Müasir döyüş imkanlarına malik ordu

 

Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyulan bütün vəzifələri dərhal və layiqincə həyata keçirməyə qadirdir

 

 

Bu gün Azərbaycan dünyada həm müxtəlif sahələrdə nail olduğu uğurlarla, həm də müasir döyüş imkanlarına malik ordusu ilə tanınır. Qarşısında dayanan vəzifələri çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirmək imkanlarına malik olan ordumuzun ən modern standartlara cavab verən hərbi gücə çevrilməsi olduqca qürurvericidir.

 

Dünyanın güclüləri sırasında

 

Ulu Öndərin başlatdığı ordu quruculuğunu son 17 ildə yeni keyfiyyət mərhələsinə yüksəldən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Ümumiyyətlə, bu mərhələdə görülən tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin müasir döyüş standartlarına uyğun modernləşməsi baş verib. Ən yeni, dağıdıcı qüvvəyə malik silahdöyüş texnikası ordumuzun arsenalına daxil edilib. Dünyanın ən güclü ordularında olan artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raketzenit-raket kompleksləri, pilotsuz uçuş aparatları Azərbaycanda qoşun növlərinin silahlanmasında yer alır. Hissə və bölmələrimiz müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları ilə təmin olunub. Bundan başqa, ən qabaqcıl ölkələrin istifadə etdiyi hava hücumundan müdafiə sistemləri ölkəmizin hava məkanını etibarlı şəkildə qorumaqdadır.

Bütün bunların nəticəsidir ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu barədə deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaqöz ərazi bütövlüyümüzü bərpa edək”.

Bunun nəticəsidir ki, hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə bir çox ölkələrdən əhəmiyyətli dərəcədə fərqlənir. Həmçinin beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun təchiz edilən orduları ilə bir sırada yer alır.

 

Hərbi üstünlüyümüzü təsdiqləyən qələbələr

 

Hərb tariximizə həkk olunan 2016-cı ilin Aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istənilən tədbiri görə bilək.

Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər isə aprel hadisələrinin təsadüfi olmadığını təsdiq etdi. Bu dəfə də Ermənistanın hərbi təxribatının qarşısını alan hərbçilərimiz yeni qəhrəmanlıq dastanı yazdılar. Düşmənin qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel döyüşlərindən sonra bir daha döyüş meydanında sübut etdi.

Ordumuzun hər iki uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Bu yaxınlarda başa çatan Beynəlxalq Ordu Oyunları da Azərbaycan hərbçilərinin peşəkarlığını göstərdi. Xatırladaq ki, Beynəlxalq Ordu Oyunlarına ümumilikdə 37 ölkənin hərbçiləri qatılıb. Azərbaycan Belarus, Özbəkistan, VyetnamRusiya ilə yanaşı Oyunların ilk beşliyinə daxil olub və hərbçilərimiz bu yarışlar çərçivəsində keçirilən "Dəniz kuboku” və "Tank biatlonu” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

 

Əsas vəzifə ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir

 

Modern ordu quruculuğunun həyata keçirilməsi ilə yanaşı, respublikamızda güclü hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnikasilah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar ölkə rəhbərliyinin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin və qüdrətinin göstəricisidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.

Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyi, üzləşdiyi təcavüzkarlığa birdəfəlik son qoyacağı şübhəsizdir. Diplomatik cəbhədə düşmən üzərində üstünlük qazanan Azərbaycan İyul qələbəsindən sonra da hərbi müstəvidə üstün olduğunu göstərdi. Hər kəs gördü ki, təcavüzkarı hər an acı məğlubiyyətə düçar etməyə hazır olan qüdrətli Azərbaycan Ordusu var. Son hadisələrdən sonra düşmən bir daha Azərbaycanın qarşısında acizliyini dərk etdi, ordumuzun böyük hərbi üstünlüyə malik olduğunu gördü.

Ordumuzun döyüş imkanlarının artırılması istiqamətində işlər isə bundan sonra da davam edəcək. Çünki əsas məqsədimiz və vəzifəmiz yeganə problemimiz olan işğal altındakı torpaqlarımızı düşmənlərdən təmizləmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2020.- 13 sentyabr.- S. 1; 2.