Həyatın acısı, səhnənin gülüşü boyuna
biçiləndə…
Görkəmli aktyorlarımız
Azərbaycan teatr tarixində bir-birindən mənalı, müxtəlif, sadə göründüyü qədər də mürəkkəb xarakterli obrazlar yaradan tanınmış korifey sənətkarlarımız az olmayıb. Onlardan biri də realist aktyor məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti, "Şöhrət” və "Şərəf” ordenlərinə layiq görülən Səyavuş Aslan idi. O, Azərbaycanın teatr və kino aktyoru, komik, faciə və dramatik rolların mahir ifaçısı kimi daim xatırlanır. Adı çəkiləndə yoxluğuna heyifsilənməyə bilmirsən. Kimsə düşünmür ki, o, bir daha səhnəyə çıxmayacaq, sevimli tamaşaçılarını düşündürə-düşündürə güldürüb ağlatmayacaq. Səyavuş Aslan bütün janrlarda özünü təsdiq etməyi bacaran sənətkarlardan olub.
...1935-ci ilin sentyabrında Bakıda doğulan Səyavuş Məmmədağa oğlu Aslanov 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində həvəskar kimi aktyor sənətinin sirlərinə yiyələnməyə başlayıb. 1954-cü ildən sonra bir müddət Musiqili Komediya Estrada truppasında, bir il Quba Dövlət Dram Teatrında işləyib. 1959-cu ildə Bakıya qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətinə işə götürülüb. Taleyi üzünə gülən aktyor elə həmin il Ağası Məşədibəyovun "Toy kimindir?” tamaşasında Qoşun rolunu uğurla yaratdığına görə əsas heyətə qəbul edilib. O, 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alıb.
Səyavuş Aslan uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri kimi tanınıb və sevilib. 1994-1996-cı illərdə həmin teatrın bədii rəhbəri vəzifəsində çalışmaqla yanaşı, bir çox obrazların mahir ifaçısına çevrilib. Televiziya tamaşalarında yüzdən çox obraz yaradan aktyorun kinoda da bəxti üzünə gülüb: 46 bədii filmə çəkilib.
Görkəmli aktyor təkrarolunmaz fərdi üslubu ilə yumor ənənələrini yaradıcılığı boyu həmişə uğurla davam etdirib. O, bütün janrlarda özünü sınayıb və hər bir rolunu ustalıqla canlandıraraq onu xarakter səviyyəsinə qaldırıb. Yaratdığı obrazlarla təkcə tamaşaçını güldürməyib, eyni zamanda onu düşündürməyi bacarıb. Yaradıcılığında cəmiyyətin diqqət mərkəzində olan problemləri açıb göstərib, incəlikləri ilə tamaşaçının yaddaşına həkk edə bilib.
Nəsibə Zeynalova, Əliağa Ağayev, Hacıbaba Bağırov, Eldəniz Zeynalov kimi gülüş ustalarını bizə daha yaxından tanıdan kiçik səhnəciklərdə də bir cütlük diqqəti çox çəkərdi. Bu, Səyavuş və Ofeliya Aslan cütlüyü idi. Hələ ömürlərinin gənclik illərində kiçik həcmli tamaşalarda, komik səhnəciklərdə əsasən ər-arvad duetində onları görürdük. İstedadları ilə qısa zamanda sevimli səhnə ulduzlarına çevrilmişdilər. Bu aktyorlarsız səhnədə sanki nəsə çatışmırdı: bir boşluq, sönüklük və süstlük duyulurdu. Lakin elə ki, həmin cütlük üstəgəl Nəsibə xanım Zeynalova səhnədə görünürdü, tamaşadan doymaq mümkün deyildi. Buna görə səhnəyə ilk addımından başlamış ani mimikasına, jestinədək hər məqamı gülüş, qəh-qəhə yaratsa da, sonradan tamaşaçıda düşündürücü hal yaradırdı. Gülə-gülə ağladan sənətkar tamaşaçısını belə bağlayırdı obrazlarına.
Şıxəli Qurbanovun "Özümüz bilərik”ində İbişov, Məhərrəm Əlizadənin "Altı qızın biri Pəri” əsərində Firuzbala olan Səyavuş Aslan Sabit Rəhmanın "Ulduz”unda Şubayı yaradır, "Hicran”ında isə Dadaşbalaya çevrilməyi məharətlə bacarırdı. Cahangir Məmmədovun "Qaçırılmış qız”ında Qəmzəli, Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan”ında Orduxan bəy və s. kimi bir çox rəngarəng obrazlar yaradır. M.Qorkinin "Həyatın dibində” əsərində Luka, R.Əlizadənin "Günah”ında Ağaəli, M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran”ında Mirzə Həbib, V.Şekspirin "Hamlet”ində Poloni, Ə.Əmirlinin "Varlı qadın”ında Sarı və s. yaddaqalan rolların yaradıcısı kimi tanıdığımız Səyavuş Aslan eyni zamanda televiziya tamaşalarında da yüzdən çox obrazın ifaçısı olur.
Müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutan Səyavuş Aslan zəngin yaradıcılıq axtarışları ilə milli teatr və kino sənətinin inkişafına dəyərli töhfələr verib. Teatrla yanaşı, ekran əsərlərində yaratdığı obrazlar həm xarakter, həm də janr baxımından rəngarəngliyi ilə seçilib.
Çoxsaylı tamaşalarda, sənədli və bədii, eləcə də televiziya filmlərində çəkilən Səyavuş Aslan öz improvizə məharəti sayəsində çox şeyə nail olub. Onun ustalıqla yaratdığı, tələb olunan səviyyəyə çatdırdığı rollar komikliyi, incə yumoru, dərin psixoloji yozumu ilə seçilib. Bununla da aktyor tamaşaçı sevgisi qazanıb. Bu baxımdan xoşbəxt sənətkarın yaradıcılıq bioqrafiyasına 50-dək filmin adı daxil olub. "Adam ol”, "Adı sənin, dadı mənim”, "Aktrisanın təbəssümü”, "Bankir adaxlı”, "Bəyin oğurlanması”, "Cin mikrorayonda”, "Bizim qəribə taleyimiz”, "Əhməd haradadır?”, "Əzablı yollar”, "Qəm pəncərəsi”, "Ulduz”, "Yaşıl eynəkli adam”, "Hacı Qara”, "Köç”, "Qaynana”, "Yol əhvalatı”, "Yuxu” və s. ekran əsərlərinin hər birində Səyavuş Aslanın yaratdığı xarakterlər uzun müddət filmlərin kinoteatrlarda anşlaqla qarşılanmasına səbəb olub.
Hər şeyin ilki və sonu olduğu kimi, insan həyatının da əvvəli-axırı var. Bəxtəvər o insanlardır ki, həyatdan köç etdikdən sonra da yad edilir, xatırlanır, xalqa, dövlətə, millətə layiq övlad, vətəndaş olduğunu saf əməlləri və dəyərli fəaliyyətləri ilə təsdiqləyirlər. Uzun sürən xəstəlikdən sonra, dünyaya göz açdığı Xəzərin sahilində, doğma Bakısında 2013-cü il iyunun 27-də əbədiyyət yuxusuna gedən, həyatın acısı, səhnənin gülüşü boyuna və taleyinə biçilən Səyavuş Aslanın son mənzili, ziyarət yeri II Fəxri xiyabandadır.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-
2020.- 13 sentyabr.- S.5.