“Made in Azerbaijan” brendi pandemiya şəraitində də
nüfuzunu artırır
FAO 6 avqust 2020-ci il tarixli açıqlamasında
göstərir ki, Qlobal Ərzaq Qiyməti İndeksi 2020-ci
ilin iyul ayında orta hesabla 94,2 bənd
təşkil edərək
əvvəlki ayla müqayisədə 1,2 faiz
(1,1 bənd) çox,
ötən ilin iyul ayı ilə
müqayisədə isə
0,9 faiz (0,9 bənd) azdır. Vəziyyəti daha aydın
təsəvvür etmək
üçün bəzi
rəqəmləri nəzərdən
keçirək.
2020-ci ilin ikinci rübündə dünya bazarında düyünün 1 tonunun qiyməti kəskin şəkildə artaraq
514,9 dollara çatsa da, bu ilin
iyulunda əvvəlki
ay ilə müqayisədə
7,87 faiz azalaraq 463,4
dollar səviyyəsində qərarlaşmışdır.
Son bir il ərzində
dünya bazarında xam ipəyin qiymətində əsasən
azalma trendi müşahidə olunmuşdur.
Cari ilin iyul ayında 1 ton xam ipəyin qiyməti isə əvvəlki aya nisbətən 4,72 faiz ucuzlaşaraq 39,2 min
dollar olmuşdur. Quru baramanın
qiyməti də keçən ilin iyul ayı ilə
müqayisədə xeyli
aşağıdır. Eləcə də 2017-2019-cu illər ərzində zeytun yağı dünya bazarında əvvəlki illərə nisbətən
xeyli ucuz satılmışdır. Lakin
bu ilin əvvəlində
zeytun yağının
qiymətində davam edən ucuzlaşma fevral ayından artım ilə əvəz olunmuşdur -
2020-ci ilin iyul ayında zeytun yağının 1 tonunun qiyməti əvvəlki ay
ilə müqayisədə
1,06 faiz bahalaşaraq
2,87 min dollara çatmışdır.
Qiymətlərin qeyri-müəyyən, bəzən
də xaotik dəyişməsi qismən
pandemiya dövründə
ortaya çıxan çətinliklərlə bağlıdır. Belə ki,
işçi qüvvəsinin
çatışmazlığı, yolların bağlanması,
sərhədlərin qapanması,
yükdaşımaların kəskin azalması və digər amillər bütünlükdə
aqrar sektorda proqnozlaşdırılması mümkün
olmayan çətinliklər
yaratmışdır. Gözlənilməz çətinliklər, həlli mümkünsüz
olan problemlər aqrar sektorda bir sıra fəsadlara
rəvac vermişdir.
Belə bir vəziyyətdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının
fasiləsiz istehsalı
üçün ciddi
tədbirlər görülmüş,
fermerlərin, torpaq sahiblərinin normal fəaliyyəti
üçün bütün
lazımi tədbirlər
həyata keçirilmışdır. İstehsal edilən
məhsullar yerli və xarici bazarlara sürətlə çatdırılmışdır. Nəticədə 2020-ci ilin
7 ayı ərzində
meyvə-tərəvəz ixracı
359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, pambıq ipliyi ixracı 10,6 milyon, şəkər ixracı 9,3 milyon, bitki, heyvan mənşəli
piy və yağların ixracı
13,7 milyon, çay ixracı 5,5 milyon dollar dəyərində olmuşdur.
Faktiki olaraq Azərbaycan məhsullarının ixracının
artması, ölkə
iqtisadiyyatına xarici
investisiyaların cəlb
edilməsi, "Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ilboyu görülən işlər
müsbət nəticəsini
vermişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) rəhbəri
vəzifəsini icra edən Yusif Abdullayev də son illər qeyri-neft sektorunun inkişafı istiqamətində həyata
keçirilən islahatlar,
qeyri-neft məhsullarının
ixracı və dəstəklənməsi, "Made in
Azerbaijan” brendinin xarici
ölkələrdə tanıdılması
və xarici investisiyaların təşviqi
istiqamətində zəruri
addımların atıldığını
bildirir. Onun sözlərinə görə,
cari ilin əvvəlindən Azərbaycan
şirkətləri Almaniyada
"Beynəlxalq Yaşıl
Həftə 2020”, Rusiyada
"Prodexpo 2020”, BƏƏ-də "Gulfood 2020” sərgilərində iştirak
etmiş, Azərbaycan
məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunmuşdur.
Hazırda İqtisadiyyat
Nazirliyinin dəstəyi,
AZPROMO-nun təşkilatçılığı
ilə yerli şirkətlər cari il sentyabrın
22-25-də Moskvada keçiriləcək
"Worldfood 2020” beynəlxalq
ərzaq sərgisində
iştirak etməyə
hazırlaşırlar. Sərgidə
nar şirəsi, fındıq, şərab
və digər spirtli içkilər, meyvə və tərəvəz, mineral sular,
qənnadı və
un məmulatları, çay,
mürəbbə, kompot,
limonad, meyvə quruları kimi qida məhsulları
"Made in Azerbaijan” vahid ölkə
stendində sərgi ziyarətçilərinə təqdim
olunacaq. Azərbaycan şirkətləri artıq 4-cü dəfədir
ki, bu sərgidə
öz məhsullarını
nümayiş etdirəcəklər.
"Worldfood 2020”
beynəlxalq ərzaq sərgisində iştirak
qeyri-neft sektorunun ixrac coğrafiyasının
genişləndirilməsi, məhsullarımızın
xarici bazarlara ixracının artırılması,
ənənəvi Rusiya
bazarında mövqeyinin
möhkəmləndirilməsi, Azərbaycan sahibkarlarının
xarici iş adamları ilə əlaqələrinin daha da gücləndirilməsi
baxımından xüsusilə
əhəmiyyətlidir. Bundan əlavə,
2020-ci ilin sonunadək
Azərbaycan sahibkarlarının
Şanxay şəhərində
keçiriləcək "3-cü Çin beynəlxalq idxal” ərzaq sərgisində iştirakı
da nəzərdə tutulur.
Göründüyü kimi, ölkəmizdə aqrar sektoru təmsil edən qurumlar pandemiya şəraitində
fəaliyyətlərinə nəinki ara
verir, əksinə,
"Made in Azerbaijan” brendinin nüfuzunun gücləndirilməsi
istiqamətində zəruri
addımlar atırlar.
Onu da qeyd
edək ki, "Made in
Azerbaijan” brendinin təşviqi
məqsədilə indiyədək
Azərbaycan şirkətlərinin
xarici ölkələrə
33 ixrac missiyası təşkil olunmuş, yerli məhsullar 33 beynəlxalq sərgidə
vahid ölkə stendində təqdim edilmişdir. Bu ilin yanvar-avqust aylarında ixrac təşviqinin ödənilməsi ilə
bağlı daxil olan müraciətlər əsasında 80 sahibkarlıq
subyektinə 6,3 milyon manatdan çox ixrac təşviqi ödənilmişdir.
Ümumilikdə isə,
indiyədək sahibkarlara
23,2 milyon manatdan artıq ixrac təşviqi verilmişdir. Məhz belə düşünülmüş
addımlar aqrar sektorun inkişafını
təmin edir, Azərbaycan brendinin formalaşmasında, yeni bazarlara çıxmasında
ciddi rol oynayır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2020.- 9 sentyabr.- S.1; 6.