Təhsil strateji hədəfimizdir
Yeni dərs ili qarşısında
Təhsil tarixin bütün
dövrlərində cəmiyyət həyatı
üçün böyük əhəmiyyət kəsb edib. İndiki mərhələdə
isə heç bir zamanda olmadığı qədər
müstəsnalıq daşıyır. Gələcəkdə,
şübhəsiz ki, təhsilin rolu, əhəmiyyəti daha
da artacaq. Bu da təsadüfi deyil. İnsanların həyat şəraitinin
yaxşılaşdırılmasının və
dayanıqlı inkişafın ilkin şərti məhz keyfiyyətli
təhsildir. Daim tərəqqi edən iri dövlətləri
bu gün qərar tutduqları səviyyəyə gətirib
çıxaran təbii resurslarla yanaşı, məhz bilik,
savad, nüfuzlu ali məktəblər və
elmin inkişafıdır.
Sabahımızın
qarantı
Vətəndaşlarımızın
rifahı üçün ardıcıl layihələr
reallaşdıran Azərbaycan dövlətinin təhsil sahəsində
həyata keçirdiyi genişmiqyaslı tədbirlərin əsas
məramı da dünyanın yeni
çağırışlarına uyğunlaşmaq, cəmiyyətimizi
bu günün və gələcəyin inkişaf meyillərinə
hazırlamaqdır.
Müasir dövrdə bilik və
bacarıqların əldə olunmasının, daim təkmilləşdirilməsinin
ölkə üçün də, ayrı-ayrı fərdlər
üçün də nə qədər böyük önəm
daşıdığını Prezident
İlham Əliyev öz nitqlərində
zaman-zaman vurğulayır. Ötən ilin
noyabrında Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki
çıxışı zamanı dövlət rəhbərimizin
qeyd etdiyi fikirlər hər bir vətəndaşımız
üçün gələcəyə doğru aydın yol bələdçisidir.
Prezident İlham Əliyev deyir: "Bilik olmalıdır. Çünki indi yeni peşələr
açılır. Əvvəlki peşələrin
bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr
yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz
4-cü industrial inqilab içərisindəyik”. Daha sonra
xüsusi vurğulanmışdır ki, gərək imkan
yaradaq bizim vətəndaşlara həmin peşələrə
yiyələnsinlər: "Ona görə bu sahədə həm
müəllimlərin üzərinə böyük vəzifə
düşür, həm də tələbələr daim
çalışmalıdırlar. Bilik, savad -
onların yaxşı gələcəyini, təminatlı gələcəyini
müəyyən edən budur”.
Bütün bunlar sadəcə
bəyanat, cəmiyyət üzvlərinə verilən
tövsiyələr deyil, dövlətin həyata
keçirdiyi inkişaf siyasətinin ana xəttidir.
Prezident İlham Əliyev son
onilliklərdə ölkənin əsas təbii sərvəti
olan neftin insan kapitalına çevrilməsini Azərbaycan
dövlətinin əsas strateji hədəflərindən biri
kimi elan edib. Bu istiqamətdə ardıcıl tədbirlər
görülür, davamlı islahatlar həyata keçirilir.
Yaradılmış yeni təhsil mühiti,
müasir yanaşmalar hazırda Azərbaycanda yeni bir nəsil
yetişdirib. Çağdaş
texnologiyalara bələd, geniş
dünyagörüşünə, müvafiq bilik və
bacarıqlara malik bu nəsil cəmiyyət həyatının
ən müxtəlif sahələrində parlaq uğurlarla
özünü ifadə edir. Onların fəallığı,
peşəkarlığı, enerjisi, müasir texnologiyalarla
iş vərdişləri ölkəmizi daha da gücləndirir
və inkişaf axarında önə çıxarır.
Təhsil daimi dəyişikliklər
tələb edən, davamlı şəkildə yenilənən
sahədir. Ona görə Azərbaycanda da təhsil
islahatları bir yerdə dayanmır. Son illər
bu sahənin maddi-texniki bazası müasirləşdirilib.
Ölkənin bütün regionlarında 3500-dən
çox məktəb yenidən tikilib, yaxud əsaslı təmir
edilib. Azərbaycanda ali məktəblərin
mütləq əksəriyyəti müasir standartlara
uyğunlaşdırılıb. Yeni binalar, korpuslar inşa
olunub, təzə ali təhsil ocaqları
yaradılıb. Elə son bir neçə gündə Azərbaycan
Prezidenti İlham Əliyevin və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə
Qobu qəsəbəsindəki 216 nömrəli məktəbin
yeni binasının, əsaslı təmirdən
çıxmış Vaqif Mustafazadə adına 2 nömrəli
Uşaq İncəsənət Məktəbinin, Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) və ADA
Universitetinin yeni tədris korpuslarının
açılışı bunun bir nümunəsidir. Dövlət
başçısı Bakının Nizami rayonundakı 251
nömrəli tam orta məktəbdə aparılan əsaslı
təmir işləri ilə tanış
olub, təhsil ocağının yeni korpusunun
açılışında iştirak edib.
UNEC-in müasir kampus standartlarına
cavab verən, modern memarlıq elementləri ilə zəngin
olan 4 binadan ibarət yeni tədris korpusunda texniki və
texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala
biləcək. ADA Universitetinin isə iki yeni
korpusu istifadəyə verilib. Bu korpuslarda
da təlim-tədrisin ən müasir səviyyədə
aparılması üçün bütün imkanlar
yaradılıb. Dünyanın yeni təhsil
trendləri nəzərə alınıb. Universitetin yüksək texnoloji imkanları sayəsində
tələbələr həm onlayn şəkildə təhsil
ala biləcək, həm də canlı dərslər
keçiriləcək.
Faydalı təcrübə
Yeri gəlmişkən, məsafədən
təhsil artıq günümüzün əsas
reallıqlarındandır. COVID-19
pandemiyasının yaratdığı məhdudiyyətlər
dövründə bu təcrübə dünyada geniş
yayıldı. Onlayn təhsilin nə qədər
effektiv həll olduğunu hamı gördü. Azərbaycan da karantin dövründə onlayn təhsil
metodlarından geniş faydalandı. Dövlətimizin
həyata keçirdiyi operativ tədbirlər nəticəsində
məktəblər, müəllimlər yeni şəraitə
sürətlə uyğunlaşaraq tədris prosesini məsafədən
təşkil etməyə başladılar. Bu məsələdə kütləvi informasiya vasitələrinin,
xüsusilə televiziyaların imkanlarından da istifadə
edildi. Beləliklə, təhsil prosesində
böyük fasilələr yaranmadı. Proqnozlara
görə, dünyada həyat normala dönəndən sonra
da onlayn təhsil təcrübəsindən geniş istifadə
ediləcək. Bu baxımdan karantin dövründə
məsafədən tədris metodlarından istifadə Azərbaycan
təhsili üçün faydalı təcrübə
formalaşdırdı. Distant təhsil
üçün öyrənmək istəyən hər kəsə
açıq zəngin virtual baza formalaşdırıldı.
Təqdir olunan məqamlardan biri də
budur ki, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətlər
2020-2021-ci tədris ilinə hazırlıq prosesinə də
mane ola bilmədi. Hazırda şagirdlər
üçün əvvəlcədən müəyyən
edilmiş plan üzrə lazımi qədər dərsliklər
çap edilib. Tədris müəssisələrinə
qəbul prosesləri, digər tədbirlər uğurla həyata
keçirilib. Karantinin hələ tam aradan
qalxmadığı dövrdə məktəblərdə tədrisin
mərhələli şəkildə başlanması
üçün müvafiq qaydalar müəyyənləşdirilib
və bu qaydalara uyğun olaraq tədricən təhsil müəssisələri
öz fəaliyyətlərini bərpa edə biləcəklər.
Yeni mühit
Son illər təhsilimizdə
ən xoş nailiyyətlərdən biri də Azərbaycanda
xarici ölkələrlə birgə universitetlərin
yaradılmasıdır. Artıq bir neçə müştərək
universitet və xarici ölkələrdəki nüfuzlu ali məktəblərin filialları Azərbaycanda
uğurla fəaliyyət göstərir. Həmçinin
ayrı-ayrı xarici universitetlərlə birgə diplom
proqramları uğurla tətbiq edilir.
Hazırda ADA Universitetinin
perspektiv planında da Bakıda İtaliya-Azərbaycan
Universitetinin təsis edilməsi var. Bu ilin fevralında Prezident
İlham Əliyevin İtaliyaya rəsmi səfəri zamanı
humanitar və təhsil sahəsində əməkdaşlıq
barədə müzakirələr aparılıb, sənədlər
imzalanıb. Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis
olunması və belə bir təhsil ocağının
yaradılmasının ADA Universiteti ilə birlikdə həyata
keçirilməsi razılaşdırılıb. Yeni universitetdə müasir dünya iqtisadiyyatı
üçün vacib olan elektrik mühəndisliyi, su təsərrüfatı
mühəndisliyi, nəqliyyat mühəndisliyi, kənd təsərrüfatı
və qida biznesinə aid sahələr, arxitektura və dizayn
peşələri, menecment, marketinq və digər sahələr
üzrə kadrlar hazırlanacaq.
Bununla beynəlxalq təhsil
təcrübəsi ölkəmizdə geniş yayılır. Ali məktəblər
arasında rəqabət mühiti yaranır. Daha yüksək təhsil standartları müəyyənləşir.
Bundan qazanan isə, təbii ki, cəmiyyətimizdir.
Yüksək standartlara
uyğunlaşdırılan universitetlərdə tələbələrimiz
daha keyfiyyətli təhsil almaq imkanı əldə edir,
qazandıqları müasir bilik və bacarıqlarla qlobal əmək
bazarına maneəsiz olaraq qoşula bilirlər. Digər tərəfdən, nəzərə alaq ki,
hazırda təhsil dünyanın əksər inkişaf
etmiş ölkələri üçün ciddi gəlir mənbəyidir.
Müasir dünyanın insanları təhsilə
və bununla öz fərdi inkişaflarına, gələcəklərinə
böyük investisiyalar qoyurlar. Keyfiyyətli təhsili təmin
edən universitetlərdə müvafiq bilik və bacarıqlara
yiyələnmək üçün hər il
dünyanın müxtəlif ölkələrindən on minlərlə
tələbə gəlir, yaxud distant qaydada müxtəlif təhsil
proqramlarına qoşulur. Bu isə hər bir
ölkə üçün böyük qazanc deməkdir.
Azərbaycan da universitetlərin inkişafı
ilə bağlı həyata keçirilən proqramlarla
yaxın gələcəkdə dünyanın
tanınmış təhsil mərkəzlərindən birinə
çevriləcək.
UNEC-in
açılışı mərasimindən
hazırlanmış reportajlarda media Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın maraqlı bir ifadəsinə xüsusi diqqət
yönəltdi. Mehriban xanım dövlətimizin bu
universitetdə gördüyü işlərdən, gənc nəslin
təhsili üçün yaradılmış yüksək
şəraitdən məmnunluğunu "İnsan lap yenidən
tələbə olmaq istəyir” sevinci ilə ifadə etdi.
Həqiqətən, bu, eyni şəraiti indi məktəbəqədər
tədris müəssisələrimizdən tutmuş
universitetlərimizə qədər bütün təhsil
müəssisələrində görüb müşahidə
edən hər kəsin arzusudur. İnsan
yenidən uşaqlığına, şagirdlik, tələbəlik
dövrlərinə qayıdıb bu müəssisələrin
imkanlarından faydalanmaq istəyir, özünü belə bir
təhsil mühitində yetişdirərək gələcəyə
hazırlamağa can atır.
Bu şəraitin
yaradılmasında, son illər təhsil sahəsində əldə
edilmiş parlaq nəticələrdə Mehriban xanım
Əliyevanın misilsiz əməyi var. Birinci vitse-prezident bu
sahədə həyata keçirdiyi təşəbbüslərlə
təhsili Azərbaycan insanı üçün bir dəyərə
çevirib. Bu sahənin həyatımızda nə qədər
böyük önəm daşıdığını hər
kəsə anladıb, təhsilə münasibətdə
ictimai məsuliyyət hissi formalaşdırıb.
Müəllimin
nüfuzu yüksəlir
Təhsilə göstərilən
dövlət qayğısı, müəllim əməyinə
verilən qiymət cəmiyyətdə bu şərəfli
peşə sahiblərinin nüfuzunu yüksəldir. Təhsil
işçilərinin peşəkarlığının
yüksəldilməsi üçün tətbiq edilən
proqramlar öz bəhrəsini verir. Diaqnostik
qiymətləndirmədən uğurla keçmiş müəllimlərin
əməkhaqqı orta hesabla 2 dəfə
artırılıb. Belə tədbirlər
insanların dünyanın ən gözəl peşələrindən
olan müəllim sənətinə
bağlılığını gücləndirir. Onlarda böyük motivasiya yaradır.
Təkcə bir faktı qeyd edək
ki, bu il müxtəlif məktəblərdə
müəllim vəzifəsinə qəbul üçün 46
minə yaxın şəxs sənəd verib. Belə
bir göstərici əvvəlki illərlə müqayisədə
3 dəfə çoxdur. Bu, təhsilin
inkişafı istiqamətində əldə edilən nəticələrdən,
eyni zamanda təhsil islahatlarına yüksək inamdan irəli
gəlir və minlərlə şəxs arasından gənc nəslin
gələcəyini etibar etməkdən ötrü məhz ən
layiqlilərin seçilməsi üçün güclü rəqabət
mühiti yaradır.
Cəmiyyətimizdə müəllimin
nüfuzunun artmasının əsas göstəricilərindən
biri də ali məktəblərə qəbul
imtahanları zamanı kifayət qədər yüksək bal
toplamış gənclərimizin məhz bu sənəti
seçmələridir. Etiraf edək ki, illər
əvvəl müəllim olmaq istəyənlərin sayı
bu qədər çox deyildi. Gənclər
daha yaxşı dolanışıq imkanı, maddi təminatlar
vəd edən başqa ixtisaslara meyil göstərirdilər.
Amma bu gün müəllimlik gənclərimiz
üçün ən cəlbedici peşələr
sırasında qərarlaşır. Böyüməkdə
olan nəslin təlim-tərbiyəsində, gələcəyinin
formalaşmasında onların rolu cəmiyyətdəki
nüfuzunu getdikcə yüksəldir. Həm
ayrı-ayrı fərdlərin, həm də toplumun müqəddəratı
üçün bu müqəddəs peşə sahiblərinin
nə qədər önəmli sima olduğunu hər kəs
aydın şəkildə dərk edir.
Dördüncü
Sənaye İnqilabı qarşısında
Təhsil sistemimizin ölkəmizin
ümumi iqtisadi və sənaye inkişafı ilə
uzlaşmalı olmasını da Azərbaycan Prezidenti əsas
vəzifələrdən biri kimi aktuallaşdırır. Bu da
Dördüncü Sənaye İnqilabının
mövcudluğu, dünyada gedən rəqəmsallaşma
tendensiyaları ilə bağlıdır. Sirr
deyil ki, rəqəmsallaşma, müasir texnologiyaların
geniş yayılması və tətbiqi bəzi peşələri
lazımsız edir. Artıq yaxın illərdə
sıradan çıxacaq peşələrin bəlli bir
siyahısı var. Bu peşələr üzrə mütəxəssis
hazırlığının davam etdirilməsinə, təbii
ki, ehtiyac yoxdur. Amma buna paralel olaraq, yeni
peşələr ortaya çıxır. Dövlət
rəhbəri yeni yaranan peşələr üzrə mütəxəssis
hazırlığına ciddi diqqət yetirilməsini
tapşırır. Həmin yaradılacaq peşələrin
böyük bilik, savad və müasir texnologiyalar tələb
etdiyini nəzərə alaraq gələcəkdə əhali
arasında işsizlik probleminin yaranmaması üçün
qeyd edilən məsələlər üzrə kompleks tədbirlərin
həyata keçirilməsini, xüsusilə peşə təhsilinin
diqqətdə saxlanmasını, eyni zamanda cəmiyyətdə
bu sahədə maarifləndirmə işlərinin
aparılmasını zəruri sayır.
Bu gün təhsil prosesinin əsas
iştirakçıları müstəqillik dövründə
doğulub formalaşmış nəsli təmsil edən
şagirdlər və tələbələrdir. Bu nəslin
nümayəndələri artıq təhsil işçiləri
arasında da üstünlük qazanmağa başlayırlar.
Ölkəmizin möhtəşəm gələcəyini
keçmişin dəyərləri, zəngin ənənələri
üzərində müasir, vətənpərvər və mənəvi
cəhətdən sağlam olan bu nəsil
formalaşdıracaq.
İradə ƏLİYEVA
Azərbaycan.-
2020.- 9 sentyabr.- S.4.