Vətəndaş maraqlarına xidmət edən mütərəqqi
sosial müdafiə sistemi
İlham Əliyev: "Siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşı dayanır”
Pandemiya şəraitinin
yaratdığı çətinliklərin yoluna qoyulması
sosial siyasətin yeni mərhələdəki
uğurlarından biridir
Son dövrlərdə bütün bəşəriyyət qlobal risklərlə üz-üzə qalıb. Hələ koronavirus pandemiyasından əvvəl bütün dünya, o cümlədən respublikamız maliyyə böhranlarının çətinliyini görüb. Lakin Azərbaycan bu ciddi risklər dövründə heç bir sosial proqramı dayandırmadı.
Hazırda koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi qalmaqda davam edir. Virus ölkəmizdən də yan ötmədi. Lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən az itki ilə çıxan dövlətlərdən biridir. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir olunur.
İlk növbədə onu qeyd etmək istərdim ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan Nazirlər Kabinetinin yanında Operativ Qərargah ilk gündən öz vəzifələrini inamla və layiqincə yerinə yetirməkdədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın COVID-19-a qarşı mübarizədə tapşırıq və göstərişlərini, koronavirusla bağlı dünyadakı çağırışları rəhbər tutan Operativ Qərargahın uğurlu fəaliyyəti nəticəsində bu təhlükəli xəstəliyin respublikamızda ciddi fəsadlara səbəb olmasının qarşısı alınmışdır. Ona görə hazırkı şəraitdə respublikamızda koronavirusla mübarizədə qazanılan uğurlardan danışarkən Operativ Qərargahın işini də yüksək qiymətləndirməliyik.
COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi hər kəsin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün bunların fonunda özünü göstərən əsas həqiqət həm də o oldu ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritetlərindən biri vətəndaşların sosial rifahıdır.
Öncə onu qeyd edək ki, xalq istənilən gözlənilməz situasiyalarda öz yanında hər zaman liderini görüb. Bir neçə il əvvəl aran rayonlarında sel daşqınlarının törətdiyi fəsadlar zamanı, şimal-qərb rayonlarında baş vermiş zəlzələ zamanı ölkə ictimaiyyəti İlham Əliyevin məsələyə çevik reaksiyasının şahidi oldu. İlham Əliyev hadisələr baş verən bölgələrə səfər etdi və dövlət başçısının əsas tapşırıq və göstərişləri, imzaladığı sərəncamlar, ilk növbədə, vətəndaşların sosial qayğılarının həlli ilə bağlı oldu. Eləcə də ötən il Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələ zamanı zərər çəkmiş vətəndaşlar dərhal Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdilər. Ölkə rəhbərliyinin reaksiyası, ilk növbədə, çətinliyə düşmüş vətəndaşa köməklik göstərilməsindən, üzləşdiyi problemlərin həllindən ibarət olub.
Koronavirus pandemiyası da
ekstremal situasiyalardan biridir. Bu qlobal problemə
qarşı ilk gündən həyata keçirilən operativ
tədbirlər də bir daha göstərdi ki, dövlət
başçısı üçün ən ümdə məsələlərdən
biri vətəndaşın təhlükəsizliyi və
rifahıdır.
Məlum olduğu kimi, Azərbaycan
Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən,
COVID-19 pandemiyasının və bundan irəli gələrək
dünya enerji və səhm bazarlarında baş verən kəskin
dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi
sabitliyə, ölkədə məşğulluq məsələlərinə
və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması məqsədi ilə dəyəri 3,5 milyard
manatı ötən sosial-iqtisadi dəstək paketi qəbul
olundu. Elə bu paketdə yer alan məsələlər
göstərdi ki, ölkə rəhbərliyi yaranmış vəziyyətlə
əlaqədar insanların çətinlik çəkməməsi
üçün sosial sahədə yeni tədbirlərini
reallaşdırması barədə hökumətə konkret
tapşırıqlar vermişdir.
Bunlardan biri dövlət
başçısının tapşırığına
uyğun olaraq ünvanlı sosial yardım proqramının
prosedur qaydalarının sadələşdirilməsidir ki, bu
da pandemiya dövründə əlavə 14 min ailəni əhatə
etdi. Başqa
bir mühüm sosial hadisə pandemiya dövründə vətəndaşların
sosial rifahının və məşğulluğunun təmin
olunması üzrə görülən tədbirlərin nəticəsi
kimi dövlət sektoru üzrə 900 min iş yerinin
qorunmasıdır.
Təbii ki, dövlətin
sosial tədbirləri özəl sektoru da əhatə etdi. Bu zaman özəl
sektorda 110 min əmək müqaviləsi, yəni 17 faizlik bir
artım təmin edildi. Məhz bu faktın
özü də kölgə iqtisadiyyatının və
qeyri-rəsmi məşğulluğun
leqallaşdırılması istiqamətində aparılan
şəffaflaşdırma tədbirlərinin müstət nəticə
verməsindən xəbər verir. Bu
gün əmək müqaviləsi ilə özəl sektorda
işləyən insanların sayı 751 mini ötüb.
Əmək müqavilələrinin
sayının artımı nəticəsində əməkhaqqı
fondunda da 8 faizlik artımın olması müsbət
dinamikadır.
İşsiz şəxslər
üçün haqqı ödənilən ictimai işlərin
əhatə dairəsi genişləndirilmiş, belə iş
yerlərinin sayının 90 minə
çatdırılması nəzərdə tutulmuşdur.
Ümumilikdə, dövlət
başçısının tapşırıqlarına
uyğun olaraq ölkəmizdə pandemiya dövründə
reallaşdırılan genişmiqyaslı sosial dəstək
paketi 5 milyona yaxın insanı əhatə etdi. Bu paket çərçivəsində
dövlət və özəl sektorda muzdla
çalışan 1 milyon 665 min (o cümlədən özəl
sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı
gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial
təminat növləri (pensiya, təqaüd, müavinət)
üzrə ödənişlərin davamlılığı
təmin edilib. Bütün bunlar dövlətimizin
çətin dövrdə öz vətəndaşının
yanında olmasının, Prezident İlham Əliyevin
yürütdüyü siyasətin mərkəzində insan
amilinin dayanmasının bariz nümunəsidir.
Bir məsələni qeyd etmək
istərdim. Pandemiya ilə əlaqədar iqtisadi göstəricilərin
azalmasına, neftin qiymətinin dəfələrlə
aşağı düşməsinə baxmayaraq, Azərbaycan
dövləti bütün sosial proqram və layihələri həyata
keçirməkdə davam etdi. Prezident İlham Əliyev
Azərbaycan Televiziyasına müsahibəsində
bütün bunların bizim siyasətimizin mahiyyətini
göstərdiyini bildirdi: "Mən ilin əvvəlində və
pandemiyanın artıq alovlanan dövründə demişəm
ki, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək
və biz bunu təmin edirik. Eyni zamanda, sosial
infrastruktur layihələrinin heç biri ixtisar olunmayıb.
Ona görə bu sahəyə göstərilən
diqqət və əməli-praktiki addımlar bir daha bizim siyasətimizin
mahiyyətini göstərir. Bir də onu
göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır”.
Təəssüf ki, bəzi
məmurlar öz fəaliyyətlərində ölkə
Prezidentinin siyasəti ilə uzlaşmayan hərəkətlərə
yol verir, vəzifələrindən şəxsi maraqları
naminə sui-istifadə edirlər. Belə halların
xüsusilə pandemiya dövründə müşahidə
olunması, dövlət vəsaitlərinin talanması, aztəminatlı
vətəndaşlar üçün ayrılan sovqatlara belə
göz dikilməsi təəssüf doğurur. Buna görə də son vaxtlar antikorrupsiya tədbirlərinin
gücləndirilməsi, bir sıra məmurların həbsi cəmiyyətdə
razılıqla qarşılanır. Prezidentin
də dediyi kimi, məmur
özbaşınalığının, qanun
pozuntularının, korrupsiya və rüşvətxorluğun
geniş yayılması iqtisadi inkişaf yolumuzda əsas maneəyə
çevrilib. Belə halların
qarşısının alınması, cinayət əməllərinə
yol vermiş məmurların məsuliyyətə cəlb edilməsi
istiqamətində son zamanlar həyata keçirilən tədbirlər
təqdirəlayiqdir.
Avqust ayının əvvəllərində
keçirilən Milli Məclisin növbədənkənar
sessiyasında dövlət büdcəsinə edilən dəyişikliklər
Azərbaycanın pandemiya şəraiti reallıqlarına
uyğun olaraq çevik maliyyə siyasəti həyata
keçirdiyini göstərdi. Ölkə rəhbərliyinin
yürütdüyü siyasətin məzmununa uyğun olaraq
İqtisadiyyat, Maliyyə və Əmək və Əhalinin
Sosial Müdafiəsi nazirlikləri koordinasiyalı fəaliyyət
ortaya qoyaraq dövlət büdcəsinə dəyişikliklərlə
bağlı əsaslandırılmış təkliflərlə
çıxış etdilər. Əminəm
ki, edilən dəyişikliklər ölkəmizin əsas
maliyyə sənədinin qarşısında dayanan vəzifələrin
vaxtında və səmərəli şəkildə yerinə
yetirilməsini təmin edəcək.
Kommunal xidmət
sahəsində baş verən keyfiyyət dəyişiklikləri
sosial rifaha təsir edən mühüm amillərdən biridir
Bütün dünyada sosial rifahı
müəyyən edən normativlər var. Məşğulluq,
sosial təminat, təhsil, səhiyyə, mənzil şəraiti,
əməyin mühafizəsi və s. Belə normativlərin
sayı yüzdən artıqdır. Çünki
sosial təminat yalnız yüksək əməkhaqqı və
ya pensiya deyil. Sosial rifah həm də
insanların kommunal xidmətlərlə təminatının,
onların kommunal xidmətlərə əlçatanlığının
səviyyəsidir. Əgər insanlar belə
xidmətlər sarıdan çətinliklər
yaşayarlarsa, hansı sosial təminatdan söhbət gedə
bilər?
Bu reallığı
düzgün dəyərləndirən Prezident İlham
Əliyev ilk gündən kommunal xidmətlərlə ən
yüksək səviyyədə təminatı qarşıya əsas
vəzifələrdən biri kimi qoyub. Təsadüfi
deyil ki, regionların sosial iqtisadi inkişafına dair dövlət
proqramlarında müəyyən edilən əsas məqsədlərdən
biri kommunal xidmətlərlə təminat, bu sahədə
infrastukturun yenilənməsidir. Bu illərdə
ölkədə 33 elektrik stansiyası tikilib, 3 min meqavat yeni
generasiya gücü yaradılıb. 40 min
kilometrdən çox elektrik verilişi xətti, 1650-dən
çox yarımstansiya inşa edilib və ya yenidən qurulub.
Ölkə üzrə qazlaşdma səviyyəsi
96 faizə çatdırılıb. Konkret
ifadə etsək, 2003-cü ildən indiyədək 2000-ə
yaxın yaşayış məntəqəsi təbii qazla təmin
edilib. Sosial məsələlərin həllinə
göstərilən diqqətin başqa bir nümunəsi
sosial infrastrukturun yenilənməsidir. Belə
ki, bu dövrdə Azərbaycanda 640-dan çox xəstəxana,
diaqnostika mərkəzi, ambulatoriya tikilib və ya əsaslı
şəkildə təmir edilib. 3200-dən
çox məktəb tikilib və əsaslı təmir edilib.
Bu, təhsil sahəsinə çox böyük
töhfədir.
Respublikamızda yol
infrastrukturunun yenilənməsi, xüsusən kənd
yollarının yenidən qurulması, tarixboyu yolu olmayan kəndlərə
yol çəkilməsi də sosial rifaha təsir edən ən
mühüm amillərdən biridir. Bu illər ərzində
Azərbaycanda 16 min kilometrdən artıq yeni yol çəkilib
ki, bunun da böyük bir qismi kənd yollarının
payına düşür.
İstərdim bu məqalədə
kommunal xidmətlərin mühüm bir istiqaməti olan su təminatı
barədə bir qədər ətraflı söz
açım.
Su sağlam həyat
deməkdir
Regionların sosial-iqtisadi
inkişafına dair birinci Dövlət Proqramının qəbul
edildiyi 2004-cü ildə Azərbaycanda içməli su ilə
təminat 40 faiz səviyyəsində idi. Bu gün isə
bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində
içməli suyu davamlı şəkildə alan
əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm
təxminən 82 faiz təşkil edir. Elə
buna görə də 2003-cü ildən ölkədə
kommunal xidmətlərlə təminatın gücləndirilməsi
sosial rifahın yüksəldilməsində, həm də
yoxsulluq probleminin azaldılmasında böyük rol oynadı.
Su təkcə istehlak məhsulu
deyil. Su həm sosial rifahın bir göstəricisi, həm
də sağlamlıq deməkdir. Hazırda
su təminatı məsələsi dünyanı təhdid edən
əsas problemlərdən biridir. Qlobal
iqlim dəyişiklikləri və quraqlıq dünyanın hər
yerində su ehtiyatlarının azalmasına səbəb olub.
Bu gün yüz milyonlarla insan su
çatışmazlığından əziyyət çəkir,
bu da onların rifahına, sağlamlığına ciddi təsir
edir.
Azərbaycanda da xüsusən
son illərdə su ilə bağlı problemlər artıb
ki, bunun da əsas səbəblərindən biri iqlim dəyişiklikləridir. Yağıntıların
əhəmiyyətli dərəcədə azalması, orta
illik temperaturun yüksəlməsi, o cümlədən
qonşu ölkələrdən daxil olan yerüstü su
ehtiyatlarının, çaylarda sululuğun səviyyəsinin
aşağı düşməsi bütövlükdə su
ehtiyatlarmızın azalmasına səbəb olub.
2010-2019-cu illərdə
ölkəmizdə məhsuldarlığı saniyədə
19 kubmetrdən çox olan 44 məhsuldar su mənbəyi
yaradılıb. Təkcə Abşeron yarımadasında həcmi 130 min
kubmetrdən çox olan 16 su anbarı, 140 kilometr magistral su kəməri
tikilib, 69 kilometr mövcud magistral kəmərlərin
reabilitasiyası aparılıb. Bütün bunlara, eləcə
də Taxtakörpü, Şəmkirçay,
Naxçıvanda Heydər Əliyev (Vayxır) su
anbarlarının, Oğuz-Qəbələ-Bakı su kəmərinin
və sair layihələrin inşa edilməsinə baxmayaraq,
hazırda kəskin su çatışmazlığı
müşahidə edilir. Təbii hadisələrlə
yanaşı, kənd təsərrüfatının
inkişafı, əkin sahələrinin, suvarma və içməli
su təchizatı üzrə şəbəkələrin
genişləndirilməsi nəticəsində suya tələbatın
artması da ölkəmizdə su
çatışmazlığını şərtləndirmişdir.
Bu baxımdan xüsusilə cari ildə ölkənin
su ehtiyatları sahəsində gərgin vəziyyət
yaranmışdır. Hazırda əsas su anbarlarında
20,5 milyard kubmetr tutuma qarşı əvvəlki
illərdən kəskin aşağı səviyyədə -
cəmi 11,3 milyard kubmetr su mövcuddur ki, bunun 8,6 milyard kubmetri
ölü həcmdir.
Ekspertlərin rəyinə
görə, Azərbaycanda əgər bu gün lazımi
addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə
səhralaşma prosesi gedə bilər. Su ilə bağlı
problemin əsas səbəblərindən biri də hər il 40-50 faiz həcmində itkilərin
olmasıdır. Son vaxtlara qədər bəzi təsərrüfat
obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb.
Su anbarlarından çıxan boru və kanal xətlərində
qanunsuz qoşulmalar var ki, bu da suyun ədalətli
bölgüsünə ziyan vurur. Aydın məsələdir
ki, təsərrüfat sahibləri bu sudan
istifadə edir. Amma o birilərinə çatmır,
bir də ki, israfçılığa yol verilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi əkin
sahələrinə o qədər su verilir ki, buna ehtiyac yoxdur.
Suvarma sahəsində itkilərin əsas səbəblərindən
biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan
olmasıdır.
Prezident İlham Əliyevin sərəncamına
əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli
istifadənin təmin edilməsi, su təsərrüfatının
idarə olunmasının təkmilləşdirilməsi və
bu sahədə fəaliyyətin əlaqələndirilməsi
məqsədilə Baş Nazirin müavini Şahin Mustafayevin
rəhbərliyi ilə komissiya yaradılıb. Müşavirədə
deyildiyi kimi, su təsərrüfatı üzrə idarəetmədə
sahələrarası koordinasiyanın zəif olması, sudan
istifadədə itkilərin yüksək olması, sudan optimal
bölgü əsasında və qənaətlə istifadə
edilməməsi, suvarmada suya qənaət edən müasir
texnologiyalardan istifadənin aşağı səviyyədə
olması, nəzarətdənkənar qoşulmalar, uçot və
nəzarət sisteminin zəifliyi kimi problemlərin həlli
istiqamətində tədbirlərin görülməsi
komissiyaya tapşırılıb.
Komissiyanın fəaliyyəti nəticəsində
su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, sudan səmərəli istifadə ilə
bağlı verilmiş tapşırıqların icrasına
gündəlik nəzarət təmin olunub. Xüsusi əhəmiyyətə
malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə
suvarma, içməli su təchizatı və energetika məqsədləri
üçün sudan istifadə rejimi təsdiq
olunub.
Ən mühüm vəzifə sudan istifadə zamanı itkiyə yol verilməməsidir.
Bunun üçün içməli su təchizatı
şəbəkələrinə nəzarətdənkənar
qoşulmaların aradan qaldırılması,
sayğaclaşmanın başa çatdırılması
mühüm əhəmiyyət kəsb edir. Suvarmaya gəldikdə isə, kanalların əksəriyyətinin
torpaq məcralardan olması itkilərin əsas səbəblərindən
biridir. Artıq su ehtiyatlarının səmərəli
istifadəsi məqsədilə suvarma kanallarının əsaslı
təmiri və yenidən qurulması üzrə prioritet layihələrlə
bağlı təkliflər hazırlanır. Bundan başqa, ölkədə su
ehtiyatlarının artırılması və bu istiqamətdə
dağ çaylarının sularının
yığılması üçün relyefə uyğun
yaradılması nəzərdə tutulan sututarlar üzrə
də prioritet layihələrin həyata keçirilməsi nəzərdə
tutulur.
Onu da qeyd edək ki, Azərbaycan
bu sahədə beynəlxalq maliyyə institutları ilə də
əməkdaşlıq edir. Belə ki, Azərbaycanın
Dünya Bankını və Asiya İnkişaf Bankını əməkdaşlığa
dəvət etdiyi sahələrdən biri suvarma sistemlərinin
yenidən qurulması ilə bağlıdır.
Artıq Prezident İlham Əliyev
2020-ci il 27 iyul tarixli sərəncamı ilə
"Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər
Planı”nı təsdiq edib. İnanırıq
ki, proqramla qarşıya qoyulmuş vəzifələrin yerinə
yetirilməsi nəticəsində Azərbaycan
özünün su təhlükəsizliyini təmin edilməsində
mühüm uğurlar qazanacaq.
Sosial mövzuda məqalənin
su mövzusunda yekunlaşdırmağımın rəmzi mənası
da var. Çünki cənab İlham Əliyevin də qeyd
etdiyi kimi, "Su həyat deməkdir, təmiz su sağlam həyat
deməkdir”. Elə sosial siyasətin də son məqsədi
insanlara sağlam həyat bəxş etməkdir. Əminəm ki, ölkəmizdə
yürüdülən sosial siyasət bundan sonra da vətəndaşların
yüksək rifahının təmin olunmasına geniş
imkanlar yaradacaq.
* * *
Konkret araşdırmalara,
real həyatda da baş verən dəyişikliklərə əsaslanaraq
deyə bilərik ki, Azərbaycan Prezidentinin
yürütdüyü siyasətin mərkəzində məhz
vətəndaş amili dayanır. Bunu pandemiya
dövründə Azərbaycanın həyata keçirdiyi
güclü sosial siyasət də təsdiq edir. Dövlət özünün fəaliyyətində
vətəndaşını unutmur, onun sosial baxımdan
çətinlik çəkməməsi üçün nə
lazımdırsa edir. Azərbaycan xalqı əmindir ki,
Prezident İlham Əliyevin Ulu Öndər Heydər
Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən,
sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti
bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin
uğurla yerinə yetirilməsini, ölkəmizin
inkişafının daha da sürətlənməsini və nəticədə
xalqımızın sosial rifahının davamlı olaraq
yaxşılaşmasını təmin edəcək.
Sonda bir məsələni də
qeyd etmək istərdim ki, Azərbaycanın uğurları,
nailiyyətləri, Prezident İlham Əliyevin sosial çətinliklərin,
həlli zəruri olan problemlərin aradan
qaldırılması ilə bağlı qətiyyətli
mövqeyi sapı özümüzdən olan baltaları daim
narahat edir. Onlar zaman-zaman vətəndaşları narahat edən
məsələlərin həlli ilə bağlı ölkə
rəhbərliyinin həyata keçirdiyi fəaliyyətə
kölgə salmağa cəhd etməklə Azərbaycan
dövlətinə və xalqımıza xəyanət etdiklərini
sübuta yetirirlər.
Azərbaycan xalqı
müdrik və aqildir. Öz müstəqillik tarixində belələrini
çox görüb. Ona görə vətənini,
dövlətini satan sapı
özümüzdən olan baltalar heç vaxt niyyətlərinə
çatmayacaqlar. Azərbaycan adlı karvan isə
öz yolu ilə gələcəyə doğru inamla
addımlayacaq.
Ziyad
SƏMƏDZADƏ,
AMEA-nın həqiqi
üzvü,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2020.-13 sentyabr.- S.1; 3.