Azərbaycan qazının TANAP-la Avropaya test rejimində nəqlinə
başlanıb
Gələn ilin birinci
rübündə TAP-ın da tam gücü ilə fəaliyyət
göstərəcəyi bildirilir
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz” yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya test rejimində nəqlinə başlanıb.
Qaz Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizinin altından keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-ın 2021-ci ilin birinci rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilir.
TAP "Cənub qaz dəhlizi”ni yaradan üç mühüm kəmərin sonuncusudur. Hazırda çəkilişi başa çatmaqda olan bu kəmər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. TAP-ın növbəti uğuru layihənin indiyə qədər keçdiyi yola bir daha nəzər salmağı gündəmə gətirir.
"Şahdəniz” konsorsiumu qazı Avropaya ixrac etmək üçün iddialı olan dörd kəmər sırasından TAP-ı 2013-cü ilin ortalarında seçib. Seçim prosesində TAP səkkiz şərtə görə üstünlük qazanıb. Bunlardan birincisi kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü və dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü və texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə və şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi və səmərəli istismarının mümkünlüyüdür. TAP, eləcə də digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı faktorlar da nəzərə alınıb.
TAP strateji əhəmiyyətli layihədir. O, Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək.
Layihədə SOCAR (20 faiz), BP (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri iştirak
edir.
TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.
Həmin
vaxtdan da tikinti işlərinə başlanıb.
Kəmərlə Azərbaycan qazının
Yunanıstandan, Albaniyadan,
Adriatik dənizinin altından keçməklə
İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya daşınması nəzərdə
tutulur. Bu, uzunluğu
təxminən 878 kilometr
olan boru xəttidir. Onun 550 kilometri Yunanıstanın,
210 kilometri Albaniyanın
ərazisindən, 105 kilometri
Adriatik dənizinin altından keçir və sonuncu hissəsi İtaliya torpağında quru sahəyə çıxır.
Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.
TAP-ın çəkilişi inşaatçılardan
böyük səriştə
və məsuliyyət
tələb edib. Belə ki, xəttin keçdiyi yol fərqli coğrafi şəraitdə yerləşir.
Marşrut boyu kəmərin
ən aşağı
hissəsi dəniz səviyyəsindən təxminən
820 metr dərinlikdədir.
Ən yüksək hissəsi isə Albaniya dağlarında 1800 metrə
çatan zirvələrdən
keçir.
TAP-ın bir sıra yerüstü
obyektləri, məsələn,
ölçmə və
kompressor stansiyaları
da var. Tikinti işlərinin çətinliyi
həm də onunla bağlı idi ki, digər
kəmərlərdən fərqli
olaraq, TAP-ın bir hissəsi suyun altından keçir. Xəttin diametri əsasən
48 düymdür, yalnız
dənizin altından keçən hissəsində
37 düymlük borular
düzülüb.
Diqqətçəkən faktdır ki, kəmərin dəniz hissəsində ümumi çəkisi 100 min ton olan
təxminən 9 min boru
istifadə edilib. Borular Adriatik dənizinin dibində - İtaliya sularında 25, beynəlxalq
sularda 43 və Albaniya sularında 37 kilometr məsafə boyu uzanıb. "Castoro Sei” gəmisi
gündə orta hesabla 1,2-2,8 kilometr boru düzüb.
Bütün bu işlərin mürəkkəbliyinə baxmayaraq,
inşaatçılar indiyədək
onların öhdəsindən
layiqincə gəlib.
Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur.
Kəmərin ilkin ötürücülük
qabiliyyəti ildə
10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard
kubmetrədək artırılması
nəzərdə tutulub.
TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni mənbədən qaz çıxışına
şərait yaranacaq.
Layihənin İtaliyada
bitməsinə baxmayaraq,
gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
təbii qazın ötürüləcəyinin mümkün
olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm
də ondadır ki, Yunanıstan-Bolqarıstan
İnterkonnektoru və
İon-Adriatik qaz kəmərinin təchizatını
asanlaşdıra bilər.
Qarşıda TAP-ın tam gücü ilə işə başlamasına, qazın
Avropa bazarına vaxtında çatdırılmasına,
tranzit və istehlakçı ölkələrin
hər birinin iqtisadi maraqlarının təmin edilməsinə
nail olmaq kimi əsas vəzifə dayanır.
Flora SADIQLI
Azərbaycan.- 2020.-11 sentyabr.-
S. 1; 4.