AŞPA-da Azərbaycandan Türkiyəyə dəstək
Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası nəticəsində bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edir. Bu münasibətlərin yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Azərbaycan və Türkiyə bir-birini beynəlxalq səviyyədə hər zaman dəstəkləyib və dəstəkləyəcək. Bunun ən parlaq nümunələrindən biri altı il əvvəl Praqada dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən sammitdə baş vermişdi. Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyan orada fürsətdən istifadə edərək Türkiyəyə hücum edən zaman Azərbaycan Prezidenti İlham Əliyev demişdi: "Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam...”.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
Səməd Seyidov deyib ki, qardaş ölkələrimiz hər zaman bir olub və olacaq. Eyni prinsip əsasında AŞPA-da "Zeytun budağı” əməliyyatı zamanı Türkiyəyə qarşı çıxanlara cavab olaraq Azərbaycan Türkiyənin yanında oldu və yüksək tribunalardan qardaş ölkəyə dəstək verdi. Azərbaycan Türkiyəni, həmçinin "Barış bulağı” əməliyyatında da dəstəklədi.
"Azərbaycan ilə Türkiyə hər zaman bir-birinin yanındadır. Lazım olan anda, lazımi yerdə bir-birimizə dəstək verib, istər hərbi mövzuda və ya xarici siyasətdə də bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Elə dünən, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclası zamanı Tovuz hadisələri müzakirə olunanda Türkiyə yenə də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyərək Azərbaycanın yanında olduğunu bildirdi.
Ölkələrimiz arasında qardaş əlaqələri son dövrdə daha da yüksək səviyyədə inkişaf etməkdədir. Mühüm bir nümunəni qeyd edim. Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirini qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə toxundu, Türkiyənin Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkə olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın bütün məsələlərdə Türkiyənin yanında olacağını bildirdi. Bu bəyanat tezliklə öz əksini tapdı. Belə ki, sentyabrın 8-də AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında Milli Məclisin deputatları Şərqi Aralıq dənizi regionunda baş verən gərginlik mövzusunda Azərbaycanın qardaş Türkiyəyə tam dəstəyini ifadə etdilər”, - deyə Səməd Seyidov bildirib.
Qeyd edək ki, Siyasi işlər və demokratiya komitəsinin onlayn iclasında ölkəmizin Türkiyəyə dəstəyini AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Asim Mollazadə və Tural Gəncəliyev bildiriblər.
Azərbaycan.- 2020.- 10 sentyabr.- S.4.