Azərbaycan ilə Misir arasında əməkdaşlıq
əlaqələri müzakirə edilib
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sentyabrın 11-də Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan ilə Misirin münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı dəstək məmnunluqla vurğulanıb.
Səfir Adel İbrahim Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şukrinin səmimi təbriklərini nazir Ceyhun Bayramova çatdırıb və onu ölkəsinə rəsmi səfərə dəvət edib.
Tərəflər ölkələrimiz arasında qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi, Hökumətlərarası Komissiyanın fəaliyyəti, pandemiyadan sonra birbaşa uçuş reyslərinin bərpası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib.
Nazir Misir səfirinə Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri, Ermənistanın davam edən təcavüzkar siyasəti, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son hərbi təxribatı, işğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti və bu yolla münaqişənin həlinə, eləcə də azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına maneə törətdiyi barədə ətraflı məlumat verib. Misir Ərəb Respublikası da daxil olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi qərar və qətnamələrin müddəalarına, xüsusilə də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin zəruriliyi vurğulanıb.
Səfir Adel İbrahim öz növbəsində Misirin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
üzrə də fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-
2020.-12 sentyabr.- S.3.