Müstəqil ölkənin azad paytaxtı - Bakı

 

1918-ci ilin 28 mayında qədim və gözəl məmləkətimiz müstəqilliyinə nail oldu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yalnız illərdir bu yolda mücadilələr edənlərin, mübarizələr aparanların qələbəsi deyildi. Heç bütövlükdə o misilsiz dönəmə, o böyük günə şahidlik edənlərin də səadətə qovuşduğu gün sayılmamalıdır. 1918-ci ilin 28 mayı zaman-zaman bu ölkədə yaşayıb onu canından çox sevərək azad görmək istəyənlərin ruhlarının rahatlıq tapdığı gündü. Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olması həm də o günü görməyib, haqqında tarix kitablarının səhifəsindən, arxivlərdən məlumat alanların əbədi qüruruna, fəxarətinə çevrilib.

 

Bakının intizarı...

 

Çarizimin süqutundan sonra Azərbaycan da öz müqəddəratını həll etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Ancaq müstəqil dövlətin qayğılarının sayı-hesabı yox idi. Bütün sahələrdə təxirəsalınmaz işlər, mühüm vəzifələr, həlli labüd problemlər vardı. Hökumətin hərbi sahədə görəcəyi vacib işlər isə həyati əhəmiyyət daşıyırdı. Azadlığına göz dikmiş düşmənləri həm çox, həm də amansız idi. O çətin günlərdə Azərbaycanın hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin sayı olduqca azdı. Buna görə çar Rusiyası uzun illər siyasət işlətmiş, azərbaycanlıları əsgəri xidmətə cəlb etməmişdi.

Cümhuriyyət höküməti ilk gündən silahlı qüvvələrin təşkilinə başladı. 1918-ci il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi.

Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan ilk Hökumət kabinəsində Hərbi Nazirlik də nəzərdə tutulurdu. Hərbi nazir vəzifəsinə isə "İstiqlal bəyannaməsi”ni imzalayan 26 nəfərdən biri - Xosrov Paşa bəy Sultanov təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə 1918-ci il 26 iyunda Müsəlman korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan korpusu adlandırıldı. Onun komandiri vəzifəsini general-leytenant Əliağa Şıxlınski davam etdirdi. Əlahiddə Azərbaycan Korpusu milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm işlərə başladı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunanda Bakı şəhəri Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalındaydı. Bu səbəbdən milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşdi. Yeni hökumətin başlıca vəzifəsi Bakını işğaldan azad etmək idi. Ancaq qarşıda Bakı Sovetinin 18 minlik qoşunu vardı...

Hələ cümhuriyyətin qurulması ərəfəsində İstanbula gedən Azərbaycan təmsilçiləri Osmanlı dövlətindən köməklik istəmişdilər. Vəziyyəti nəzərə alan hərbi nazir Ənvər Paşa qardaşı Nuru Paşaya rəhbər olduğu hərbi hissələrlə Təbriz istiqamətindən Gəncəyə doğru hərəkət etmək əmri verdi.

1918-ci il iyunun 4-də müstəqil Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü.

İyunun 10-da Bakı Sovetinin bolşevik-daşnak ordusu Azərbaycanın müstəqilliyinə son qoymaq üçün Gəncə istiqamətində hücuma keçdi. Müsəlman əhaliyə qarşı soyqırım aparır, evlərini talan edirdilər. Vəziyyətin ağırlığını nəzərə alan cümhuriyyət hökuməti iyunun 23-də ölkədə hərbi vəziyyət elan etdi. İyunun 27-dən iyulun 1-dək Göyçay ətrafında ağır döyüşlər aparıldı. Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı. Göyçay, Kürdəmir, Ağsu, Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Hələ ki, Bakı intizarla yol gözləyirdi...

 

Qələbə!

 

Bakı Xalq Komissarları Soveti 1918-ci il iyulun 31-də istefa etmək məcburiyyətində qaldı. Eser-menşeviklər və daşnaklar bundan istifadə edərək avqustun 1-də Bakıda Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı qurdular. Bu orqan ilk gündən bolşeviklərə divan tutmaq və Cənubi Azərbaycanda olan ingilis qoşununu Bakıya dəvət etmək mövqeyində dayandı. Avqustun 4-də 300 zabit və əsgərdən ibarət ilk ingilis dəstəsi Bakıya gəldi.

1918-ci il avqustun 5-də Qafqaz İslam Ordusu Əlahiddə Azərbaycan korpusu ilə birgə Qurd qapısı istiqamətindən hücuma keçdi. Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd uğursuz oldu.

Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxardı. O, Bakı neftinə sahib olmaq Qafqaz İslam ordusunu şəhərə buraxmamaq tapşırığı almışdı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər zabitdən ibarət idi.

Həmin vaxtlar bolşeviklərə qarşı olan çar Rusiyasının İran ərazisində hərbi əməliyyat aparan kazak dəstəsinin komandanı polkovnik Lazar Biçeraxovun qoşunu da bu şəhərdə idi. Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə mövqeyindəydi. Biçeraxov general Denstervillə gizli razılığa gələrək, türk qoşunlarına qarşı birgə əməliyyat aparmağa hazır olduğunu bildirdi. Qafqaz İslam ordusuna məğlub olacağını görən Biçeraxov iyulun 30-da dəstəsini cəbhə xəttindən çıxarıb Port-Petrovsk istiqamətində şimala çəkməli oldu.

Sentyabrın 14-nə keçən gecə Qafqaz İslam Ordusu Bakının azad edilməsi üçün yenidən hücuma başladı. Həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk etdi. Sentyabrın 15-də döyüşlər çox da uzun sürmədi. Sentrokaspi Diktaturası məğlubiyyətə uğradıldı. Milli Ordumuz Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını ətraf qəzaları işğaldan azad etdi.

Səhəri gün böyük qələbə münasibətilə hərbi parad keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əliağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri, Bakı ətraf kəndlərin sakinləri iştirak etdilər.

Hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü.

Tədricən Azərbaycanın bütün ərazilərində daşnak-bolşevik silahlı qüvvələrinin zülmlərinə son qoyuldu. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generallarının adları hərb tariximizdə əbədiləşdi.

 

Mətbuatımızın "Azərbaycan”ı...

 

1918-ci il sentyabrın 15-i həm tariximizə mətbuatımızda ilk rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın nəşrə başladığı gün kimi yazıldı. Qəzetin ilk nömrəsi Gəncə şəhərində Yelizavetpol qubernatorunun mətbəəsində işıq üzü gördü. "Azərbaycanqəzeti məmləkətinə qələbə müjdəsi ilə qədəm basdı. Sevinc böyük idi. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu milli hərbi hissələrimiz Bakını bolşevik-daşnak işğalından azad edərək qalibiyyətlə şəhərə daxil olmuşdular. Qəzet ilk nömrəsində xəbər verirdi ki, Bakı azad edilərkən 30 minədək silahlı düşmən əsir alınmış, çoxlu qənimət ələ keçirilmiş, şəhərdə sakitlik bərqərar olmuşdur.

Nuru Paşa sentyabrın 15-də Gəncəyə göndərdiyi növbəti teleqramda Azərbaycan hökumətini Bakıya dəvət edirdi: "Gəncədə Azərbaycan Cümhuriyyəti Rəyasəti-Alisinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə Heyəti-Vükəlanın yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. 15.09.18. Yavərani-həzrəti-şəhriyaridən. Farik-Nuru”.

Azərbaycan Xalq Cümhuriyyəti Heyəti-Vükəla (Nazirlər Şurası) rəisi Fətəli xan Xoyskinin cavab teleqramında isə yazılırdı: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə və dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Heyəti-Vükəla rəisi Fətəli xan”.

"Azərbaycan” qəzeti sonrakı günlərdə də Xalq Cümhuriyyətinin ən mötəbər tribunalarından biri oldu. Müstəqil hökumət bu qəzetin səhifələrindən öz vətəndaşlarına müraciətlərini ünvanladı, dostlarına, düşmənlərinə mövqeyini nümayiş etdirdi...

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2020.- 15 sentyabr.- S.6.