Postpandemiya dövrü: yeni çağırışlar

 

Məmur da, vətəndaş da dövlətin mənafeyini şəxsi marağına qurban verməməlidir

 

"Taclı” virus təmtəraqlı adından da bəllidir ki, bəzi qüvvələrin müəyyən məqsədlər üçün düşünüb reallaşdırdığı qlobal layihədir. Onu yaradıb dövriyyəyə buraxanlar üzə çıxmadığından müəllifi məlum deyil. Bu səbəbdən onun kim tərəfindən yaradıması ilə bağlı bir-birlərini qarşılıqlı ititham edən, hədələyən güc mərkəzləri kifayət qədərdir.

Müəmmalı virusun sürətlə yayılması nəticəsində bəşəriyyət elə faciələrlə üzləşib ki, əslində COVID-19-un kimin xəstə təxəyyülünün məhsulu olması arxa plana keçib və artıq bunu düşünən də yoxdur. Əgər ölüm gətirən bu xəstəlik "taclı” viruc adı ilə gündəmə gəlibsə, deməli, ona ümid bəsləyənlər, onu müəyyən məqsədlər üçün dövriyyəyə buraxanlar nə istədiklərini dəqiq bilirmişlər.

Virusun yayıldığı qısa müddət ərzində Yer kürəsi sanki yerindən oynayaraq məhvərindən çıxıb və dünya tarixinin ağır böhranı ilə qarşılaşıb. Planeti kabus kimi cənginə alan bu virusa yoluxanların və ölənlərin sayı milyonlarladır, dünya iqtisadiyyatının itkiləri isə milyardlarla ölçülür.

Belə gərgin vəziyyətdə acizlər ruhdan düşür, vahimələnir və bədbinliyə qapanırlar. Aqillər isə dövrün mizan-tərəzisini nizamlayır, müdriklərə məxsus qətiyyətlə maneələri aşır, irəli gedirlər.

Hamı etiraf edir ki, pandemiya artıq köhnə dövrə, əvvəlki yaşam tərzinə son qoyub. Biz istəsək belə, keçmişə qayıda bilməyəcəyik. Yeni çağırışlar fərqli yaşam və düşüncə tərzinin, daha mükəmməl qaydaların gündəmə gəlməsini qaçılmaz edib. Biz yenə onlara arxa çevirsək, reallıqlarla hesablaşmasaq və qəti tədbirləri zamanında görməsək, indikindən daha çətin vəziyyətə düşə bilərik və daha ağır fəlakətlərlə üzləşərik.

Bu baxımdan Azərbaycan Prezidentinin pandemiya dövründə atdığı addımlara və verdiyi qərarlara fərqli baxış bucağından nəzər yetirmək vacibdir. Hamımız Azərbaycanda koronavirus əleyhinə həyata keçirilən vacib tədbirləri adbaad sadalaya bilərik. Mövcud xəstəxanaların, mehmanxanaların bu virusa yoluxanların müalicəsi üçün ayrılması, yenilərinin tikilməsi, müasir laboratoriyaların qurulması, avadanlıqların alınaraq ölkəyə gətirilməsi və biznesə geniş dəstək layihələrinin, sahibkarlara vergi güzəştlərinin tətbiqi, yerini itirənlərə və sosial yardıma ehtiyacı olanlara edilən yardımlar nəticəsiz qalmayıb.

Lakin diqqət ayırmaq istədiyimiz məqam başqadır. Dövlət başçısı bu mürəkkəb günlərdə dövlət quruculuğunda daha böyük məsuliyyət və tələbkarlıqla ən çətin sahələrdən birini daim diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti kadr islahatlarında dövlətin məmur korpusunu bütün ciddiyyəti ilə məsuliyyətə dəvət edirbildirir ki, vəzifə məmur üçün imtiyazlardan yox, onun çiyninə qoyulan böyük məsuliyyət yükündən ibarətdir. Bütün yeni təyinatlarla bağlı keçirilən videoqəbullarda, bir sıra obyektlərin açılış mərasimlərində, iqtisadi müşavirələrdə dövlət başçısı yeni təyinat alan kadrlardan birmənalı şəkildə tələb edir ki, onlar vəzifələrini icra edərkən xalqın, dövlətin mənafeyini qorusunlar, insanlara yaxın olsunlar, onların qayğılarına şərik çıxsınlar və problemlərini həll etsinlər.

Pandemiyanın tüğyan etdiyi mürəkkəb bir vaxtda kadr islahatları arxa plana keçə bilərdimi? Məmur özbaşınalığının qarşısını almaq üçün pandemiyanın bir qədər səngiməsini gözləmək olardımı? Təbii ki, yox! Bu səbəbdən dövlət başçısı kadrlara qarşı daha tələbkar oldu, daha sərt və güzəştsiz mövqe tutdu. Bütün çıxışlarında məmur özbaşınalığına qarşı barışmaz mövqe sərgilədi, qəti şəkildə heç kimə güzəşt edilməyəcəyini hamının diqqətinə çatırdı. Eyni zamanda ölkə vətəndaşlarına müraciətlərində ictimaiyyətin geniş təbəqələrini fəal vətəndaş mövqeyi nümayiş etdirməyə çağırdı.

Pandemiya ilə bağlı əksər ölkələrdə, o cümlədən Azərbaycanda ciddi qaydalar və qadağaların tətbiqi bu gündavam edir. Amma bu məsələdə bizim ölkəmizdə reallıqlar fərqlidir. Birincisi, müstəqillik tariximiz onilliklərlə ölçülür. Bu o deməkdir ki, dövlət quruculuğu yeni formalaşır, dövlətçilik ənənələri inkişaf mərhələsindədir. İkincisi, Azərbaycan müstəqilliyi elan edilən gündən indiyədək bütün dünyanın göz yumduğu və dolayısı dəstək verdiyi işğalçı Ermənistana təkbaşına müqavimət göstərir, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq, düşmənin saysız hərbi təxribatlarının qarşısını almaq üçün müdafiəsini gücləndirmək, ordusunu müasir silahlarla təchiz etmək məcburiyyətindədir. Bütün bunlara isə təbii ki, böyük vəsaitlər xərclənir.

Əgər erməni işğalçılarının zəbt etdikləri torpaqların, dağıtdıqları şəhər və kəndlərin, tarixi və mədəniyyət abidələrinin, zavod və fabriklərin, digər istehsal sahələrinin və bir milyondan artıq məcburi köçkünə və qaçqına vurduqları maddi ziyanların ümumi dəyərini hesablasaq, alınan rəqəmlərin pandemiyadan doğan itkiləri dəfələrlə üstələdiyini görərik. Üstəlik, pandemiya ilə ilin əvvəlindən mübarizə aparırıqsa, erməni faşist işğalçıları ilə 30 ilə yaxındır döyüşürük. Bu isə o deməkdir ki, Azərbaycan bütün dünyadan daha fərqli çətinliklər qarşısındadır.

Lakin dövlət başçısının islahatçı ruhuna, əqidəsinə sadiqliyi, çətinlikləri dəf etmək bacarığı Azərbaycana pandemiya dövrünü daha az itkilərlə keçməyə imkan verir. Faktiki olaraq dövlət başçısı hər birimizi vətəndaş fəallığına dəvət edir, dövlətçilik ideyalarının təkamülünə dəstək verməyimizi qarşımızda bir tələb kimi qoyur.

Əgər dövlətin üst eşelonunda belə vacib addımlar atılırsa, dövlət məmurundan birmənalı şəkildə yeni davranışlara, qanunun aliliyinə əməl etmək tələb olunursa və müqəssirlər cəzalanırsa, deməli, hər bir vətəndaş da öz işinə, Vətənə, dövlətçiliyə münasibətdə laqeyd müşahidəçi yox, yaradıcı mövqe sərgiləməlidir.

Biz nə qədər fəal olsaq dövlətin gördüyü bütün tədbirlərin faydalı əmsalı daha yüksək olacaq. Dövlət-xalq birliyi, dövlət-vətəndaş həmrəyliyi Azərbaycana inkişaf üçün böyük güc verən ciddi amillərdəndir. Buna görə hər birimizin borcudur ki, ölkədə aparılan islahatlar səviyyəsində əxlaqımızı, vicdanımızı cilalayaq, dövlətin mənafeyini öz maraqlarımızdan üstün tutaq, alman, ingilis, yaponbaşqa xalqlar kimi...

Azərbaycan Prezidenti vəzifəli şəxsi əməllərinə görə cəzalandırırsa, vəzifəsindən azad edirsə, bizimborcumuz dövlətçilik ənənələrini gücləndirmək, islahatlara həyan durmaq, onları qoruyub inkişaf etdirməkdir. İlham Əliyev məmurları necə israrla qanunun aliliyinə dəvət edirsə, biz də hamılıqla yaşam tərzimizi, vərdişlərimizi, düşüncəmizi islah etməli, qanunun aliliyini müqəddəs saymalıyıq.

Sadə bir misal gətirək. Məlumdur ki, "ASAN xidmət” yaradıldıqdan sonra müəyyən sənədlərin, arayışların verilməsində neqativ hallara birdəfəlik son qoyuldu. Bu xidmətdən fayadalananların sayı on milyonlarlarla ölçülür. "ASAN xidmət”in yaradılmasının əsas üstünlüyü ondan ibarətdir ki, o rüşvətxor məmurun qarşısını almaqla yanaşı, həm də hər xidmətə görə haqq ödəməyə alışan vətəndaşı bu imkandan məhrum etdi. Gəlin açıq etiraf edək ki, hansısa idarəyə sənəd dalınca gedəndə qonum-qonşudan, tanış-bilişdən nə qədər rüşvət vermək lazım olduğunu soruşurduq. İndi milyonlarla insan bu quruma müraciət edirheç kim də rüşvət haqqında fikirləşmir.

Bu gün Prezident İlham Əliyevin dövlət quruculuğu istiqamətində apardığı islahatların təsir gücü qismən də olsa hər birimizin vətəndaş mövqeyindən asılıdır. Postpandemiya dövründə o ölkələr irəli çıxacaq ki, onlar mükəmməl idarəetmə sistemlərini qura biləcək və hər bir vətəndaş özündən çox dövlətini düşünəcək.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2020.- 11 sentyabr.- S.2.