək hücuma keçmişlər. Fərman yeznəsinə telefonla zəng edərək vəziyyəti ona danışdı. Belə qərara gəldilər ki, istirahəti təxirə salıb, cəbhə bölgəsinə getsinlər. Vədələşib səhər saat 10 radələrində cəbhədəki hərbçilərimizə dəstək olmaq üçün Fərmana məxsus "Niva” markalı maşınla Tərtər rayonunun Şıxarx qəsəbəsinə yola düşdülər. Yolüstü əsgərlər üçün bir qədər ərzaq da aldılar.

Qəsəbəyə çatanda burada şiddətli döyüş getdiyini gördülər. Hərbçilər onlara heç bir köməyə ehtiyac olmadığını bildirdilər və ərazini təcili surətdə tərk etmələrini xahiş etdilər. Lakin Fərman da, onun yeznəsi Sadiq də özlərində bir narahatlıq hiss etdilər və döyüş bölgəsindən çox da uzaqlaşmadılar. Həmin vaxt Azərbaycan əsgərləri ermənilərə layiqli cavab verir, onların təxribatının qarşısını igidliklə alırdılar. Ordumuza dəstək olmaq üçün həmin əraziyə digər mülki adamlar da toplaşmışdılar.

Komandirlərdən biri Fərmanla Sadiqdən xahiş edir ki, onlar mülki vətəndaşların oradan uzaqlaşdırılmasına kömək etsinlər. Aldıqları tapşırığın icrasına başlamışdılar ki, birdən düşmən artilleriyası mövqelərimizi atəşə tutmağa başladı. Düşmənin ardıcıl zərbələr endirdiyini görən Fərman cəld özünə məxsus "Niva” markalı maşınına minib sürətlə insanların toplaşdıqları yerə sürdü. Bu vaxt yol kənarında "QAZ-3308” markalı hərbi maşının dayandığını gördü. Dayanıb səbəbini soruşduqda məlum oldu ki, maşının akkumulyatoru düşmənin atdığı güllədən zədələnib. Fərman tez maşınından düşərək Sadiqlə birlikdə "Niva”nın akkumlyatorunu çıxarıb hərbi maşına qoydu və maşını işə salaraq Tərtər istiqamətinə tərəf sürməyə başladı. Sonra onlar maşını lazım olan yerə çatdıraraq yenidən döyüş bölgəsinə qayıtdılar.

Düşmənin atdığı mərmilərdən birinin əsgərimizi yaraladığını görən Fərman Sadiqlə birlikdə onu döyüş bölgəsindən çıxardılar. Beləcə, bütün günü var qüvvələri ilə hərbçilərə kömək etməyə çalışan hər iki gənc axşama yaxın əsgərlərimizlə sağollaşıb Gəncəyə qayıtmaq üçün yola çıxırlar.

Yolda Azərbaycan Ordusunun kapitanı Mübariz Rəhimova rast gələndə kapitanın xahişi ilə onu döyüş bölgəsinə aparmalı olurlar. Onlar Şıxarx qəsəbəsinə çatanda atışma daha da şiddətlənmişdi. Birdən ermənilərin atdıqları mərmilərdən biri onların maşınının düz yanında partlayır. Nəticədə qabaqda oturmuş Fərman ağır yaralanır. Onu Tərtər xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmur.

Eşitdik ki, sentyabrın 10-da Fərman Əsədlinin 30 yaşı tamam olur. Qərara gəldik ki, ailəsinə baş çəkək. Bizi uzun illər hərbçi olmuş atası Elçin Əsədli qarşıladı. Evdə balaca bir qız uşağı da var idi. Elçin müəllim dedi ki, Fərmanın qızıdır. Atasının sağlığında belə fağır deyildi. İndi atasızlıq onu da sakit təbiətli edib.

Elçin Əsədli ilə söhbətimizdə onun ilk sözü bu oldu: "Sevinirəm ki, ermənilərə hər an cavab verə bilən güclü ordumuz var. Aprel döyüşlərində də, İyul döyüşlərində də bunun bir daha şahidi olduq. Erməni təxribatı üzündən Aprel döyüşləri kimi, Tovuz döyüşləri də Azərbaycan Ordusunun döyüş qüdrətini, əsgərlərin mənəvi, psixoloji üstünlüyünü göstərdi. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında erməni təxribatının qarşısı alındı. Ordumuz sübut etdi ki, torpaqlarımızın hər qarışını qorumağa tam hazırdır”.

İgid və vətənpərvər Azərbaycan oğlu Fərman Əsədlinin əziz xatirəsi indi hər kəsin qəlbində dərin iz salıb. Cəmi 26 illik ömründə o elə bir cəsarət nümunəsi göstərdi ki, yüzillər keçsə də, adı qəhrəman oğullarımızın adları ilə bir sırada çəkiləcək. Necə ki, onun şücaətindən bəhs edən "Aprel Fərmanı” adlı sənədli film çəkilmişdir.

Dostları, yaxınları tez-tez Fərmanın doğmalarına zəng edir, onu sevgiehtiramla anırlar. Atası Elçin müəllimi heç vaxt oğul nisgili çəkməyə qoymayan dostları Fərmanın növbəti ad günündə də onun mərdlik və qorxmazlığından, Vətən, torpaq təəssübkeşliyindən danışırlar.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 8 sentyabr.- S.7.