Komandirekranlara gəlir

 

Yeni çəkiləcək bədii film şəhid general Polad Həşimovun qəhrəmanlığından bəhs edəcək

 

Şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə Qarabağ həqiqətlərindən bəhs edən bədii filmin çəkiləcəyi planlaşdırılıb. "Komandir” adlı ekran əsərinin ssenarisi artıq hazırdır. Onun müəllifi, rejissor Cəlaləddin Qasımovun sözlərinə görə, Qarabağ müharibəsinə həsr olunan, eləcə də əvvəllər ermənilərin Azərbaycana qarşı qara əməllərindən danışan filmin redaktoru Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadədir.

Real hadisələrə əsaslanan ssenaridə baş verənlərin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Rejissor bildirdi ki, film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş etdiriləcək: "Azərbaycan xalqının qəhrəman oğlu, Qarabağ müharibəsində şəhid olmuş general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilən "Komandir” bədii filmi ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi soyqırımları, vəhşilikləri ekrana çıxarmaqla, bir daha dünya tamaşaçılarının mühakiməsinə verəcək”.

Xatırladaq ki, Cəlaləddin Qasımov son illər "Şollerin arxivi” adlı bədii və bir neçə sənədli, o cümlədən "100 il şərəfli ömür”, "Nobel qardaşları” və s. filmləri ilə tanınır. Onun "Şollerin arxivifilmi onlarla beynəlxalq festivalda medal qazanıb.

 

Azərbaycan.- 2020.- 13 sentyabr.- S.5.