Şərqi Aralıq dənizində gərginlik artır

 

Region silahlı qarşıdurma meydanına çevrilə bilər

 

Aralıq dənizinin şərq hissəsi son aylaradək heç vaxt gərginlik ocağı olmamışdı. Sahilyanı ölkələr arasında dənizdə hansısa münaqişə yaşanmamışdı. İndisə Şərqi Aralıq dənizi regionu son dərəcə gərgin vəziyyətin şahididir. Gərginlik, ilk növbədə, Yunanıstanla Türkiyə arasında müşahidə edilir. Əslində isə Yunanıstan bu prosesdə daha çox alət rolunu oynayır. Məqsəd Türkiyəni Aralıq dənizindən vurub çıxarmaq və ölkəni öz sahilində "həbs etmək”dir: elə bil ki, Türkiyənin dənizlə heç bir əlaqəsi yoxdur.

2000-ci illərdə burada geoloji kəşfiyyat nəticəsində karbohidrogen ehtiyatlarının mövcudluğu barədə məlumat əldə edildikdən sonra region diqqət mərkəzinə düşdü. Burada ilk böyük təbii qaz yatağı İsrailin müstəsna iqtisadi zonasında, Hayfa şəhərindən təxminən 90 kilometr aralıda aşkarlandı. Yataqda 280 milyard kubmetr təbii qaz olduğu təxmin edilir. Ardınca başqa yataqlar da kəşf olundu.

2010-cu ilin məlumatına görə, Şərqi Aralıq dənizinin təkcə Kipr, Livan, Suriyaİsrail arasında Levant hövzəsi adlanan hissəsində 1,7 milyard barel neft və 3,45 trilyon kubmetr təbii qaz olduğu təxmin edilir. Bu məlumat sahilyanı ölkələrin iştahasını əməlli-başlı qabartdı. Hamı bu böyük kökədən mümkün qədər çox pay götürmək üçün yarışa girdi. Beləcə, Şərqi Aralıq dənizinin əhəmiyyəti özünü daha bariz şəkildə göstərməyə başladı, qonşu ölkələrin bir-biri ilə problemləri və müstəsna iqtisadi zonaların sərhədləri barədə fikir ayrılıqları ortaya çıxdı.

Təbii ki, belə bir mürəkkəb şəraitdə sahilyanı ölkələrin bir araya gəlib problemləri həll etməkdən başqa yolu olmamalı idi. Bir sıra ölkələr, ilk növbədə, Yunanıstan tamamilə fərqli istiqamət götürdü: Afinanın məqsədi Avropa İttifaqı (Aİ) ölkələrini arxasına alaraq Türkiyəni Şərqi Aralıq dənizində karbohidrogen payından məhrum etməkdir. Bu işdə təhrikçi kimi Fransa çıxış edir.

Belə olan təqdirdə Türkiyə ötən ilin noyabrında Liviya legitim hökuməti - paytaxt Trablisdə fəaliyyət göstərən milli barışıq hökuməti ilə dəniz sərhədlərinin müəyyənləşdirilməsi haqqında saziş imzalayıb BMT-yə təqdim etdi. Beləliklə, həm Türkiyənin, həm də Liviyanın Aralıq dənizinin şərqində mövcudluğu qanuniləşdi. Lakin Yunanıstan Aİ üzrə müttəfiqlərinə arxalanaraq bu sazişi tanımaqdan boyun qaçırdı: guya ki, Türkiyə ilə Liviya arasında imzalanmış sənəd beynəlxalq hüquqa ziddir.

Vəziyyətdən çıxış yolu kimi Liviyanın legitim hökumətini devirmək planı işə düşdü, çünki belə olan halda Türkiyə ilə bağlanmış sazişi qüvvədən salmaqbununla Ankaranın Şərqi Aralıq dənizi ilə bağlı iddialarına son qoymaq mümkün idi. Belə bir cəhd edildi. Yunanıstanın havadarları Liviyanın şərqindən gəlmiş qanunsuz silahlı birləşmələrə hərtərəfli dəstək verdilər. Qiyamçı general Xəlifə Həftərin komandanlıq etdiyi birləşmələr Trablisin ətrafina gəlib çıxmışdı. Elə bir təsəvvür yaranmışdı ki, hökumətin süqutu an məsələsidir. Lakin Türkiyə vəziyyətə gecikmədən müdaxilə etdi, nəticədə Həftərin dəstələri paytaxtdan xeyli uzaqlaşdırıldı və qanuni hökumətin devrilməsinin qarşısı alındı.

Beləliklə, Türkiyə ilə haqq-hesab çəkməyin ən asan yolu əldən çıxdı. Ona görə də Ankaranı "buxovlamaqüçün mümkün olan bütün vasitələr işə salınır. Bir tərəfdən, Türkiyənin beynəlxalq hüququ pozması təkrar-təkrar iddia olunur, digər tərəfdən isə, hərbi ritorika nəzərə çarpır. Fransa başda olmaqla Şərqi Aralıq dənizinə aidiyyəti olmayan İspaniya, İtaliya, Portuqaliya, Malta, hətta Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr fəallaşır, Türkiyəni susdurmaq üçün çəkici eyni zindana vururlar. Gərginliyi azaltmaq üçün sahilyanı ölkələr arasında dialoq qurmağa çağıran ABŞ-ın bu yaxınlarda Kiprə qarşı 33 il əvvəl tətbiq etdiyi silah embarqosunu yumşaltmağı və adanın cənubunu ABŞ-ın İMET hərbi təlim proqramına daxil edilməsini qərarlaşdırması heçproblemin nizamlanmasına xidmət etmir, əksinə, antitürk kampaniyasının qızışmasına zəmin yaradır, regionda sülhünsabitliyin bərqərar olmasına töhfə vermir. Bu azmış kimi, Vaşinqton cari ayın 12-də yunan Kipri ilə adanın cənubunda Quru, Dəniz və Liman Təhlükəsizliyi Mərkəzi adlı təlim mərkəzinin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalamışdır. Sənəd Kiprin türk icmasının maraqlarını nəzərə almır. Başqa sözlə, ABŞ adanın iki icması arasında qüvvələr nisbətini pozur ki, bu da Kiprdə danışıqlar prosesinə zərbə vurur.

Ankaranın cərəyan edən hadisələri münasibəti birmənalıdır: Türkiyə nəyin bahasına olursa-olsun, Şərqi Aralıq dənizində milli maraqlarını qoruyub saxlamaqda israrlıdır, kənardan təzyiqlərə boyun əymək fikrində deyil. Eyni zamanda Türkiyə regionda gərginliyin azaldılması naminə Yunanıstanla dialoqa girməyə hazırdır. Qarşı tərəf də ara-sıra dialoqdan söz açır. Bəs elə isə, niyə dialoq baş tutmur? Məsələ burasındadır ki, Yunanıstan danışıqlar masası arxasında oturmaqdan qabaq ilkin şərtlər irəli sürür. Bu şərtlərin məğzi Türkiyənin Şərqi Aralıq dənizindən tamamilə çəkilməsi və hər cür "təxribat”a son qoymasından ibarətdir. Amma Türkiyə də ilkin şərtlər irəli sürə bilər. Özü də Afinanın regionda Ankaraya münasibətdə yaratdığı narahatlıq kifayət qədər əsaslıdır. Belə ki, Yunanıstan 1947-ci il tarixli Paris sazişini pozaraq Türkiyə sahilinin yaxınlığındakı adaları hərbiləşdirir, burada silahlar və hərbi qüvvə yerləşdirir. Belə bir şəraitdə dialoqun baş tutacağını gözləmək çətindir.

Digər tərəfdən, Afina müdafiə xərclərini üç dəfə artırmağı və qarşıdakı doqquz il ərzində 10 milyard avro dəyərində silah almağı planlaşdırır. Yunanıstanın əsas silah təchizatçısının Fransa olacağı gözlənilir. AfinaParis bu barədə artıq razılaşma əldə etmişlər. Yunanıstan hökuməti yeni hərbi təyyarələr, helikopterlər və freqatlar almağı planlaşdırır. Hərçənd ölkənin iqtisadi vəziyyəti heç də ürəkaçan deyil. Büdcə kəsiri artmaqda davam edir. Yerli mütəxəssislər on ildən çoxdur ölkəni çənginə almış iqtisadi tənəzzülün bundan sonra da davam edəcəyini proqnozlaşdırırlar.

Şərqi Aralıq dənizində Yunanıstan-Türkiyə qarşıdurması hələ də davam edir. Vəziyyətədn çıxış yolu görünmür. Antitürk kampaniyasını qızışdıranlar növbəti addım kimi cari ayın 24-25-də keçirilməsi nəzərdə tutulan Aİ sammitində Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsinə nail olmaq niyyətindədirlər.

 

Allahverdi MEHDİYEV,

 

Azərbaycan.- 2020.- 15 sentyabr.- S.6.