Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondu
arasında əməkdaşlığın perspektivləri
müzakirə olunub
Azərbaycana səfəri çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, qurumun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavinləri Qismət Gözəlov, Sultanbek Rayev və nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, Türk Şurasının nüfuzunun qlobal miqyasda gücləndirilməsini məmnunluqla qeyd edib və təşkilatlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb. Fondun fəaliyyətindən söz açan Günay Əfəndiyeva, türkdilli xalqların ortaq irsinin təbliği çərçivəsində keçiriləcək yeni layihələr barədə danışıb. Günay Əfəndiyeva fondun binasının Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə quruma ayrılan vəsait hesabına ərsəyə gəldiyini vurğulayaraq, yaxın gələcəkdə türkdilli təşkilat rəhbərlərinin Koordinasiya İclasının qurumun binasında keçirilməsini təklif edib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev, Türk Şurasının pandemiya şəraitində keçirdiyi tədbir və görüşlərdən danışıb. O, təşkilatın nüfuzunun beynəlxalq aləmdə artırılmasında Azərbaycanın aktiv sədrliyini və vacib rol oynadığını qeyd edib. Bağdad Amreyev, fondun fəaliyyətini yüksək qiymətləndirərək, Türk Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər türkdilli təşkilatlar arasında əlaqələrin genişləndirilməsinə fəal dəstək verəcəyini bildirib.
Görüşdə Türk Şurası ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək əməkdaşlığın perspektivləri, qarşıdakı tədbirlərin koordinasiyası və ardıcıllığı, birgə sənədlərin qəbulu və imzalanması, Türk Şurasının növbəti Zirvə görüşü, eləcə də Türkdilli təşkilatların rəhbərlərinin Koordinasiya İclası ilə bağlı mövzular müzakirə edilib.
Qonaqlar
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun
binası ilə tanış olublar. Sonda tərəflər arasında
qarşılıqlı hədiyyələr təqdim edilib.
Azərbaycan.- 2020.- 10 sentyabr.- S.4.