İlham Əliyev iqtisadi islahatları daha mükəmməl məcraya yönəldir
Dövlət başçısının fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması islahatları daha mükəmməl məcraya yönəltməyə, atılan bütün iqtisadi addımları vahid sistem şəklində tətbiq etməyə zəmin yaradır.
Dünya iqtisadiyyatında baş verən qlobal geriləmələr, koronavirus pandemiyası ilə bağlı gündəmə gələn iqtisadi böhranın fəsadları hər bir dövləti yeni çağırışlara uyğunlaşmağa vadar edir. Azərbaycanın makroiqtisadi göstəricilərində, islahatların reallaşmasında sabitliyin qorunması üçün zamanın nəbzinə uyğun strateji siyasətin qurulması xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi ilə yanaşı, maliyyə sabitliyinin təmin olunması zərurətə çevrilir.
Yeni yaranan İqtisadi Şuranın artıq ilk iclasında bu qurumun vacib tapşırıqların və ən mürəkkəb iqtisadi problemlərin kollegial müzakirəsinə imkan verən və ortaq məxrəcə gəlməyə şərait yaradan əlverişli platforma kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılmışdır.
Qeyd edək ki, İqtisadi Şuranın yaradılması ölkə mediasında ən geniş müzakirə olunan mövzulardan birinə çevrilmişdir. Ekspertlər və iqtisadçılar bu qurumun fəaliyyətindən gözləntilərini şərh edir, onun iqtisadi məsələlərin həllində, perspektivlərin təyin edilməsində hansı rol oynayacağını proqnozlaşdırmağa çalışırlar. Bildirirlər ki, Maliyyə Sabitliyi Şurasının ləğv edilərək əvəzində İqtisadi Şuranın yaradılması sosial-iqtisadi sahədə islahatların vahid mərkəzdən əlaqələndirilməsini təmin etməyə xidmət edən çevik idarəetmə sisteminin tətbiqinə imkan verən düşünülmüş qərardır. Belə ki, İqtisadi Şura sələfindən fərqli olaraq daha geniş səlahiyyətlərə və daha operativ idarəetmə alətlərinə malikdir. İqtisadçılar müsbət hal kimi onu qeyd edirlər ki, əgər Maliyyə Sabitliyi Şurasına Prezidentin köməkçisi rəhbərlik edirdisə, İqtisadi Şuraya rəhbərliyi bilavasitə Baş nazir həyata keçirir. Bu addımla bir tərəfdən, İqtisadi Şuranın hüquqi statusu gücləndirilir, digər tərəfdən, Nazırlər Kabinetinə verilən salahiyyətlərin dairəsi genişlənir. İqtisadi Şuranın sələfindən fərqli olaraq qərar qəbul etməyə təsiri və prosesləri koordinasiya imkanları daha genişdir.
Ekspertlərin fikrincə, əvvəlki qurum daha çox maliyyə sektorundakı proseslər üzrə səlahiyyətlərə malik idisə, yeni şuranın vəzifəsi iqtisadiyyatın bütün sahələri üzrə dərinləşdirilmiş strategiyaların reallaşdırılmasından ibarətdir. Bu səlahiyyətlərin istiqamətləri fərmanda geniş əksini tapmışdır. Şura idarəetmə çərçivələrinin hazırlanması, iqtisadi, siyasi, sosial sahələrdə təşəbbüslərin göstərilməsini təmin, eyni zamanda biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması, yeni təşviq mexanizmlərinin hazırlanması, on ildə iqtisadiyyatın iki dəfə böyüdülməsi kimi xüsusi əhəmiyyət kəsb edən vəzifələri icra etməlidir.
Azərbaycan Prezidentinin tələbi odur ki, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlasın, dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlb edilməsini gələcək iqtisadi siyasətin aparıcı istiqamətinə çevirsin, həmçinin özəl sektorun lokomotiv rolunu təmin etməklə investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atsın. İqtisadi Şura iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlamalı, fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertlərin, beynəlxalq təşkilatların və elmi müəssisələrin təcrübəsindən və təkliflərindən faydalanmalıdır.
Şuranın ilk iclasında aparılan müzakirələr, verilən təkliflər belə qənaətə gəlməyə imkan verir ki, dövlət başçısının yeni qurumun qarşısında qoyduğu iqtisadi vəzifələrə məsuliyyətlə yanaşılacaq. Çünki İqtisadi Şura üzərinə düşən məsələlərin mürəkkəbliyini tam dərk edir və bu istiqamətdə lazımi tədbirlərin operativ şəkildə görülməsini təmin edə bilən intellektual imkanlara və geniş səlahiyyətlər paketinə malikdir. Əhəmiyyətli amillərdən biri də odur ki, şuranın fəaliyyəti dövlət başçısının diqqət mərkəzində olacaqdır.
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2020.-15 sentyabr.- S.1; 3.