Vətəndaş maraqlarına xidmət edən mütərəqqi
sosial müdafiə sistemi
İlham Əliyev: "Siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı
dayanır”
Məşğulluq sosial siyasətin spesifik istiqamətidir
Respublikamız qonşu ölkələrdən fərqli olaraq əlverişli demoqrafik şəraitə malikdir. Son 20 ildə respublika əhalisi artmış və 10 milyon nəfəri ötmüşdür. Belə demoqrafik inkişaf əmək qabiliyyətli insanların sayının artmasını şərtləndirir, lakin məşğulluqla bağlı əlavə problemlər yaradır. Bu baxımdan məşğulluq, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. Bu problemin həlli ölkəmizin dinamik inkişafının strateji amili kimi qiymətləndirilir və hökumətə bu istiqamətdə tapşırıqlar verir. Eynu zamanda bu əmək ehtiyatları artmayan ölkələrdən fərqli olaraq yeni yanaşmalar tələb edir.
Ötən 17 ildə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi, iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xüsusən regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun icrası nəticəsində regionlarda çoxsaylı yeni iş yerləri yaradılmışdır. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi amili kimi vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Xüsusilə qeyd etmək istərdim ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq, ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı və bu vəzifə də uğurla həll edildi.
Bu gün Azərbaycanda yaradılan yeni iş yerlərinin sayı daha böyük rəqəmlərlə ifadə olunur. Təkcə cari ilin birinci yarısında ölkədə 84,8 min yeni iş yerlərinin açılması da təsdiq edir ki, yeni iş yerlərinin yaradılması ölkəmiz üçün daimi prosesdir. İşsizlik isə təxminən 5 faiz səviyyəsindədir. Ümumilikdə isə bu ilin avqust ayına olan məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 230 min nəfərdir. Onlardan 4 milyon 881,5 min nəfərini məşğul əhali təşkil edir.
Respublikanın keyfiyyətli iqtisadi inkişafını, real sektorun quruluşunun şaxələndirilməsini təmin etmək müntəzəm olaraq yeni, yüksək elm və texnoloji tutumlu istehsal sahələrinin yaradılmasını zəruri edir. Lakin rəqəmsal iqtisadiyyatın sürətli inkişafı bir tərəfdən iş yerlərini ixtisar etməklə müşayiət edilirsə, digər tərəfdən artan iqtisadi və sosial tərəqqi əlavə işçi qüvvəsinə ehtiyac hiss edir. Bu baxımdan müasir elmi-texniki inqilabın yaratdığı bu proseslər daim diqqət mərkəzində olmalı, müvafiq qurumlar investisiya siyasətinin formalaşması, prosesində məşğulluq amilini nəzərə almalı, mütərəqqi əmək tutumlu layihələrə üstünlük verməlidirlər. Dövlət başçısı məşğulluq problemlərindən danışarkən işçilərin ixtisarı məsələsinə çox həssaslıqla yanaşılmasını vacib sayır. Təəssüf ki, bir sıra hallarda bu həssas məsələyə lazımi diqqət verilmir.
Bir məsələni də unutmalı deyilik ki, hazırda bütün bəşəriyyət dördüncü sənaye inqilabı dövrünə qədəm qoyur. Bu dövr yuxarıda qeyd edildiyi kimi, mühüm texniki yenilikləri ilə bərabər həm də bir sıra sosial çətinlikləri də ehtiva edir ki, bunlardan ən mühümü iş yerlərinin ixtisara salınmasıdır. Ona görə belə bir mərhələdə xüsusən sahibkarlar özlərinin sosial məsuliyyətini dərk etməli, məşğulluq məsələlərinə, baş verə biləcək ixtisarlara diqqətlə yanaşmalı, qanunvericiliyə riayət edilməsini əsas tutmalıdırlar.
Azərbaycan dövləti tərəfindən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, onların aktiv əməyə cəlb edilməsinə, məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir.
Bu baxımdan cəmiyyətimiz üçün nisbətən yeni hesab edilən Özünüməşğulluq proqramı barədə qısaca bəhs etmək istərdim. Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli sərəncamı ilə həyata keçirilən Özünüməşğulluq proqramı dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.
Sosial sahədə önəmli layihələrdən olan Özünüməşğulluq proqramı məhz maddi çətinliyi olan ailələrin özlərinə yaxşı dolanışıq şəraiti yaratmağa imkan verir. Dövlət, yerli icra orqanları və özəl qurumların bu istiqamətdə layihələr həyata keçirmələri qarşıya məqsəd kimi qoyulub. Özünüməşğulluq vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə.
Qeyri-neft sektorunun aparıcı sahəsi olan kənd təsərrüfatında özünüməşğulluğun inkişafı üçün xüsusilə geniş imkanlar var. Çünki bu sahə çoxşaxəlidir. Kənd yerlərində insanlar ailələri ilə birlikdə heyvandarlıqla, quşçuluqla, arıçılıqla, bağçılıqla, tərəvəzçiliklə məşğul olurlar. Dövlət də onlara maddi dəstək verir. Başqa sözlə, özünüməşğulluğa diqqətin artırılması belə insanlara öz fəaliyyətlərini genişləndirmək üçün münasib şərait yaradır. Elə buna görə də Heydər Əliyev Fondu bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə böyük dəstək verib.
"Sosial bağlar” layihəsi çərçivəsində sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının, arıçılıq təsərrüfatlarının yaradılması ilə bağlı mühüm işlər görülüb. Bütövlükdə, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunmasına və gəlirlərini artırmalarına imkan verən bu layihə belə ailələrin ünvanlı dövlət sosial yardımı proqramından asılılığının aradan qaldırılmasına və kiçik sahibkarlığa çıxış imkanlarına yiyələnmələrinə şərait yaradır. Eyni zamanda layihə üzrə yeni bağçılıq sahələrinin yaradılması qeyri-neft sektorunun mühüm sahəsi olan kənd təsərrüfatının inkişafına əlavə dəstəkdir.
Özünüməşğulluq proqramına dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq da cari il üzrə davam etdiriləcək. Belə ki, 2020-ci ildə daha 250 ailə üçün bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub.
Cari il ərzində 12 min işsiz şəxsin proqrama cəlb edilməsi planlaşdırılır. Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4500-dən çox vətəndaş bu proqrama cəlb edilib.
Azərbaycanda özünüməşğulluğu inkişaf etdirmək üçün hərtərəfli şərait və imkan var. Artıq yerli banklar da bu proqramın həyata keçirilməsinə fəal dəstək verməyə başlayıblar. Belə ki, proqramın icrasına dəstək işlərinə ölkədə fəaliyyət göstərən 21 bank qoşulub. Prezident İlham Əliyev "Şadam ki, Özünüməşğulluq proqramına bizim banklar da qoşuldu. Bu, çox müsbət haldır. Biz bu proqrama Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə başlamışdıq. İndi həm Dünya Bankı qoşuldu - 100 milyon dollar həcmində, eyni zamanda, bizim banklar qoşuldular” deyə - qeyd edib.
Onu da qeyd edim ki, 2020-ci ilin yazında Milli Məclisin növbədənkənar sessiyasının iclasında "Məşğulluq haqqında” qanunun 14 maddəsinə edilən dəyişikliklərdə məşğulluğun əlçatanlığının təmin edilməsi, peşə hazırlığı, ictimai işlərə cəlb olunanların işsiz vətəndaşların daha geniş təbəqəsini əhatə etməsi və digər məqamlar öz əksini tapdı.
Həyat səviyyəsi göstəricilərinin
yüksəldilməsində yeni keyfiyyət mərhələsi
2018-ci ilin prezident seçkilərindəki qələbədən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident ciddi islahatların aparılacağını bəyan etmişdi. Nitqində sosial siyasətin daim diqqət mərkəzində olduğunu deyən Prezident növbəti illərdə çox ciddi islahatların aparılacağını və bütün bunların vətəndaşlarımızın yaşayış səviyyəsini daha da yaxşılaşdıracağını bəyan edərək dedi: "Son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib, 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır”.
2018-ci ildə Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar iqtisadiyyatda şəffaflığın səviyyəsini artırdı, iqtisadi artımın yeni mənbələrinin tapılmasına imkan yaratdı, qeyri-neft sektorunun sürətli inkişafını təmin etdi. Təbii ki, bütün bu nəticələr özünü həm də dövlət büdcəsinin gəlirlərinin artımında, infilyasıyanın həcminin kiçik olmasında, ixracın həcminin artımında və Azərbaycanın strateji valyuta ehtiyatlarının həcminin artmasında göstərdi. 2018-ci ildə qəbul olunmuş 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və 2019-cu ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına cənab İlham Əliyevin sərəncamları ilə iki dəfə geniş sosial paket elan edildi.
A) 2019-cu ildən başlanan sosial
islahatlar 4,2 milyondan artıq vətəndaşı
əhatə etdi. Ötən il həyata
keçirilən sosial islahatlar öz miqyası və vətəndaşların
maddi rifahının yaxşılaşdırılması
baxımından mühüm əhəmiyyət kəsb edir. 2019-cu ilin fevral ayında İlham Əliyev təxminən
3 milyon vətəndaşı əhatə edən bir sosial
paketi təsdiqlədi. Bu paketdə minimum əməkhaqqının,
əmək pensiyalarının minimum məbləğinin,
sosial müavinətlərin, tələbə, magistr və
doktorantlara verilən təqaüdlərin, məcburi
köçkünlərə verilən müavinətlərin
artırılması, problemli kreditlərə son qoyulması,
yeni inşa olunmuş binalardakı mənzillərin sənədləşdirilməsi
kimi vətəndaş məmnunluğuna yol açan məsələlər
öz əksini tapdı.
Beləliklə, iqtisadi sahədə
əldə edilmiş mötəbər uğurların sosial
sferaya transformasiyası dövlət
başçısının bəyan etdiyi sosial iqtisadi kursun
başlıca prinsipi olmaqla, ötən ilin əvvəlindən
etibarən ölkə vətəndaşlarının sosial təminatını
əhəmiyyətli dərəcədə artırdı. Həmin vaxt
keçirdiyi müşavirədə Prezident İlham
Əliyev vətəndaşların sosial rifahının
yüksəldilməsi ilə bağlı addımların
bundan sonra da atılacağını bəyan etdi. 2019-cu ilin iyun ayının 18-də isə dövlət
başçısı imzaladığı 17 sərəncamla
əhalinin müdafiəsini gücləndirmək məqsədilə
növbəti sosial paketi təsdiq etdi. Beləliklə,
sosial sahədə bu ilin əvvəlində atılan inqilabi
addımların yeni mərhələsinə start verildi.
Qeyd edək ki, birinci paket 3
milyon vətəndaşı əhatə etdi. Bu sosial islahat
paketi tam şəkildə icra olundu və həm
pensiyaçılarımızın, həm də işləyən
vətəndaşlarımızın əməkhaqları
artırıldı. Minimum əməkhaqqının məbləği
martın 1-dən 50 manat (38,4 faiz)
artırılaraq 130 manatdan 180 manata çatdırıldı.
Əmək pensiyasının minimum məbləği
isə 160 manat məbləğində müəyyən
olundu.
İkinci sosial paketin icrası nəticəsində
isə sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqı
250 manata çatdırıldı, həmçinin oktyabr
ayından əmək pensiyasının minimum məbləği
200 manat təşkil etdi. Ümumilikdə isə iki sosial
paketin 4,2 milyon vətəndaşı əhatə
etməsi göstərdi ki, ölkədə həyata
keçirilən siyasət məhz insan amilinə xidmət
edir. Minimum əməkhaqqının, əmək
pensiyalarının minimum məbləğinin, sosial müavinətlərin
artırılması həm vətəndaş məmnunluğuna,
həm də sosial rifahın yüksəldilməsinə xidmət
edən addımlar kimi ictimaiyyətin dərin rəğbətinə
səbəb oldu.
Bu ilin əvvəlindən isə
pensiyaların indeksasiyası ilə bağlı dövlət
başçısının qəbul etdiyi qərara uyğun
olaraq 1,2 milyon pensiyaçının
pensiyaları 16,6 faiz artırılıb. Bu ilin
ötən dövründə orta pensiya ötən ilin
müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq
300 manata yaxınlaşıb. Hazırda Azərbaycan
minimum pensiyanın məbləğinə görə
alıcılıq qabiliyyəti üzrə MDB-də birinci,
orta pensiyanın alıcılıq qabiliyyətinə görə
isə ikinci yeri tutur.
Bununla belə Prezident
İlham Əliyev bildirmişdir ki, bu artım böyük olsa
da, bizi qane edə bilməz, maaşlar və pensiyalar bundan
sonra da qaldırılacaq.
Bütün bunlarla
yanaşı, çoxmənzilli binanın sənədləşməsindəki
problemlərə son qoyulması, fiziki şəxslərin
problemli kreditlərinin həlli ötən ilin ən
mühüm hadisələri kimi sosial siyasətin mütərəqqi
nümunələridir. Çünki bütün hallarda vətəndaşı
narazı salan və narahat edən problemlər həll
olunmalıdır.
B) Sosial xidmətlərə yeni nəfəs
verən DOST. Sosial xidmətlər sahəsində keyfiyyətcə
yeni mərhələ açan, hər kəsə dost məramı
ilə yanaşan, şəffaflıq, operativlik, vətəndaş
məmnunluğunu təmin etmək məqsədilə
yaradılan DOST layihəsi Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsünün nəticəsidir.
Agentliyin missiyası Azərbaycan əhalisinin
dövlət tərəfindən təklif edilən əmək
və sosial müdafiə xidmətlərinə Xidmət mərkəzləri
şəbəkəsi vasitəsilə müasir, operativ və
elektron xidmətlərin tətbiqi ilə rahat
çıxışını təmin etməkdir. Layihə əmək, məşğulluq, sosial
müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin
keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə
şəffaflığın artırılması, innovativ həllərin
tətbiqi və vətəndaş məmnunluğunun təmin
edilməsi məqsədi daşıyır.
DOST xidmətlərinin fəaliyyətə
başlaması sosial xidmətlərlə bağlı dövlət
orqanlarına müraciət zamanı həm vaxt itkisinin
qarşısının alınması, həm də vətəndaşların
bu səbəblərdən keçirə biləcəyi əsəb
və stresə son qoyulması baxımından mühüm
hadisədir.
Bütün bunlarla yanaşı, DOST xidmətinin həm cəmiyyətin
ümumi mədəni, həm dövlət-vətəndaş
münasibətlərinin səviyyəsinin yüksəlməsində,
həm də korrupsiyaya ciddi zərbənin vurulmasında
böyük rolu var.
Respublikada
bütövlükdə 30-dan çox mərkəzin fəaliyyətə
başlaması nəzərdə tutulur. Ümid edirəm ki,
yaxın bir neçə il ərzində Bakıda
və bütün ölkə üzrə DOST mərkəzləri
fəaliyyətə başlayacaq. Onlarda da 130-dan
çox xidmət göstəriləcəkdir.
Prezidentin vətəndaşlarla
görüşləri sosial siyasətin təkmilləşməsi
üçün yeni imkanlar açır
Cəmiyyətdə sosial ədalətə
nail olmadan ölkəni inkişaf yoluna çıxarmaq
mümkün deyil. Sosial ədalət Azərbaycan
cəmiyyətinin, Azərbaycan xalqının təbiətinə,
ruhuna uyğundur. Ta qədimdən Azərbaycan xalqı ədalətə
tərəfdar olub, ədaləti müdafiə edib. Sosial ədalətlilik prinsipi bu gün Prezident
İlham Əliyevin həyata keçirdiyi siyasi xətdə
daha inkişaf etmiş formada özünü göstərir.
Ədalətlilik ölkənin sosial-iqtisadi inkişafından ədalətli
şəkildə xalqa pay düşməsi, Azərbaycan
dövlətinin milli sərvətlərdən əldə
olunan gəlirlərin insanlarımıza ədalətli şəkildə
çatdırılmasıdır.
Dövlət başçısı
dəfələrlə bəyan etmişdir ki, Azərbaycan
hökuməti sosialyönümlü bazar
iqtisadiyyatının qurulmasında məqsəd və vəzifələri,
hədəfləri dəqiq müəyyənləşdirməli,
əsaslandırılmış strateji proqramlardan istifadə
etməli, sosial tərəqqini, keyfiyyəti, inkişafı
xarakterizə edən göstəricilərin daim
yaxşılaşmasını özünün vacib vəzifələri
kimi diqqət mərkəzində saxlamalıdır. Qlobal maliyyə böhranı, neftin qiymətinin
aşağı düşdüyü dövrdə Azərbaycan
dövləti strateji proqramların, layihələrin heç
birini dayandırmadı. Büdcə-maliyyə
resurslarının bölüşdürülməsində
müəyyən dəyişikliklər etdi, inflyasiya risklərinin
qarşısını almaq üçün qabaqlayıcı
tədbirlər gördü.
Azərbaycanda həyata
keçirilən sosial siyasətdən danışarkən bir
məsələni də qeyd etməliyik ki, bu siyasətin
ayrı-ayrı istiqamətləri məhz Prezident İlham
Əliyevin ölkə vətəndaşları ilə
görüşləri zamanı formalaşır. Dövlət
başçısının fəaliyyətinin ən
mühüm tərəflərindən biri müxtəlif tədbirlər
və regionlara səfərlər zamanı vətəndaşlarla
təmaslara, söhbətlərə daim vaxt ayırması,
belə görüşləri fəaliyyətinin mühüm
istiqamətlərindən birinə çevirməsidir. Bu görüşlər sosial siyasətin daha da təkmilləşməsi
üçün yeni imkanlar açır. Ən
əsası isə odur ki, belə görüşlər
ictimai nəzarətin ən optimal nümunəsidir.
Bütün bunların nəticəsi
olaraq Prezident İlham Əliyev mövcud gerçəklikləri
operativ və obyektiv şəkildə qiymətləndirərək
cəmiyyətin sosial sifarişinə uyğun çevik qərarlar
qəbul edir, insanları, cəmiyyəti narahat edən problemlər
zamanında öz həllini tapır. Respublikamızda sosial
siyasətdə mütəmadi olaraq baş verən keyfiyyət
dəyişiklikləri də bu görüşlərin məntiqi
nəticəsidir. Bu onu göstərir ki, vətəndaşların
rifahı ilə bağlı qəbul edilən qərarların
təməlində insanlarla görüşlərdə
qaldırılan məsələlər xüsusi yer tutur.
Çünki cəmiyyətin tərəqqisi ilə
yanaşı, sosial həmrəyliyini təmin edən əsas
şərtlərdən biri vətəndaşı
düşündürən problemlərin vaxtında həll
edilməsi, hər bir insanın qayğısına çevik
və ədalətli münasibətin ortaya qoyulmasıdır.
Ələlxüsus söhbət sosial dövlətdən,
sosial cəmiyyətdən gedirsə, burada vətəndaşı
narahat edən məsələlərə daha diqqətlə
yanaşılması olduqca vacibdir. Çünki
məhz bu kimi məsələlərin kökündə
insanların dövlət orqanlarına inamının və
etimadının formalaşması dayanır.
(Ardı var)
Ziyad
SƏMƏDZADƏ,
AMEA-nın həqiqi
üzvü,
Milli Məclisin deputatı
Azərbaycan.- 2020.-12 sentyabr.- S.1; 4.