Onlar sabaha böyük ümidlə baxırlar

 

"Könüllülər ili"nin gəncləri

 

Müasir Azərbaycanın memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyası hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, gənclərə göstərilən diqqət və qayğı da əsas vəzifələrdən birinə çevrildi. Bununla da ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu.

1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi, 1997-ci il fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı fərmanın imzalanması dövlət gənclər siyasətinin uzunmüddətli strategiyasını müəyyənləşdirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qeyd edək ki, indi Azərbaycanda dinamik gənclər hərəkatı mövcuddur. Qəbul olunan dövlət proqramlarında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, bu aparıcı qüvvənin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, təhsil və məşğulluğuna diqqəti artırmaq kimi məsələlər prioritet olaraq qalmaqdadır. Qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsində isə söz yox ki, ali təhsil müəssisələrində fəaliyyət göstərən tələbə gənclər təşkilatlarının rolu böyükdür.

Gəncə Dövlət Universitetində gənclərin hərtərəfli inkişafını təmin etmək məqsədilə nəzərdə tutulan tədbirlər də dayandırılmamışdır. İstər pandemiya başlamazdan əvvəl, istərsə də universitetin tələbə gənclər təşkilatı öz fəaliyyətini daha da genişləndirmiş, tədbirlərin onlayn qaydada keçirilməsini təmin etmişdir. Onların bacarıqlarının, istedadlarının daha da inkişafı məqsədilə tez-tez intellektual yarışların, əyləncəli konsert proqramlarının virtual təşkilinə xüsusi diqqət yetirilmişdir. Bu baxımdan mütəmadi olaraq keçirilən istər fərdi, istərsə də fakültələrarası "Bilik kubokuintellektual çempionat, "Mən bacarıram” layihəsi, əl işlərindən ibarət "Qızıl əllər” adlı sərgilər böyük əhəmiyyət kəsb edir.

Tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların bir-birlərini daha yaxşı tanımaları, əlaqələrin möhkəmlənməsi, eyni zamanda, Gəncənin, ölkəmizin mədəniyyətini və tarixini daha dərindən öyrənmək üçün şəhərdə fəaliyyət göstərən muzeylərə, eləcə də ətraf rayonlara onlayn ekskursiyalar xüsusi maraq doğurur. Bundan başqa, tələbələrə humanizm anlayışını aşılamaq, belə nəcib hissləri inkişaf etdirmək məqsədilə Gəncə şəhərində yerləşən valideyn himayəsindən məhrum uşaqların yaşadıqları uşaq evlərinə baş çəkilir, onlar üçün müxtəlif müsabiqələr, rəsm yarışları təşkil edilir.

Bu gün gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin aşılanması da çox mühüm məsələdir. Əslində elə təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır. Bu, ilk növbədə, konkret şəxsiyyətin bütün varlığında yaşatdığı dəyərlərə bağlılığıdır. Qloballaşma dövründə gənclərimizi yalnız bu bağlılığın gücü ilə ziyanlı təsirlərdən qoruya bilərik. Tələbə gənclər təşkilatı bu məqsədlə bir sıra maarifləndirici tədbirlər həyata keçirir. Erkən və gecikmiş nikahlar, onların fəsadları, narkotikanın və alkoqollu içkilərin yaratdığı problemlərlə, həmçinin QİÇS-ə qarşı mübarizə ilə bağlı söhbətlər və digər tədbirlər öz müsbət nəticələrini verir.

Universitetimizin tələbə gənclər təşkilatı gənclərdə yüksək vətənpərvərlik ruhunun aşlanması üçün də mütəmadi olaraq xüsusi layihələr reallaşdırır. Bu məqsədlə respublikamızın həyatında mühüm əhəmiyyətə malik tarixi günlər, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən Milli qəhrəmanlar haqqında ətraflı məlumatların əldə edilməsi və daha da zənginləşdirilməsi üçün onlayn qaydada "dəyirmi masalar təşkil olunur.

Gəncə Dövlət Universiteti şəhərdə fəaliyyət göstərən orta məktəblərlə də sıx əməkdaşlıq edir. Tələbələrin universitetin baza məktəbləri olan 4 və 39 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının, şeir gecələrinin, bilik yarışlarının təşkili yaddaqalan olur. Universitetin təşkilatçılığı ilə Gəncə şəhər və ətraf rayon məktəbləri şagirdlərinin kimyabiologiya fənləri üzrə olimpiadalarının təşkili və burada olimpiadalarda yer tutmuş şagirdlərin universitet rəhbərliyi tərəfindən fəxri fərmanlara layiq görülməsi, onlara qiymətli hədiyyələrin verilməsi müsbət qarşılanır.

Qeyd edək ki, həyata keçirilən bütün bu tədbirlərin nəticəsidir ki, universitet tələbələri istər şəhər, istərsə də respublika üzrə keçirilən intellektual yarışlarda böyük uğurlar əldə edirlər. "Mer kuboku”, "Regionlar kuboku”, "Nə? Harda? Nə zaman?” çempionatı, "Bilik kuboku” və digər yarışlarda daim qələbə qazanaraq ən yüksək uğurlara imza atırlar.

Bundan başqa, gənclər respublika əhəmiyyətli tədbirlərdə də fəallıq göstərərək könüllülük hərəkatına öz töhfələrini verirlər. Qazanılan bu uğurlar isə mükafatsız qalmır. Universitetin tələbə gənclər təşkilatı dəfələrlə Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən "Fəxri diplomlara, "Təşəkkürnamə”lərə və müxtəlif mükafatlara layiq görülmüşdür.

 

Orxan MƏMMƏDOV,

Gəncə Dövlət Universitetinin

Tələbə Gənclər Təşkilatının sədri

 

Azərbaycan.- 2020.- 11 sentyabr.- S.6.