Pandemiya dövründə Uşaq və Ailələrə Dəstək mərkəzlərinin fəaliyyəti barədə müzakirələr aparılıb

 

Sentyabrın 8-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək mərkəzinin (UADM) iştirakı ilə onlayn görüş keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı pandemiya dövründə UADM–lərin fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə edilib.

Komitənin sədri Bahar Muradova tədbiri açaraq iştirakçıları salamlayıb, pandemiya dövründə qurumun fəaliyyəti barədə qısa məlumat verib, mərkəzlərin işi ilə bağlı müzakirənin keçirilməsinin, ötən müddət ərzində görülən işlərin, əldə olunan nəticələrin təhlilinin aparılmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğulayıb. Komitə sədri mərkəzlərin fəaliyyətində ailələrlə işin keyfiyyətinin artırılması, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı işin gücləndirilməsi və həyata keçirilən tədbirlərin nəticələrinin monitorinqinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Həmçinin bu sahədə əldə olunan təcrübəni əsas gətirərək belə struktur bölmələrinin fəaliyyətinin müsbət nəticələr verdiyinirespublika üzrə bütün əhali qruplarını əhatə edə bilmək üçün gələcəkdə yeni mərkəzlərin yaradılmasının önəmini qeyd edib. B.Muradova pandemiya ilə əlaqədar mərkəzlərə daxil olan müraciətlərin sayının artdığını nəzərə alaraq onlayn regional qəbulların keçirilməsinin vacibliyini bildirib.

Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin rəhbəri Zöhrab Həsənov mərkəzlərin sosial işi təcrübədə həyata keçirən qurum kimi həssas təbəqədən olan əhali qruplarını əhatə etdiyini bildirib. Pandemiya dövründə maarifləndirmənin onlayn seminarlar şəklində davam etdirilməsi, həyata keçirilən sosial yardım kampaniyaları, daxil olan müraciətlərlə bağlı görülən işlər barədə məlumat verib, Dövlət proqramlarının icrası istiqamətində qarşıda duran vəzifələri və hədəfləri qeyd edib.

Sonra çıxış edən UADM-nin rəhbərləri Yaqut Qəhrəmanova (Ağdam), Sənəm Alxasova (Goranboy), Cövhərət İbrahimova (Zaqatala), Lətifə Əliyeva (İsmayıllı), Ruhəngiz Əliyeva (Sabirabad), Sitarə Əhmədova (Şüvəlan) və Aynur Əsədova (Hacıqabul) həyata keçirilən tədbirlər barədə məlumat verib, həssas təbəqədən olan ailələrlə işin təkmilləşdirilməsi, hər bir regiona xas problemlərin aradan qaldırılması istiqamətində təkliflər səsləndirdilər.

Daha sonra çıxış edən sədr müavini Sədaqət Qəhrəmanova mərkəzlərin mexanizminin günün tələblərinə uyğun təşkil edilməsinin vacibliyini bildirib, önləyici tədbirlərin keçirilməsi istiqamətində dövlət orqanları və Resurs mərkəzləri ilə birgə əməkdaşlığın müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Sədr müavini Aynur Sofiyeva çıxışında həyata keçirilən tədbirlərin nəticələrinin təhlilinin aparılması məsələsinə toxunaraq sorğuların keçirilməsinin önəminə diqqət çəkib.

Komitə sədri Bahar Muradova qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün mövcud imkanları və səyləri birləşdirməyin vacibliyini vurğulayıb, bunun üçün, ilk növbədə, mərkəzlərin əməkdaşlarının peşəkarlıq bacarıqlarının yüksəldilməsi, müxtəlif əhali qrupları ilə təmasların intensivləşdirilməsi, yerli dövlət orqanları ilə əlaqələndirilmiş işin qurulması, həyata keçirilən fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş addımların atılmasına ehtiyac olduğunu qeyd edib.

Sonda Komitə tərəfindən həyata keçirilən Dövlət proqramlarından və 2020-ci ilin ikinci yarısına dair Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verilib.

 

Azərbaycan.- 2020.- 9 sentyabr.- S.3.