İnkişafa yol açan fəaliyyət

 

Heydər Əliyev Fondunun ölkədə aparılan təhsil islahatlarına misilsiz töhfələri var

 

 

Bəşəriyyətin keçib gəldiyi tarixi yol təhsilin fərdlər, ümumən cəmiyyət üçün nə qədər böyük önəm daşıdığını təsdiqləyir. Bu gün dünyanın inkişaf etmiş bütün ölkələri öz tərəqqilərinə görə məhz təhsilə borcludurlar. Elm-bilik mühitinin yaradılmasına dəstək isə hər bir şəxsiyyətin aid olduğu xalqa, dövlətə verə biləcəyi ən böyük töhfədir.

 

Son illər iqtisadiyyatımız, elmimiz, təhsilimiz daha geniş inteqrasiya proseslərinə cəlb olunub. Həyata keçirilən tədbirlər sayəsində həm infrastruktur yenilənir, həm də kadr potensialı müasir dünyanın tələblərinə uyğun tərzdə formalaşdırılır. Ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, bacarıq, informasiya və texnologiyaları mənimsəmə qabiliyyəti ilə bilavasitə bağlıdır. Ona görə də Prezident İlham Əliyev intellektual potensialın zənginləşdirilməsini, elm və təhsil ocaqlarımızın iqtisadi islahatlarla həmahəng inkişafını öz çıxışlarında dönə-dönə aktuallaşdırır.

 

Hazırda aparılan köklü islahatlar bu sahənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin edir. Reallaşdırılan prosesin əsas amili olan kadr potensialının formalaşdırılması missiyasını isə Azərbaycan təhsili yerinə yetirir. Ona görə də dövlət başçısı milli təhsil sistemimizin ölkənin inkişaf tələblərinə uyğunlaşdırılmasını, müasir çağırışlara hazır olmasını mühüm istiqamət kimi qarşıya qoyur.

 

Ali məqsəd

 

Ölkə təhsilinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər maarifçilik tariximizin böyük bir səhifəsini təşkil edir.

 

Birinci xanımın xeyirxah əməlləri işığında artıq bütöv bir nəsil yetişir. Xüsusilə gənclərdə vətənpərvərlik ruhu güclənir. Heydər Əliyev Fondunun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi mövcuddur: bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir. Həmin məsələlər, əslində, xalqımızın gələcəyini qurmağın mühüm yollarıdır. "Bu gün hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur”, deyir Mehriban xanım. İndi xeyriyyəçilik fəaliyyəti, hansısa yaxşılıqlara vəsilə olmaq arzusu gənclər arasında geniş yayılır. Xoş əməllər ortaya qoymaq, başqalarına kömək göstərmək, cəmiyyət üçün faydalı işlər görmək istəyi getdikcə daha çox gəncimizin həyat tərzinə çevrilir. Onlar sosiallaşırlar, nəcib niyyətlər ətrafında bir araya gəlmələri ilə müsbət nəticələr yaradırlar.

 

Bu, çox sevindiricidir. Deməli, Mehriban xanımın illərdən bəri fədakarlıqla gördüyü işlər öz məqsədlərinə çatır. Cəmiyyətimizin gələcəyi bu dəyərlər ruhunda formalaşır. Heydər Əliyev Fondu Ulu Öndərin təməlini qoyduğu və Azərbaycan Prezidentinin əzmlə davam etdirdiyi təhsil islahatlarına miqyası görünməyən töhfələr verir. İlk növbədə təhsilin maddi-texniki bazasının inkişaf etdirilməsi, onun keyfiyyətinin yüksəldilməsi, dünya təhsili ilə əlaqələrinin yaradılması prosesinə daim diqqət yetirir. Ümumiyyətlə, fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESKO və ICESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbət və etimadla qarşılanmışdır.

 

Mehriban xanım Əliyevanın fəaliyyətinin ali məqsədlərindən biri ölkəmizin təhsil sisteminin qabaqcıl dünya standartları səviyyəsinə yüksəldilməsidir. Fond fəaliyyətində bu məqsədə doğru ardıcıl addımlar atır, ölkəmizin bu günü və gələcəyi üçün böyük mənəvi dəyərlər yaradır.

 

Cəmiyyətdə böyük əks-səda doğuran layihə

 

İnkişaf dəyişiklikdir. Mütərəqqi ənənələr üzərində yeni dəyərlərin yaradılmasıdır. Həyatımızdakı ən böyük dəyişikliklər isə məhz təhsillə, məktəblə başlanır. Heydər Əliyev Fondu 2005-ci ildə "Yeniləşən Azərbaycana yeni məktəb” çağırışını irəli sürməklə cəmiyyət həyatında böyük bir dəyişikliyin əsasını qoydu. Mehriban xanım Əliyevanın bu təşəbbüsü çox böyük ictimai dəstək qazandı. Təhsilə insanlarımızın marağını artırdı. "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin məqsədi təhsil sahəsindəki mövcud problemlərin həllinə kömək göstərmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

 

Proqram çərçivəsində ölkənin müxtəlif bölgələrində yüzlərlə məktəb binası inşa olundu və yenidən quruldu. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi yaradıldı. Bununla tam fərqli, müasir, müsbət dəyişikliklərlə zəngin təhsil mühitinin qapıları gənc nəslin üzünə açıldı.

 

Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurları ilə göstərdi ki, təhsil kimi strateji, cəmiyyət üçün həyati vacib sahələrdəki mövcud problemlərin yoluna qoyulmasını yalnız dövlətdən ummaq düzgün deyil. Bu sahədə inkişafa hər kəs bacardığı dəstəyi göstərməlidir. Çünki təhsil adına görülən hər kiçicik bir işin nəticəsi müəyyən müddətdən sonra çox böyük faydalarla geri dönür.

 

"Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin xoş bəhrələrini artıq gündəlik həyatımızda hiss etməkdəyik. Bu layihə çərçivəsində tikilmiş, yenidən qurulmuş məktəblərdə vaxtilə birinci siniflərə gedənlər artıq məzun olmaq ərəfəsindədirlər. Təhsilini müəyyən siniflərdən sonra məhz həmin yenilənmiş məktəblərdə davam etdirmiş gənclərimizin bir qismi isə artıq ali məktəbləri də başa vurublar. Onlar bu məktəblərlə dövlətimizin diqqət və qayğısını, gücünü, ali məqsədlərini görüb hiss ediblər. Layihə yenə də davam etdirilir. Mərkəzi şəhərlərimizdə və ucqarlarda inşa edilən, yaxud yenidən qurulan təhsil ocaqları ilə maarif nurunu insanlara yetirir.

 

Qala qəsəbəsindəki 216, Gəncə şəhərindəki 34, 18 nömrəli, Salyanda Ərəbqardaşbəyli kənd, Şamaxıda Məlikçobanlı kənd, Ağsu rayonunda Bico kənd, Şamaxı rayonunda Meysəri kənd tam orta məktəblərinin binaları və başqaları son dövrlər bu layihə çərçivəsində uğurla yerinə yetirilmiş işlərdir.

 

Bu günlərdə isə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi istifadəyə verildi. Görkəmli musiqiçi-bəstəkarın adını daşıyan bu məktəbdə yaradılmış şərait və bütün bu işlərin pandemiya dövründə həyata keçirilməsi bir daha göstərdi ki, dövlətimizin əzmkarlığı, elmə, təhsilə, sənətə qayğısı qarşıya çıxan bütün maneələrdən daha güclüdür. Heç bir çətinlik bizi tutduğumuz inkişaf yolundan çəkindirə bilməz

Təhsilə dəstək

 

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun təhsil sahəsində reallaşdırdığı möhtəşəm layihələrdən biri də "Təhsilə dəstək”dir. Bu layihə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə fond tərəfindən çanta və məktəb ləvazimatı hədiyyə edilməsi ilə başlandı və hər il xeyirxah bir ənənəyə çevrildi. Qısa zamandan sonra "Təhsilə dəstək” hüdudlarını daha da genişləndirdi. Layihə çərçivəsində Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Bir sıra xarici təşkilat və şirkətlərin ("World Vision”, "JP Morgan”, "Exxon Mobil”, Rusiyanın "Puşkin kitabxanası” Fondu) fonda hədiyyə etdikləri müxtəlif adda çoxsaylı nəşrləri ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internatların kitabxanalarına paylanmağa başlandı.

 

"Təhsilə dəstək” layihəsi çərçivəsində indiyə qədər Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan, Hollandiya, Vyetnamda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində zəlzələdən sonra dağılmış orta məktəb binasının inşası bu baxımdan Heydər Əliyev Fondunun ən uğurlu və rəğbət doğuran layihələrindən biridir. Yada salaq ki, həmin məktəb qızlar üçündür. Bu da bütün dünyada qızların təhsilinin, ictimai fəallığının, iqtisadi müstəqilliyinin təmin olunmasının Heydər Əliyev Fondu üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir.

 

Fondun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilib. Eyni şəkildə Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub. Həmçinin Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib.

 

Uşaq evləri və internat məktəblərinin inkişafı

 

Fondun təhsil sferasında illərdən bəridir ki, reallaşdırdığı layihələrdən biri də "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”dır. Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli hər zaman qurumun qarşıya qoyduğu əsas vəzifələrdən olmuşdur. Bu proqram bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Layihə çərçivəsində görülən tədbirlər də Mehriban xanım Əliyevanın təşkilatçılığı, daimi nəzarəti ilə həyata keçirilməkdədir. Proqramı uğurlu edən onun ciddi bir təhlil əsasında hazırlanması və icrası gedişində hər bir sahənin dəqiqliklə nəzərə alınmasıdır. Bakıda, ətraf qəsəbələrdə yerləşən uşaq evlərində və internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür.

 

"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” çərçivəsində respublika üzrə 40-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuş, əlavə yardımçı binalar tikilmiş, kommunal şərait yaxşılaşdırılmışdır. Müəssisələrdə kitabxanalar yaradılmışdır. Onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunmuşdur. Əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılmışdır. Sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılmışdır. Uşaqların hərtərəfli inkişafına müvafiq şəraitin yaradılması məqsədilə müəssisələrdə mütəmadi olaraq treninqlər davam etdirilməkdədir.

 

2009-cu ildən başlayaraq Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında bu müəssisələrlə bağlı daha bir xeyirxah iş həyata keçirilir. Uşaq evlərində tərbiyə almış, yaşı 18-ə çatandan sonra isə müstəqil həyata atılan gənclər üçün Bakıda və bölgələrdə yaşayış binaları tikilir. Onlar mənzillərlə, öz peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunurlar.

 

Məktəbəqədər təhsil müəssisələrinin inkişafı

 

Heydər Əliyev Fondunun uğurla reallaşdırdığı işlərdən biri də "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” layihəsidir. Layihə çərçivəsində Bakıda və ucqarlarda 100-ə yaxın məktəbəqədər təhsil müəssisələri inşa edilmiş, yaxud yenidən qurularaq körpələrin istifadəsinə verilmişdir. Bu proses indi də davam etdirilməkdədir.

 

Son bir neçə ayda Gəncə şəhərində istifadəyə verilmiş 32 saylı, Binəqədi rayonundakı 141, Sabunçu rayonundakı 260, Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası, Bakıda yenidən qurulmuş "Ümid yeri” uşaq sığınacağı, İmişlidə, Şamaxı şəhərində və Şamaxının Meysəri kəndində yaradılmış körpələr evi-uşaq bağçaları bu proqramın böyük uğurla icra olunduğunu göstərir.

 

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESKO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün” proqramını, texniki peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESKO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir.

 

 * * *

Dünyada bir insanın təhsilinə verilən dəstək ümumən bəşəriyyətin rifahına xidmətdir. Cəhalətə qarşı mübarizədə böyük qələbədir. Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun xətti ilə həyata keçirdiyi təhsil layihələri də maarif işığını bütün dünyada yayır. Cəhalətin, biliksizliyin və bunun gətirdiyi saysız-hesabsız problemlərin, sıxıntıların miqyasını kiçildir.

 

Heydər Əliyev Fondunun bu layihələri həm də dünyaya yeni bir Azərbaycan təqdim edir. Ölkəmizi dünyaya elm, təhsil, mədəniyyət işığında tanıdır. Bizə rəğbət bəsləyənlərin, bizimlə həmrəy olanların sırasını genişləndirir.

 

Bu, Ulu Öndər Heydər Əliyevin arzularında yaşatdığı Azərbaycandır. Bu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli çağlarına yetirdiyi Azərbaycandır. Bu, Mehriban xanım Əliyevanın öz xeyirxah əməlləri ilə hər birimizə daha da doğmalaşdırdığı Vətəndir.

 

Və bu Vətənə xidmət qürurumuz, şərəfimizdir!

 

 

İradə ƏLİYEVA

Azərbaycan.- 2020.-15 sentyabr.- S.1; 5.