Əhalinin təhlükəsizliyi və
rahatlığının təmin olunması istiqamətində
tədbirlər davam edir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil
yolunda yerüstü piyada keçidinin açılışında iştirak
edib.
AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.
Rahat hərəkət üçün keçiddə beynəlxalq standartlar nəzərə alınmaqla panduslar quraşdırılıb. Pandusların maililiyi 8 dərəcəyə bərabərdir.
Qeyd edək ki, bu piyada keçidinin layihəsi italiyalı dizaynerin təxəyyülünün məhsuludur, konstruksiyaları isə yerli mütəxəssislər tərəfindən hazırlanıb.
Azərbaycan.- 2020.- 10 sentyabr.- S.1; 2.