Milli Uşaq Strategiyası gələcəyimizə və gəncliyimizə göstərilən dövlət qayğısı proqramıdır

 

Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi köklü islahatlar, sözün əsl mənasında, vətəndaşlarımıza göstərilən böyük və gündəlik qayğı ilə yadda qalmış və tarixə çevrilmişdir. Bu mənada Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanim Əliyevanin həyata keçirdiyi davamlı islahatlar ölkəmizdə ailəyə və uşaqlara göstərilən yüksək qayğının təzahürü kimi səciyyələndirilə bilər.

Dünyanı sarsıdan pandemiya dövründə, çətin və mürəkkəb bir şəraitdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tez-tez vurğuladığı, "Bizim üçün hər bir azərbaycanlının həyatı və sağlamlığı hər şeydən daha üstün və önəmlidir” fikirləri hazırda ölkə əhalisinin minnətdarlıqla və tez-tez xatırlatdığı müqəddəs bir çağırışa çevrilmişdir. Hətta bəzi ölkələrin rəhbərləri də bu çağırışdan yararlanır və onu təkrar edirlər. Bu çağırış humanist mahiyyət daşımaqla ölkə vətəndaşlarına verilən böyük qiymətin təcəssümü kimi dəyərləndirilir. Eyni zamanda vətəndaşlarımız öz rəhbərlərinin qayğısına və diqqətinə arxayın olurlar.

Pandemiya dövründə ölkə rəhbərliyinin həyata keçirdiyi qətiyyətli və vaxtında görülmüş sistemli tədbirlər millətimizi, onun övladlarını, qocalarını, körpələrini, qadınlarını bu dəhşətli fəlakətdən xilas etməyə imkan vermişdir. Məhz buna görə də pandemiyadan zərər çəkmiş, qurbanlar vermiş ölkələr sırasında Azərbaycan Respublikası öz müsbət göstəricilərinə görə ən nümunəvi yerlərdən birini tutur. Bunu Ümumdünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların mütəxəssisləri də dəfələrlə vurğulamışlar. Qürurverici hal həm də ondan ibarətdir ki, məhz həmin çətin günlərdə, 2 iyun 2020-ci ildə Prezident İlham Əliyev tarixi bir sənədi - "Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nı təsdiq etmişdir. Bu sənəd bütün məziyyətlərinə, dəyərinə, hüquqi əhəmiyyətinə görə çox önəmli bir dövlət qayğısının təcəssümü, bariz nümunəsidir.

Milli Uşaq Strategiyası təkcə uzunmüddətli dövrü, 10 ili əhatə edən proqram əhəmiyyətli sənəd deyil, həm də başdan ayağa Azərbaycan ailələrinə, insanına, uşaqlara göstəriləcək uzunmüddətli dövrü əhatə edən qayğı və diqqətin təcəssümüdür. Milli Uşaq Strategiyası girişbeş bənddən ibarət olmaqla bitkin və mükəmməl bir sənəd hesab oluna bilər. O, statistik məlumatlara, sosioloji təhlillərə, ümumiləşdirmələrə, qanunvericilik sənədlərinə və digər zəruri məlumatlara əsaslanmaqla uşaq hüquqları sahəsində mövcud vəziyyətin ətraflı təhlilinə söykənir, əldə edilmiş uğurları göstərir, yol verilmiş qüsurları sadalayır. Bu, bütün mənfi halların aradan qardırılmasının konkret yollarını göstərən yol xəritəsidir.

Milli Uşaq Strategiyasının əsas məqsədi ölkəmizdə bütün uşaqların müdafiə sistemini möhkəmləndirmək, onlar üçün bərabər imkanlar və şərait yaratmaq, maraqlarını etibarlı qorumaqbu hüquqların qorunmasını daha səmərəli təşkil etmək, habelə uşaqlara göstərilən sosial dəstək xidmətlərini daha mükəmməl, daha effektiv təşkil və təmin etməkdir.

Strategiya uşaqların müdafiəsi sahəsində normativ-hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsini, erkən uşaqlıq dövründə onların inkişafının təmin olunmasını təmin edən prioritetlərin müəyyən edilib həyata keçirilməsini, çətin həyat şəraitində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsini, mədəni-estetik tərbiyəsinin və mədəni tədbirlərdə iştiraklarının təmin edilməsi istiqamətlərinin müəyyən edilib həyata keçirilməsini, uşaq hüquqları ilə bağlı vəziyyətin monitorinqi və qiymətləndirilməsi kimi əsas prioritet istiqamətləri dəqiqləşdirmişdir. Hər bir istiqamət özlüyündə mükəmməl altsistemlərdən ibarət olmaqla göstərilən vəzifələrin həyata keçirilməsini təmin etməyi nəzərdə tutmuşdur.

Dövlət büdcəsi vəsaiti hesabına icrası nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi strategiyanın həyata keçirilməsinə dair fəaliyyət planına uyğun olaraq, əsas icraçı qismində müəyyən edilən dövlət qurumlarına ayrılan büdcə təxsisatları daxilində təmin olunur. Ölkə rəhbərliyi hesab edir ki, strategiyanın icra edilməsi uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşdırılması, erkən yaş dövründə uşaqların fizikipsixoloji inkişafı ilə bağlı tədbirlərin effektivliyinin artırılması, xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsillə, tibbisosial xidmətlərlə əhatə olunması, çətin həyat şəraitində olan ailələrin uşaqlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyini artırmaqla nəticələnəcəkdir.

Strategiyanın icrasını təmin etmək üçün onun əsas mətni kütləvi informasiya vasitələrində elan edildikdən sonra mütəxəssislərin və aidiyyəti orqanların təcrübəli əməkdaşlarından ibarət işçi qrupu yaradılmış və artıq fəaliyyətə başlamışdır. İlk olaraq strategiyanın 2020-2025-ci illəri əhatə edən birinci dövrü üçün nəzərdə tutulan fəaliyyət planı hazırlanmışdır. İşçi qrupun üzvü kimi mən strategiyanın həyata keçirilməsi üçün önəmli hesab etdiyim bir sıra təkliflər hazırlamış və qrupa təqdim etmişəm.

Strategiyanın uşaqlara aid olduğu göstərilsə də, əslində o, geniş mənada hər bir Azərbaycan ailəsini əhatə edir, buya digər dərəcədə onunla sıx bağlıdır. Çünki uşaqların xoşbəxtliyi ailələrdə təmin olunur, daha çox və həm də bu, ailələrdən asılıdır. Ailə xoşbəxtlik beşiyidir. Təbiətdə, cəmiyyətdə və dövlət həyatında ailələrin rolu getdikcə artmaqda və genişlənməkdədir. İndi dünyada çoxları dərk edir ki, bütün problemlərin uğurlu həllinə məhz ailələrdən başlanması fayda verir. Çünki dünya təbiət, insan, ailə və dövlət təməli üzərində bərqərar olmuşdur. Bu mənada cəmiyyət, şəxsiyyət, dövlət və insan üçün ailə qədər dəyərli, ailə qədər əhəmiyyətli və ailə qədər geniş təsir imkanlarına malik olan insan birliyi yoxdur. Ailənin cəmiyyətin, dövlətin və şəxsiyyətin həyatındakı müstəsna rolu, funksiyaları, əhəmiyyəti və digər bu kimi vacib amillər nəzərə alınaraq, onun konstitusiya hüquqi statusunun təsbiti müəyyən tarixi zərurətdən qaynaqlanmışdır. Bir institut olaraq ailənin Konstitusiyada hüquqi təsbitinə müstəqillik illərində ölkəmizdə haqlı olaraq xüsusi önəm və diqqət yetirilmişdir. Məsələn, demokratiyanın beşiyi, ən qədim yazılı Konstitusiyanın təşəkkül tapdığı ABŞ kimi bir ölkənin Konstitusiyasında ailənin statusu hələ də təsbit olunmadığı halda, Ulu Öndər Heydər Əliyev 1978-ci il Azərbaycan SSR-nin Konstitusiyasında ailənin statusunu təsbit etməyə nail olmuşdur. Müstəqillik dövrünün ilk milli Konstitusiyasında isə onun daha da mükəmməl statusu müəyyən edilmiş, insan talelərində, uşaqların gələcəyində, sabitliyin və əmin-amanlığın, barışın və sülhün bərqərar edilməsində ailələrin rolu önə çəkilmişdir. Buna görə də Azərbaycan ailəsinin ənənəvi dəyərlərinin, adət-ənənələrinin təşəkkülü, inkişafı və qorunub saxlanılması hazırkı mərhələdə dövlətimiz qarşısında duran mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyev haqlı olaraq qeyd edir ki, güclü ailə güclü dövlət deməkdir. Məhz güclüsağlam ailələr dövlətin əsasını təşkil edir. Ailə nə qədər güclüdürsə, cəmiyyət də bir o qədər möhkəm və güclüdür.

Heç şübhəsiz, Milli Uşaq Strategiyasının uzunmüddətli məsuliyyətli vəzifələrinin həyata keçirilməsinin əsas ağırlığı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşür. Bu həm də Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli 626 nomrəli fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası”nın tələblərindən irəli gəlir. Lakin mövcud vəziyyətdə bu qlobal, strateji əhəmiyyəti olan tədbirlərin yalnız Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə atılması ədalətsizlik olardı. Buna görə də Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin 9 avqust 2006-cı il tarixli 444 nömrəli fərmanla təsdiq edilmiş "Əsasnamə”sinə yenidən baxılmalı, komitənin rayonlarda və şəhərlərdə müvafiq qurumlarının yaradılması üçün tədbirlər görülməlidir. Çünki təcrübədən məlumdur ki, ailə, qadın və uşaq problemlərinin ən çox baş verdiyi faktlar məhz rayon və şəhər ərazilərində qeydə alınır. Hər bir rayon və şəhərdə nazirliyin müvafiq qurumlarını yaratmadan uşaq hüquqlarının icrasına gündəlik nəzarət etmək və onlara diqqət yetirmək mümkünsüz olar. Buna görə də hesab edirik ki, komitənin statusu köklü surətdə təkmilləşdirilməli, hüquqları genişləndirilməli, məsuliyyəti isə artırılmalıdır. Yalnız bu halda strategiyanın icrasına bütün ölkənin yaşlı əhalisi qoşulmaqla onu uğurla icra etmək mümkün olar.

Bundan başqa, yetkinlik yaşına çatmamışların cinayət və məhkəmə məsuliyyətinin qanunvericilik əsaslarına yenidən baxılmalı, bəzi ölkələrdə özünü doğrultduğu kimi, ixtisaslaşmış ailə məhkəmələrinin yaradılması təmin olunmalıdır. Ölkədə qadınların maddi probleminin - aliment məsələsinin birdəfəlik həllini təmin etmək üçün Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş idarəsinin tərkibində büdcə vəsaiti hesabına formalaşdırılan "Aliment Fondunun” yaradılması həll edilməlidir. Bu, aliment öhdəliklərinin vaxtında ödənilməsinə kömək olacaq, reqres iddialar vasitəsilə büdcədən ayrılan vəsaitlər aliment verənin hesabından büdcəyə bərpa ediləcəkdir.

Məhkəmə və istintaq təcrübəsi, habelə sosioloji sorğular tam təsdiq edir ki, ailə münaqişələrinə və mübahisələrinə kənar müdaxilələr çox vaxt mənfi təsir göstərir, münasibətlər mürəkkəbləşir və ailələrin dağılmasına gətirib çıxarır. Bu gün Azərbaycan mühitində ailə hüququnun mühüm prinsipləri, o cümlədən Ailə Məcəlləsinin 1.3, 2.2 və bir sıra digər normalarının - "ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyi”, "ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması” kimi prinsiplərin gözlənilməsi təmin edilmir. Ailə münaqişələri və mübahisələri mətbuatda, qəzetdə, televiziyada, radioda artıq müzakirə mövzusuna çevrilir ki, bu da ailələrin dağılmasını sürətləndirir. Məhkəmələr ailələrin dağılmaması üçün bəzən heçbütün tədbirləri görmədən, uşaqların maraqlarını tam təmin etmədən boşanmalar barədə tələm-tələsik qərarlar çıxarırlar. Buna görə də inzibati və cinayət qanunvericiliklərinə müvafiq dəyişikliklər edilməklə ailə münaqişələrinə və mübahisələrinə kənar şəxslərin müdaxiləsi qadağan edilməli, bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Sovet dövründə qəbul edilmiş və 1 aprel 1972-ci ildən qüvvəyə minmiş Azərbaycan SSR-nin Nikah və Ailə Məcəlləsi ər və arvadın birlikdə yaşaması, ümumi təsərrüfatı birgə idarə etməsi, uşaqları birgə tərbiyə etməsi və birgə saxlaması kimi bir sıra zəruri və vacib tələblər qoyduğu halda, hazırda belə şərtlər tələb olunmur. Buna görə də qanunverici orqan Ailə Məcəlləsində müvafiq dəyişiklik aparmaqla ər və arvadın ailə üzvləri ilə bir yerdə, bir mənzildə, bir evdə yaşamaqla ailə təsərrüfatını birgə idarə etməsini, uşaqları birgə saxlamasını və birgə tərbiyə etməsini zəruri əlamət kimi məcəlləyə daxil etməli, yaxın qohumlar arasında, eynicinslilər arasında nigahın qeydə alınmasını qadağan etməlidir. Ümumiyyətlə, ən qədim təsisatlardan biri olan ailə zaman-zaman dinamik inkişafda olmuşböyük yüksəliş yolu keçmişdir. Bu da onu göstərir ki, ailə qanunvericiliyi daim təkmilləşdirilməli və müasirləşdirilməlidir.

Milli Uşaq Strategiyası sözün geniş mənasında tarixi bir sənəd, gələcəyimizə və gəncliyimizə göstərilən dövlət qayğısına dair proqram əhəmiyyətli sənəddir. Əminliklə demək olar ki, bu strategiyada nəzərdə tutulan tədbirlər planı mükəmməl icra edilərsə, dövlətimizin uşaq siyasətində çox dəyərli müsbət dəyişikliklər baş verəcəkdir.

 

Səidə HƏSƏNZADƏ,

AMEA-nın Hüquqİnsan Haqları İnstitutunun aparıcı elmi işçisi,

hüquq elmləri doktoru, işçi qrupun üzvü

 

Azərbaycan.- 2020.- 13 sentyabr.- S. 3.