Neft sazişləri Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafına təkan verir

 

"Neft Azərbaycanın milli sərvətidir”.

 

Heydər ƏLİYEV

 

Belə bir qəbul olunmuş tezis var: "Neft - enerji deməkdir, enerji isə - sərvətdir”. Bu tezis Azərbaycanda uğurla reallaşdırılan neft strategiyasının nəticələri timsalında özünü bir daha təsdiqləmiş oldu.

Ulu Öndər Heydər Əliyevin iqtisadi baxışlarında öncül yerlərdən birini tutan xarici əlaqələrin ölkəmizin mənafeyi baxımından gücləndirilməsi neft sənayesində, daha dəqiq desək, "Əsrin kontraktı” adlanan sazişdə özünü bariz nümayiş etdirir.

Vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin iqtisadi inkişaf konsepsiyasının bel sütunu olan Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi - 1994-cü il sentyabrın 20-də imzalanmış və beynəlxalq aləmdə dərhal "Əsrin müqaviləsi” kimi dəyərləndirilmiş ilk neft sazişinin layihəsinin hər cəhətdən əsaslandırılmış, milli və dövlətçilik maraqlarımıza tam uyğun bir tərzdə işlənib hazırlanması Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və iştirakı ilə müsbət həllini tapmışdır.

Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı o vaxt SOCAR-ın birinci vitse-prezidenti olan İlham Əliyevin qətiyyəti və səriştəliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Çox-çox sonralar cənab İlham Əliyev "Əsrin müqaviləsi”nin imzalanmağa hazırlanması prosesində rəhbər tutduğu prinsiplərin mahiyyəti barədə belə demişdir: "Azərbaycan yeni müstəqil dövlətdir, müstəqil həyatda ilk addımlarını atır... Təbii ki, biz neft kimi bir sərvətə malik olduğumuzdan həm beynəlxalq neft şirkətlərinin (bu, çox müsbət haldır), həm də mənafeləri Azərbaycanda kəsişən bir çox dövlətlərin güclü maraq obyektinə çevrildik. Bizə belə güclü diqqət və karbohidrogen ehtiyatlarının istər hasilatı, istərsə də nəql olunması baxımından hansısa rəqabət, əlbəttə, müəyyən qədər problemlər yarada bilərdi. Ona görə də mən həmişə demişəm: biz istəyirik ki, Azərbaycan rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq zonası olsun”.

Azərbaycanın neft strategiyası haqlı olaraq uzunmüddətli milli inkişaf proqramı kimi dəyərləndirilir. Bu strategiyanın əsas qayəsi ölkənin enerji resurslarının iqtisadi dövriyyəyə cəlb olunması və bunun da əsasında yeni müstəqil dövlətimizin milli təhlükəsizliyini təmin etmək, sosial-iqtisadi inkişafa dayanıqlı xarakter vermək, ölkəmizin düçar olduğu problemləri çözməklə gələcək nəsillərin firavan yaşaması üçün maddi bazanın formalaşması hesab oluna bilər.

Ulu Öndər dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqının malik olduğu ən böyük sərvət olan neft təkcə indiki nəsillərə yox, həm də gələcək nəsillərə məxsusdur.

1994-cü ilin 20 sentyabr günü mübaliğəsiz demək olar ki, xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi əbədi anılacaq. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan neft strategiyasının nəticəsi və istiqamətvericisi hesab olundu və xalqımız üçün çox böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malik "Əsrin kontraktı” adlanan neft müqaviləsi imzalandı. Çox əlamətdardır ki, məhz Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli fərmanı ilə 20 sentyabr "Neftçilər günü” kimi təsbit olunmuşdur.

Ulu Öndər böyük uzaqgörənliklə ölkəmizin neft sənayesinin inkişafını məhz məşhur Qərb şirkətləri ilə əlaqələrin qurulmasında gördü. Digər tərəfdən o, inanırdı ki, neft sənayesinin dirçəldilməsi, ölkənin üzləşdiyi dərin böhrandan çıxması üçün sülh şəraiti vacibdir və bu məqsədlə də 1994-cü ilin may ayında atəşgahın dayandırılması barədə Bişkek protokolu imzalandı.

Əsrin "Neft sazişi”nin ən müsbət cəhətlərindən biri də heç bir ölkənin və ya iri şirkətlərin inhisarına əl yeri qoymurdu - istehlakçıların saylarının çox olması buna yol vermirdi.

Təmsil olunan ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı, Norveç kimi dövlətlərin heç biri sazişin "nəzarət zərfi”nə sahib deyildilər. Bu, Heydər Əliyevin müdrikliyi idi və indinin özündə də heç bir ölkə və ya beynəlxalq qurum Azərbaycana nəyi isə diktə edə bilmir.

Neft sazişlərinin əhəmiyyətindən danışarkən ən azı aşağıdakıları qeyd etmək vacibdir:

- sazişlər Azərbaycan Respublikasında xalqın iqtisadi və sosial rifahının yüksəldilməsi üçün real və uzunmüddətli zəmin yaratmışdır;

- xarici ölkələrin Azərbaycana investisiya qoymalarına böyük imkanlar açmışdır;

- Azərbaycan dünya iqtisadiyyatı üçün açıq ölkə kimi tanınmış, onun dünya iqtisadiyyatına inteqrasiyası reallaşmış və daha da güclənmişdir;

- Azərbaycan özünün həm ictimai-siyasi həyatında, həm də iqtisadiyyatda demokratik respublika kimi bütün dünyada tanınmışdır;

- Azərbaycan iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitlik bütün dünyaya sübut olunmuşdur;

- Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət olması dünya ölkələri tərəfindən qəbul olunmuşdur və xaricdə dövlətimizə etimad möhkəmlənmişdir;

- Azərbaycanın tamamilə müstəqil dövlət olduğu, xalqımızın öz sərvətlərinə sahib olduğu bütün dünyaya nümayiş etdirilmişdir;

- dünya ölkələrinin neftlə bağlı olmayan digər şirkətlərinin də Azərbaycana marağı artmışdır;

- mövcud iqtisadi potensialımızdan daha səmərəli istifadə olunması, uzun müddət durğunluq vəziyyətində olmuş neft-maşınqayırma, neft emalı və neft-kimya sənayesinin yeni inkişaf dövrünə qədəm qoyması və sənayemizin bütün sahələrinin canlanması üçün zəmin yaradılmışdır;

- yeni iş yerlərinin yaradılmasında, işçi qüvvəsinin hazırlanmasında, kadr potensialının möhkəmləndirilməsində və istifadə edilməsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Azərbaycanın azad iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməsi, dünya iqtisadiyyatına sıx bağlanması üçün bu sənədin çox böyük əhəmiyyəti var. Söhbət onun həm siyasi, həm də iqtisadi əhəmiyyətindən gedir.

Heydər Əliyev dənizdəki neft yataqları ilə bərabər, quruda da neft çıxarılmasına diqqəti gücləndirməyi daim tövsiyə etmişdir. Heç də təsadüfi deyildir ki, ARDNŞ-in birinci vitse-prezidenti olarkən cənab İlham Əliyev 1997-ci il fevralın 10-12-də ABŞ-ın Hyuston şəhərində Kembric Enerji Tədqiqatlar Assosiasiyasının enerji problemlərinə aid keçirdiyi beynəlxalq konfransda demişdir: "Hazırda quruda neft istehsalını inkişaf etdirməyə xüsusi maraq göstəririk. Dənizdəki neft yataqlarına sərmayə qoyuluşu ilə əlaqədar heç bir problem yoxdur və şirkətlərin çoxu bu sahəyə meyillidir. Azərbaycan isə, ilk növbədə, yüksək inkişaf etmiş beynəlxalq şirkətlərlə birgə işləmək arzusundadır və bu səbəbdən də kiçik və orta səviyyəli şirkətlərin dənizdəki sahələrdə işləmək imkanı çox azdır. Biz belə şirkətləri məhz qurudakı sahələrdə əməkdaşlıq etməyə dəvət edirik.

Mən sizi əmin edirəm ki, Azərbaycan dövləti əməkdaşlıq etmək istəyən hər bir şirkətin fəaliyyəti üçün lazımi şərait yaradacaqdır və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı əsaslar üzərində qurulacaqdır”.

Neft sazişlərinin əhəmiyyətinin mühüm nəticələrindən danışarkən, dünyanın bir sıra aparıcı ölkələri ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasını, ölkəyə irihəcmli xarici investisiyaların və qabaqcıl texnologiyaların cəlb edilməsini, regionda stabilliyin qorunmasını, dünya iqtisadi sisteminə inteqrasiyanı və s. göstərmək olar.

Ümumilikdə isə demək olar ki, neft sazişləri imzalandığı vaxtdan Azərbaycan yeni inkişaf erasına qədəm qoymuşdur və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə uğurla irəliləməkdədir. Neft sazişlərinin əhəmiyyətinin ən dolğun mahiyyətini cənab İlham Əliyev belə şərh etmişdir: "Bu, bizim üçün həyatda qalmaq layihəsi idi. Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi. Bunlar hamısı baş verdi. Bizim nümunəmizdə neft lənət deyildi. Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan təkcə özünün deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Saziş imzalandıqdan sonra istifadəyə verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.

Neft gəlirlərinin əhəmiyyətli dərəcədə artması Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün çox yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə ölkəmizdə qeyri-neft sektorunun daha sürətlə inkişaf edərək neft sektorunu üstələməsi də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın kifayət qədər zəngin valyuta ehtiyatlarının olması və bu məbləğin getdikcə artması belə deməyə əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəldilməsi, demokratik cəmiyyətin möhkəmlənməsi tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.

Son illər ölkəmizdə ardıcıl və sistemli şəkildə atılan bütün addımlar güclü iqtisadi potensialın yaradılmasına, dövlətin möhkəmlənməsinə və xalqın ictimai təhlükəsizlik və sabitlik şəraitində yaşamasına müsbət təsir göstərmişdir. Regionların tarazlı inkişafı, sahibkarlara geniş rəvac verilməsi, yoxsulluğun azaldılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm uğurlar qazanmışdır. Bütün bunların əsasında məhz ölkəmizin dərin düşünülmüş və uğurla reallaşdırılan neft strategiyası durur desək, yanılmarıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ 2004-cü ildə "Röyter” agentliyinə demişdir: "Hamı bilir ki, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi neft və qeyri-neft sektorunun inkişafına güclü təkan vermişdir. Lakin bizi bu məsələ də düşündürür ki, qısa bir zamanda ölkə varlananda bu imkanlardan necə istifadə etmək lazımdır... Buna görə də prezident seçkilərindən sonra bizim qəbul etdiyimiz regional inkişaf proqramı və sosial-iqtisadi yönümlü digər proqramlar əsasən regionlarımızın inkişafı, iqtisadiyyatımızın çoxşaxəliliyinin təmin olunması, yeni iş yerlərinin açılması, - sözsüz ki, bu yeni iş yerləri qeyri-neft sektorunda yaradılacaqdır, - məqsədi daşıyır”.

Azərbaycanda neft gəlirlərindən istifadədə şəffaflığın təmin olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş ən mühüm sənədlərdən biri kimi 1999-cu il 29 dekabr tarixli "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun yaradılması haqqında” fərman xüsusi qeyd olunmalıdır.

Neft sərvətlərinin nəsillər arasında ədalətli bölünməsinin təmin olunması fəlsəfəsinin əsas götürülməsi zəminində yaradılmış Dövlət Neft Fondu şəffaflıq meyarlarını özündə ehtiva edən bir qurum kimi dünyada yüksək imic qazanmış və dəfələrlə beynəlxalq təltiflərə layiq görülmüşdür.

Dövlət Neft Fondunun hesabat sistemində şəffaflığın təmin edilməsi, təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılması üçün ən müxtəlif forma və üsullardan istifadə edilir. Fondun fəaliyyəti barədə illik hesabatlar mətbuatda mütəmadi olaraq dərc etdirilir. Fondun fəaliyyəti ilə bağlı ictimaiyyətə dəqiq məlumatların çatdırılması məqsədilə media nümayəndələri üçün vaxtaşırı mətbuat konfransları təşkil edilir və s.

Hazırda Neft Fondunun timsalında Azərbaycan neft vəsaitlərinin idarə olunması, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşməyə qadir olan bir ölkəyə çevrilmişdir.

Bir müddət əvvəl ABŞ-ın "New York Times”, "Los Angeles Times” qəzetlərinin, "Bloomberg” informasiya agentliyinin və "Dow Jones/CNBC” telekanalının müxbirlərinə verdiyi müsahibəsində Azərbaycan Respublikasının Prezidenti özünün həyatiliyi artıq heç kimdə şübhə doğurmayan, əksinə, hamıda möhkəm maraq doğuran iqtisadi siyasətinin mühüm cəhətlərini belə bəyan etmişdir: "Belə hesab edirəm ki, Neft Fondunun fəaliyyəti ölkə iqtisadiyyatının gələcəkdə çoxşaxəli inkişafı üçün olduqca vacib rol oynayacaqdır. Neft və onun qiymətindən asılı olmamaq üçün Neft Fondunun vəsaitlərindən istifadə edərək, iqtisadiyyatın digər sahələrinin inkişafına kömək göstərməliyik. Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan Böyük Britaniyanın hasilat sənayesində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biri olmuşdur və bu təşəbbüsə regionda təkan verilməsi istiqamətində göstərdiyimiz fəaliyyət ABŞ və Böyük Britaniya tərəfindən yüksək qiymətləndirilmişdir. Son beş ildə Neft Fondunun açıq və şəffaf şəkildə idarə olunması sahəsində təcrübəmiz mövcuddur və hesab edirəm ki, bu işi uğurla həyata keçiririk”.

Digər bir çıxışında ölkə Prezidenti İlham Əliyev bir daha vurğulamışdır: "Büdcə təsdiq olunanda, büdcə paketi ilə bərabər, Neft Fondundan büdcəyə transfertlər də parlament tərəfindən təsdiq edilir. Yəni ki, bütün Azərbaycan xalqı Milli Məclisdəki öz nümayəndələri vasitəsilə gəlirlərin bölünməsində iştirak edir. Bu, belə də olmalıdır. Bu sərvət, təbii sərvətlər xalqa məxsusdur və Azərbaycan xalqı qərar verməlidir ki, o vəsait hansı istiqamətə yönəldilsin”.

Dünya təcrübəsi göstərir ki, Dövlət Neft Fonduna bənzər qurumların resurs potensialı və fondun vəsaitlərindən istifadənin səmərəliliyi əsas üç amildən, o cümlədən neftin qiymət səviyyəsindən, neftçıxarmanın həcmindən və fondun aktivlərindən necə istifadə olunmasından asılıdır.

Bu amillərin hər üçünün vacibliyi şəraitində üçüncü amilin müstəsna əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Ona görə ki, təbii ki, nə vaxtsa neft-qaz resursları tükənəcək, yəni I və II amillər öz əhəmiyyətini itirəcəkdir. Və yalnız III amil neftsiz dönəmdə əhalinin rifahının təminatında öz təsirini qorumuş olacaqdır. Bu isə yalnız o halda mümkündür ki, Dövlət Neft Fondunun aktivləri onlardan düzgün istifadə və səmərəli yerləşdirilməsi sayəsində Azərbaycanın gələcək nəsillərinə fayda gətirə bilsin. Məhz belə bir şəraitdə əsl dayanıqlı iqtisadiyyat modelindən danışmaq olar. Çünki dayanıqlı inkişaf dedikdə, dünyada hazırkı zamanın tələblərini ödəyən, lakin gələcək nəsillərin mənafeyini təhlükə altına qoymayan iqtisadiyyat qəbul edilir.

Bu mənada Dövlət Neft Fondunun stabilləşdirici (dövlət büdcəsinin dünya qiymətləri konyukturasından asılılığının minimallaşdırılması) və yığım (gələcək nəsillər üçün vəsait formalaşdırılması) funksiyalarının optimallaşdırılması müstəsna əhəmiyyətə malikdir.

Bu baxımdan nə qədər fərqli şəraitdə yaşasaq da, bəzi ölkələrin, ilk növbədə də Norveçin Neft Fondunun təcrübəsindən bəhrələnmək məqsədəuyğun olardı.

Maraqlıdır ki, neft hasilatına görə dünyada 13-cü yeri tutan və ÜDM-də neftin və qazın xüsusi çəkisi 25-%-ə yaxın olan bu ölkədə öz həcminə görə dünyada birinci yeri tutan ( 1 trilyon dollar) neft fondu formalaşdırmaq mümkün olmuşdur, özü də təqribən 25 ilə. Fonda ilk neft gəlirləri 1996-cı ildə daxil olmuşdur. Bir cəhət də xüsusi vurğulanmalıdır ki, Norveçin Neft Fondu nəinki dünyada öz həcminə görə liderdir, həm də ölkəyə çox yüksək gəlirlər gətirir. Düzdür, Çində və BƏƏ-də neft fondlarında daha çox - müvafiq olaraq 1,8 və 1,2 trilyon dollar vəsait toplanmış olsa da, həmin vəsait Çində dörd, BƏƏ-də isə beş fondda paylanmışdır. Məlumat üçün bildirək ki, ən çox neft istehsal edən ölkələrdən biri olan Rusiyanın müvafiq fondu 124,5 milyard dollar vəsaitlə dünya fondları arasında yalnız 11-ci yeri tutur.

Norveç fondunun gəlirlərinin mənbələrindən danışarkən qeyd edək ki, həmin fond dünyada mövcud olan səhmlərin 1,5%-nə malikdir və 9 min şirkətdə (o cümlədən Apple, Microsoft, Alphalet, Nestle, Amazon kimi məşhur şirkətlərdə) paya malikdir. Fond yalnız 2019-cu ildə 180 milyard dollar gəlir əldə etmişdir (20%).

Ümumiyyətlə isə fondun vəsait qoyuluşundan illik gəlirlərin həcmi 5,9% təşkil edir. Heç də təsadüfi deyildir ki, Norveç fondunda ölkə əhalisinin hər bir nəfəri hesabına yığılmış vəsaitin həcmi 190 min dollardan çox təşkil edir.

Maraqlıdır ki, getdikcə daha çox norveçli fonda müraciət edərək onlara "çatası” vəsaitin ( >190.000 dollar) və ya onun bir hissəsinin verilməsini istəyirlər. Onlara izah edilir ki, bu vəsait yalnız ölkədə neft və qaz qurtardıqdan sonra xərclənə bilər və ya gələcək nəsillər üçün nəzərdə tutulmuşdur.

Müstəsna hallarda Norveç fondunun 3 faizini (özü də qoyulmuş investisiyalardan daxil olan gəlirdən) götürmək olar.

Fondun vəsaitlərinin 70 faizi dünya şirkətlərinin səhmlərinə, 28 faizi fiksə olunmuş gəlir gətirən aktivlər portfelinə, qalanı isə birjalarda kotirovka olunmayan daşınmaz əmlaka yönəldilir.

Norveç və BƏƏ-nin yüksək həyat səviyyəsindən söz düşəndə onların neft ölkələri olduğu göstərilir. Axı İraqda, İranda, Rusiyada və Meksikada da neft çox, əhalinin həyat səviyyəsi isə müqayisəolunmaz dərəcədə aşağıdır. Bu da sübut edir ki, karbohidrogenlərlə zənginlik yox, onlardan istifadə metodları daha mühümdür. Dünya təcrübəsi sübut edir ki, neft satışından əldə olunan gəlirlər qanunsuz yollarla ölkədən çıxarılmasa, digər ölkələrin biznesinə yatırılmasa, oğurlanmasa və ölkənin özünə yatırılmasa və ən nəhayət, düzgün idarə olunarsa, çox yüksək iqtisadi-sosial nəticələr əldə etmək, dayanıqlı firavan həyat tərzi təmin etmək olar. Rusiyalı mütəxəssislər Norveç və Rusiyanın müqayisəli təhlilini apararkən ən vacib fərqin idarəetməkdəki müxtəlifliklərlə əlaqələndirmişlər.

Azərbaycan da öz misalında təbii resurslardan düzgün istifadə etməklə işğal və xarici təzyiq şəraitində belə, güclü müstəqil dövlətə, dünyada böyük nüfuza və regionda mühüm söz sahibinə çevrilmişdir.

Məhz idarəetmənin yüksək olduğu ölkələrdə şəffaflıq da daha yaxşı səviyyədə təmin edilir, təbii resurslardan tam fərqli müsbət nəticələr verən istifadə şəraitində iqtisadi inkişafın dayanıqlılığı və əhalinin həyat səviyyəsinin yüksəldilməsi mümkün olur.

Yuxarıda müqayisə edilən ölkələrin timsalında görmək olur ki, neft gəlirləri düzgün idarəedilən ölkələrdə şəffaflıq indeksi yüksək və korrupsiya səviyyəsi aşağı (2019-cu ildə Norveç 7-ci, BƏƏ - 21-ci yer) olduğu halda, Rusiya bu göstəricilər üzrə 137-ci yerdə qərarlaşmışdı.

2017-ci ilin 14 sentyabr tarixində Azərbaycan nefti tarixində yeni səhifə açıldı. Həmin gün Azərbaycan hökuməti və BP başda olmaqla beynəlxalq konsorsium "Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının 2050-ci ilə qədər işlənməsi haqqında yeni saziş imzaladılar. Mötəbər xarici qonaqların da iştirak etdikləri və Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. "Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2056-cı ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

İlkin hesablamalara görə, bu saziş çərçivəsində ilk məhsul 2023-cü ildə əldə olunacaq və saziş müddətinin sonunadək 300 milyon barel neft çıxarılacaq. Sazişin digər əhəmiyyəti həm də ondan ibarətdir ki, böyük dərinliklərdən neft çıxarılmasına imkan verəcək yeni texnologiyaların tətbiqi və əvvəllər cəhd göstərilməyən mezozoy qatlarından neftin çıxarılması əsas məqsəd kimi götürülmüşdür. Yeni sazişdə ARDNŞ-in payının 11,6 faizdən 25 faizə qədər artırılması da diqqət çəkən məqamlardandır.

Birdən-birə dünyanı çənginə alan pandemiya - CovId-19 neft ölkələri üçün daha çox sarsıntılar yaratdı. Tarixdə ilk dəfə olaraq Norveç Neft Fondundan fonda qoyulandan çox vəsait götürmək məcburiyyətində qaldı, dövlət xərclərini qarşılamaq üçün aktivlərini satışa çıxardı. Halbuki nə 2008-ci ilin maliyyə böhranı, nə də ki, 2014-cü ilin neftin qiymətinin kəskin azalması şəraitində bu hal baş verməmişdi.

İndiyə kimi Norveç Neft Fondu 115 milyard dollara qədər vəsait itirmişdir, halbuki ən məhsuldar il olan 2019-cu ildə Fonda 180 milyard dollar vəsait toplanmışdı.

Elə bunun da nəticəsində Norveçdə adambaşına düşən fond vəsaitinin həcmi ötən ilki 200 min dollardan 190 min dollara qədər azalmışdır.

Bir neft ölkəsi olaraq Azərbaycan da bu çətinliklərlə üzləşmişdir. Lakin ölkə Prezidentinin vaxtında, dərin düşünülmüş və düzgün strategiyaya əsaslanan siyasəti sayəsində bir çox ölkələrdə baş verən iqtisadi tənəzzül baş verməmiş, yaranan geriləmələr isə diqqət mərkəzində saxlanılaraq dövlət himayəsinə götürülmüşdür. Bunun da nəticəsində bu ağlagəlməz çətinliklər ilində iqtisadiyyatımızın cəmi hətta inkişaf etmiş ölkələrlə müqayisədə daha az aşağı düşəcəyi proqnozlaşdırılır.

Yuxarıda göstərilənlərdən əlavə digər bir sıra müasir durum üçün aktual problemlər də qaldırılmışdır, o cümlədən özəl sərmayələrin təşviqi, sahibkarlara dəstəyin genişləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması, sosial sahəyə diqqətin masştabı, işsizlik və ictimai iş yerlərinin yaradılması, özünüməşğulluğun təşkili və s. Bütün bunlar, habelə 2020-ci ilin ölkəmizdə çox dərin və geniş islahatlar ili olacağı, siyasi islahatların və siyasi dialoqun genişləndirilməsi, yeni vətəndaş həmrəyliyinin formalaşması və digər atılan düzgün addımlar, koronovirusa qarşı Prezidentimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət dünyanı çənginə almış pandemiyada insanlarımızın sağlamlığının, onların həyatının qorunması sahəsində bir çox ölkələr üçün örnək olan və vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilən dövlət başçısı ətrafında bizim daha sıx birləşməyimizə zəmin yaratmaqla bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağımıza ümidlərimizi möhkəmləndirir.

"Əsrin müqaviləsi” barədə fikirlərimi həmin kontraktın banisi Ulu Öndər haqda yaxın keçmişimizin digər görkəmli siyasi dövlət xadiminin sözləri ilə tamamlamaq istərdim:

Neft kontraktlarında Heydər Əliyevin rolu və uzaqgörən siyasəti 1997-ci il noyabrın 12-də keçirilən təntənəli mərasimdə Gürcüstanın o vaxtkı prezidenti E.Şeverdnadze tərəfindən layiqincə qiymətləndirilmişdir: "Prezident Heydər Əliyev bu yolla öz xalqına xas təmkin və cəsarətlə gedir. "Əsrin müqaviləsi” ideyasının yaranmasından tutmuş ilkin neftin nəqlinədək bu müqavilənin əslində bütün təfərrüatına yaxşı bələd olduğuma görə, Prezident Əliyevə göstərdiyi müdriklik və uzaqgörənlik üçün xüsusi minnətdarlığımı ifadə etmək istəyirəm. Bu müdriklik və uzaqgörənlik olmasaydı, belə nəhəng layihə çətin ki, reallaşardı”.

 

Vahid NOVRUZOV,

Azərbaycan Respublikası

Auditorlar Palatasının sədri,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.- 2020.- 10 sentyabr.- S.1; 3.