Həlledici qərarların yüksək səviyyədə icrası ölkəmizdə virusu nəzarətolunan həddə endirib

 

Qarşıda duran ən mühüm vəzifə isə əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir

 

Dünyada COVID-19 infeksiyasından təsdiqlənmiş ölüm hallarının sayı 900 mini keçib, koronavirusa yoluxma sayı isə 28 milyondan çoxdur.

Təəssüfləndirici reallıqdır ki, bir ilə yaxındır "taclı” bəlaya qarşı görülən bütün tədbirlər təsirsiz olubvirusun yoluxma sürətinin, aldığı canların qarşısına keçə bilməyib.

Tibb elmi isə tez bir zamanda COVID-19-un vaksini ilə bağlı ümidverici nəticələr ortaya qoymaq üçün cidd-cəhdlə çalışır və bu istiqamətdə bəzi ölkələrdə artıq müsbət nəticələr əldə olunduğu da bildirilir.

Azərbaycan dövləti tərəfindən də qlobal böhranla hərtərəfli mübarizə aparılır. Ölkəmiz pandemiyanın yayılmağa başladığı ilk günlərdən bu bəlaya qarşı həlledici tədbirlərə start verib. Virusun kütləvi yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımi işlər vaxtında və operativ şəkildə həyata keçirilibbu davam etdirilir. Qısa zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi isə pandemiyanın mümkün fəsadlarını minimuma endirib.

 

Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi beynəlxalq səviyyədə də nümunə göstərilir

 

Təsadüfi deyil ki, Azərbaycanın pandemiya ilə uğurlu mübarizəsi və əldə etdiyi nailiyyətlər beynəlxalq səviyyədə də nümunə göstərilir.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında çıxışı zamanı da bu məsələni xüsusi vurğuladı: "Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu günbu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi - bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu günbu təmaslar davam edir və əminəm ki, biz birgə səylərlə bu məsələnin - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”.

Bəli, zamanında qəbul edilən qərarların yüksək keyfiyyətlə icra edilməsi ölkəmizdə virusu nəzarətolunan səviyyəyə endirdi.

Səhiyyə sahəsinin qısa zamanda koronavirusla mübarizəyə istiqamətlənməsi də əldə olunan nailiyyətlərdə müstəsna rol oynadı. Hazırda COVID-19 xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir ki, bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilib, ən müasir avadanlıqlarla təchiz olunub.

Pandemiya ilə mübarizə istiqamətində görülən əsaslı işlər sayəsində son aylar ölkəmizdə yoluxma sayı müsbət tendensiya halını alıb, bu isə öz növbəsində yumşalmalara sürətli keçidə rəvac verib. Avqustun 5-dən start götürən yumşalmaların növbəti mərhələsi isə ötən çərşənbə axşamından tətbiq edilməyə başlanılıb.

Belə ki, sentyabrın 8-dən restoranların daxildə xidmət göstərmələrinə icazə verilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyət aradan götürülüb. Lakin avtobusqatar ilə şəhərlərarası sərnişin daşımaya tətbiq edilən qadağa hələ də qüvvədədir. Yəni vətəndaşlar yalnız şəxsi avtomobilləri ilə bölgələrə gedib-gələ biləcəklər.

 

Təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən mühüm məsələlərdəndir

 

Artıq ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas uyğunlaşdırılmış tədris planları, "Tədris planlarına dair qeydlərTəhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib. Əmrə əsasən, sentyabrın 15-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani formada həftədə 2 dəfə, digər şəhər və rayonların ümumi təhsil müəssisələrinin fəaliyyəti isə əyani formada həftədə 3 dəfə tətbiq edilməklə tədris planlarına müvafiq təşkil olunacaq.

Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib ki, hazırda ölkənin təhsil ocaqlarında təhlükəsiz sağlam mühitin yaradılması ən vacib məsələlərdəndir: "Qaydalara görə, orta məktəblərdə şagird sayından asılı olaraq, tibbi kabinet ayrılmalı, burada ixtisaslı kadrlar işləməlidir. Həmin kabinetlərdə çalışan tibb bacıları uşaqların sağlamlığını nəzarətdə saxlamalı, ehtiyac olduğu anlarda dərhal ilkin yardım göstərməlidir. Xəstəliyi keçirən uşaqlar həkim nəzarətində olmalı, şagirdlər mütəmadi olaraq, profilaktik baxışdan keçirilməli və hər hansı bir xəstəliyə şübhəli olanlar dərhal təcrid edilməlidir”.

Nazirlik rəsmisinin sözlərinə görə, təhsil müəssisələrinin açılması havaların soyuması və nəticə etibarilə, xəstəliklərin baş qaldırması dövrünə təsadüf edir: "Payız-qış fəsillərində havaların soyuması, təlim-tərbiyə ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə yaxın təmasda olması və bəzən immunitetlərinin zəifliyi, otaqların sıxlığı, əks epidemik rejimin tam gözlənilməməsi tənəffüs yollarının kəskin infeksion xəstəliklərinə səbəb olur. Uşaq və yeniyetmələrin infeksiyalara qarşı müqavimətini artırmaq üçün onların rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə ocaqlarında və evdə daim optimal şərait ilə təmin olunması vacibdir. COVID-19 pandemiyası dövründə təhsil müəssisələrində nəzərdə tutulmuş əlavə tədbirlər barədə qərarların dərhal verilib, həyata keçirilməsi təhsil və səhiyyə sistemləri üçün böyük bir məsuliyyətdir. Uşaqlar və gənclər UNICEF, ÜST və Səhiyyə Nazirliyi kimi etibarlı mənbələr vasitəsilə COVID-19 virusu haqqında daim məlumatlandırılmalıdır”.

 

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi şərtdir

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 oktyabr tarixdən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, 15 sentyabrdan isə digər rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bağçaların bir qədər gec, 1 oktyabr 2020-ci il tarixdən açılmasının səbəbi əhalinin sayı və sıxlığının daha yüksək olmasıdır. Bu, həm də bağçalarda müvafiq hazırlıqların görülməsi, dezinfeksiya işlərinin aparılması üçün daha uzun müddətin tələb olunması ilə əlaqəlidir.

Eyni zamanda bu müddətdə bağça tərbiyəçiləri və texniki işçilər bağçaların yeni qaydalarla açılması və idarə edilməsinə dair təlimatlandırılacaq, oyun, yataq və digər otaqlar xüsusi qaydalarla təşkil olunacaqdır.

Uşaq bağçalarının açılması zamanı müvafiq sanitar-gigiyenik qaydaların təmin edilməsi vacib şərtdir.

 

COVID-19-la bağlı ictimai nəqliyyatdan istifadə edənlərə vacib müraciət edilib

 

Aylardır dövlətimiz tərəfindən aparılan gərgin mübarizə, vətəndaşlarımızın qoyulan qaydalara məsuliyyətlə riayət etməsi səbəbindən ölkəmizdə normal həyata dönüş sürətlənib. Hazırda isə qarşıda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Vətənimizdə yumşalmalara gedilməsi, xeyli məhdudiyyətin aradan qaldırılması pandemiyanın başa çatması anlamına gəlməməlidir və insanlarda arxayınlıq yaratmamalıdır. Unudulmamalıdır ki, yumşalmalardan sonra bəzi ölkələrdə xəstələrin sayında artım müşahidə olunur ki, bu, hər birimizi daha məsuliyyətli olmağa sövq etməlidir.

Sözügedən məsələ ilə bağlı DİN Baş DYP İdarəsi də şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib. Qurumdan verilən məlumata görə, son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə edilir: "Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər”.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 11 sentyabr.- S.1; 5.