Aprel və İyul döyüşləri
şəhidlərinin övladları həmkarlar ittifaqları
tərəfindən himayəyə götürülüb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı Vətən uğrunda şəhid olmuş hərbçilərin 18 yaşına qədər olan övladları həmkarlar ittifaqları tərəfindən himayəyə götürülüb. Bu qərara əsasən, 23 şəhidin 41 övladı himayəyə götürülmək üçün qeydə alınıb.
Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin tapşırığı ilə xidmət əhatəsində olan Qazax Rayon Komitəsinin nümayəndələri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş mayor Əhmədov Namiq Hajan oğlunun məzarını ziyarət edib, şəhidin ailəsinə baş çəkib və onun ailə üzvləri ilə həmsöhbət olublar. Şəhidin ailə üzvləri Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının İcraiyyə Komitəsinin “Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar 2016-cı il aprelin 2-5-də və 2020-ci il iyulun 12-14-də döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş hərbi qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi haqqında” 2020-ci il 13 avqust tarixli qərarı ilə tanış ediliblər.
Qərara əsasən, şəhid mayor Namiq Əhmədovun iki azyaşlı övladı - 6 yaşlı Nigar və 10 yaşlı Məhəmməd Əhmədovlar 18 yaşa çatanadək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin himayəsinə götürülüb və hər ay onların hər birinə 150 (bir yüz əlli) manat yardım ediləcək.
Qeyd olunan vəsait artıq sentyabrın 1-də MİHİ Respublika Komitəsi tərəfindən həyata keçirilib.
Bundan əlavə,
Mədəniyyət İşçiləri Həmkarlar
İttifaqı Qazax Rayon
Komitəsi tərəfindən şəhid ailəsinə bir sıra məişət avadanlıqları
hədiyyə edilib. Həmçinin ailənin
bu il ilk
dəfə məktəbə gedəcək qız
övladı Nigara və məktəbli Məhəmmədə
zəruri məktəb ləvazimatları verilib.
Azərbaycan.- 2020.-9 sentyabr.- S.6.