İdarəetmənin keyfiyyətinin yüksəldilməsində yeni struktur islahatlarının əhəmiyyəti böyükdür

 

Şəhərlər də insan kimidir. Hərəsi öz taleyini yaşayır. Qayğı göstərildikdə böyüyüb inkişaf edir, baxımsızlıqdan bu yolda taleyi yarımçıq qalmış şəhərlər də olur. Azərbaycanın tarix və mədəniyyətində özünəməxsus yeri olan Gəncə şəhəri əsasən inkişaf edən şəhərlər sırasındadır.

Keçmişi ilə əfsanələşən, zaman-zaman yadellilərin basqınına və talanlarına qarşı mətanətlə dayanan və Azərbaycanın qəhrəmanlıq salnaməsinə adını yazdıran bu qədim şəhərin siması tanınmaz dərəcədə dəyişmişdir. Bu yüksəliş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi vaxtlardan başlamış, özünün yeni inkişaf dövrünə qədəm qoyaraq gündən-günə daha da gözəlləşib.

Tarix boyu istiqlaliyyət uğrunda mübarizə aparan, bu yolda qurbanlar verən qədim və qəhrəman Gəncə şəhərinin adı bir neçə dəfə dəyişdirilib. 4 min illik zəngin tarixə malik Gəncə şəhəri 1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncə adı bərpa edilsə də, 22 fevral 1935-ci ildə yenidən şəhər Kirovabada çevrilib. Gəncə adının çəkilməsi sovet imperiyası dövründə yasaq olsa da, xalq şəhərin qədim adını ürəyində yaşadıb. Həmin dövrlərdə şəhərin adının dəyişdirilərək yenidən Gəncə qoyulmasından isə əlbəttə, söhbət gedə bilməzdi. Sovetlər birliyinin şovinist siyasətinin hökm sürdüyü vaxt Gəncənin adının bərpa edilməsi isə böyük cəsarət tələb edirdi. Bu cəsarət 1980-ci ildə Ümummilli Lider Heydər Əliyevdən gəldi. Ulu Öndərin təkidi ilə şəhər iki rayona bölündü. Rayonlardan biri Kəpəz, digəri isə Gəncə adlandırıldı. Beləcə, xalq ürəyində çoxdan gəzdirdiyi məhəbbətə qovuşdu. Bu sevinc 1989-cu ilin 29 noyabrınadək sürdü. İstiqlal uğrunda mübarizəyə qalxan insanlar yenidən Kirovabad adının Gəncə ilə əvəz olunmasını tələb etdi.

Beləliklə, 1989-cu ildə Kirovabad Şəhər Xalq Deputatları Sovetinin sessiyasında sözügedən məsələ müzakirə olundu. Gəncə adının bərpası təklifi ilə qəbul edilərək qərar qəbul edilib. Həmin ilin 30 dekabrında Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti bu qərarı təsdiq etdi. Qərarda deyilirdi: "Gəncənin tarixi adını bərpa etmək haqqında şəhər vətəndaşlarının, əmək kollektivlərinin və respublikanın geniş ictimaiyyətinin çoxsaylı müraciətini, Kirovabad Şəhər Xalq Deputatları Sovetinin xahişini nəzərə alaraq və Azərbaycan SSR Konstitusiyasının 114-cü maddəsinə (18-ci bənd) uyğun olaraq "Kirovabad şəhəri Gəncə şəhəri adlandırılsın”.

Təkrarçılığın olmaması üçün 1991-ci il fevralın 7-də Gəncə rayonunun adı dəyişdirilərək Nizami rayonu adlandırıldı.

Beləliklə, vətənsevər insanların illərlə arzuladıqları bu yolda təqiblərə, təzyiqlərə məruz qaldıqları bir istəyin sonu uğurla nəticələndi. Azadlıq və istiqlaliyyətin müjdəsi oldu Gəncə adının qaytarılması. Sonra bir müddət fırtınalar və burulğanlar içində çalxalanan qədim şəhər xalqın təkidli tələbi və iradəsi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində nicat yolunu tapdı. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bütün ölkə əhalisi kimi gəncəlilər də ölkənin inkişafına töhfələrini verməyə başladılar.

Hazırda Gəncədə bir şəhər və iki rayon icra hakimiyyəti fəaliyyət göstərir. Bu isə bir çox məsələlərdə təkrarçılığa gətirib çıxarır. Məsələn, əvvəllər şəhərdə iki təhsil idarəsi, iki polis şöbəsi, iki prokurorluq, iki səhiyyə idarəsi, eləcə də rayon maliyyə idarələri fəaliyyət göstərirdi. Hazırda onlar ləğv olunsa da, bəzi təşkilatlar, o cümlədən məhkəmə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) hər iki rayonda şöbələri, vətəndaşlıq aktlarının qeydiyyatı idarələri və sair təşkilatlar fəaliyyətlərini davam etdirirlər. İndiki bazar iqtisadiyyatı şəraitində bu qədər təşkilatın fəaliyyət göstərməsi isə söz yox ki, əlavə maliyyə xərcləri deməkdir. Odur ki, Gəncədə Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı təkliflər razılıqla qarşılanır. Söz yox ki, ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının və məmnunluğunun təmin edilməsi ilə bağlı bu təklif öz bəhrəsini verəcək.

Məlum olduğu kimi, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin daha da təkmilləşdirilməsi dövlət idarəçiliyi ilə ictimaiyyət arasında əlaqələri əhəmiyyətli dərəcədə inkişaf etdirir. Bu isə öz növbəsində dövlət idarəçiliyini xalqın istək və arzularına uyğun həyata keçirmək imkanlarını genişləndirir.

Ölkəmizdə həyata keçirilən geniş struktur islahatlarının nəzərə çarpan tərəflərindən biriondan ibarətdir ki, fəaliyyətini ölkəmizin müasir inkişaf templəri ilə uyğunlaşdıra bilməyən bir sıra dövlət idarəetmə institutları və oxşar funksiyaları həyata keçirən dövlət orqanları ləğv olunurbu proses indidavam etdirilir. Bunlar idarəetmənin optimallaşdırılması yolunda olduqca vacib addımlardır. Nəzərə almaq lazımdır ki, bu addımlar həm də bürokratiyanın aradan qaldırılması, dövlət vəsaitlərinə qənaət edilməsi baxımından çox əhəmiyyətlidir.

Söz yox ki, 1980-ci ildə yaradılmış Nizami və Kəpəz rayonları inzibati ərazi bölgüsünün ləğv olunması şəhərdə idarəetmənin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq. İdarəçiliyin şəhərdə bir mərkəzdən həyata keçirilməsi isə vətəndaşların rahatlığını, məmnunluğunu təmin etməklə onların müraciətlərinə baxılma mexanizmini sadələşdirəcək, problemlərin daha çevik şəkildə həll olunmasını təmin edəcək. Bu da təbii ki, idarəetmə sistemində çoxpilləliyi, paralelçiliyi, təkrarçılığı, bürokratiya və süründürməçiliyi aradan qaldıracaq. Nəticədə büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunacaq.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.-11 sentyabr.- S. 4.