Xüsusi karantin rejiminin təhsil tələbləri

 

Azərbaycanda tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları təsdiqlənib

 

Azərbaycanın COVID-19 ilə mübarizədə özünəməxsus model ortaya qoyması koronavirusa yoluxma hallarının sayının azalmasında əhəmiyyətli rol oynayıb. Buna görə də ölkəmizdə normal həyata dönüş sürətlənib və virusla bağlı tətbiq olunan xeyli məhdudiyyət aradan qaldırılıb.

Pandemiya dövründə bütün dünyada ən çox narahatlığa və müzakirələrə səbəb olan məsələlərdən biri təhlükəli şəraitdə təhsil müəssisələrinin necə fəaliyyət göstərməsi ilə bağlı idi ki, hazırda respublikamızda sözügedən məsələ ilə bağlı da zəruri addımlar atılıb. Belə ki, sentyabrın 15-də təhsil müəssisələrimiz pandemiya qaydalarına uyğunlaşdırılmış formada fəaliyyətə başlayacaq.

Artıq ümumtəhsil məktəbləri üçün 2020-2021-ci dərs ilinə aid əsas və uyğunlaşdırılmış tədris planları, "Tədris planlarına dair qeydlər” Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilib.

Təhsil Nazirliyinin təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi ilə bağlı təlimatında bildirilir ki, 15 sentyabr 2020-ci il tarixindən etibarən ölkənin təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə tədris və təlim-tərbiyə prosesinin başlanmasını nəzərə alaraq, sosial məsafənin saxlanılması ilə əlaqədar təhsil müəssisələri rəhbərləri tərəfindən aşağıdakılar təmin edilməlidir:

- şagirdlər (valideynləri ilə birgə də ola bilər) məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə yerdə çəkilmiş dayanma işarələrinin üzərində dayanmalıdırlar;

- həyətyanı sahədə sosial məsafənin saxlanılması və növbə ilə məktəbə daxil olma prosesinin tənzimlənməsi üçün şagird kontingentinin sayından asılı olaraq əməkdaşlar ayrılmalı və siniflərə təhkim edilməlidir.

 

Şagirdin hərarəti 37.1 dərəcədən yuxarı olduqda...

 

Məktəbin girişində hər bir şagirdin hərarəti ölçülməli və hərarət 37.1 dərəcədən aşağı olduğu halda o, sinif otağına yönəldilməlidir. Yox, əgər şagirdin hərarəti qeyd edilən həddən yüksəkdirsə, təxirəsalınmadan məktəbin həkimi tərəfindən valideyn təlimatlandırılmalı və geri qaytarılmalıdır.

Sosial məsafənin saxlanılması məqsədilə məktəbin həyətyanı sahəsində dayanma işarələrinə tələblər müəyyənləşdirilib. Belə ki, şagird kontingentinin sayına və məktəbin həyətyanı sahəsinə uyğun çəkilmiş dayanma işarələrinin ölçüsü (diametri) 20-30 sm olan dairə, kvadrat, düz xətt şəklində ola bilər. Dayanma işarələri rəngli boya, yaxud əhəng ilə çəkilməlidir. Dayanma işarələri arasındakı məsafə ən azı 2 metr olmalıdır.

Əgər məktəbin binasında (korpuslarda) birdən çox giriş qapısı varsa, o zaman giriş qapıları müvafiq hərflərlə kodlaşdırılmalı (A, B, C və s.) və hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilməlidir. Bu proses daha çox şagird sıxlığı olan məktəblərə tövsiyə edilir. Belə bir variant tətbiq ediləcəyi təqdirdə, şagirdin hansı girişdən daxil olacağı barədə valideynlər əvvəlcədən məlumatlandırılmalıdırlar.

Sosial məsafənin saxlanılması məqsədilə valideynlər yerdə çəkilmiş dayanma işarələrində övladının yanında dayanmalıdırlar. Övladı məktəbin giriş qapısına daxil olduqdan sonra valideynlər məktəbin həyətyanı sahəsini tərk etməlidirlər.

Məktəbin həyətyanı sahəsində şagirdlərin və valideynlərin sosial məsafə saxlamadan kütləvi halda toplaşması və kütləvi halda şəkil çəkdirməsi yolverilməzdir.

Qeyd olunan məsələlərin mövcud qayda və təlimatlara uyğun şəkildə həyata keçirilməsinə nəzarət təhsil müəssisəsinin rəhbəri tərəfindən həyata keçiriləcək. Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən mütəmadi olaraq prosesə nəzarət ediləcək. Monitorinqlər zamanı müvafiq qaydalara əməl etməyən müəssisə rəhbərləri aşkarlandığı halda, onlar barəsində intizam tənbehi tədbirləri görüləcək.

 

Yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələrə baxmayaraq əməkhaqları saxlanılır

 

Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib.

Bu qaydaların tələblərinə əməl edilməsinə nəzarəti müəssisənin rəhbəri edir. Eyni zamanda təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxs (şəxslər) təyin olunur. Operativ nəzarət üzrə məsul şəxs (şəxslər) COVID-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün cavabdehdir.

Adıçəkilən qaydalarda təhsilverənlərə dair tələblər də açıqlanıb. Qeyd edilib ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar.

Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Qaydalarda, həmçinin göstərilir ki, iş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir.

İş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37.1 dərəcə və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu qaydaların tələblərinə uyğun tədbirlər görülür.

 

Təhsil müəssisələrində idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır

 

Xüsusi karantin rejimi dövründə dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblərə əsasən, adıçəkilən fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edilir. Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır.

Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində sanitariya qovşaqlarına olan tələblərə əsasən, sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir. Sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır.

Sanitariya qovşaqlarının girişi qarşısında fiziki (sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici ayaqaltılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər olmalıdır.

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində yataqxanalara (yataq otaqlarına) dair tələblərdə isə qeyd edilir ki, təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçirilməli və bu qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsilalana xidmət göstərilməlidir.

Təhsilalanların otaqlarını dəyişməsinə, qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir.

 

Bu hallarda təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir

 

Təhsilalanın yataqxanada qaldığı müddətdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların müvafiq müddəalarına uyğun tədbirlər görülür.

Yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır.

Yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdirilir, sosial məsafə və gigiyena qaydalarına riayət edilir, çarpayılar arasında ən azı 1,5 metr məsafə olur.

Təhsil müəssisəsində COVID-19 virusunun şübhə doğurduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması təmin edilməlidir. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır.

Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla, təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.

 

Bu təhsil müəssisələrində tibbi maskadan istifadə məcburi olmayacaq, amma...

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələblərdə bildirilir ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2020.- 12 sentyabr.- S.1; 5.