Sərt karantin sürətlə
yumşalır
Qarşıda duran əsas vəzifə
isə COVID-19-un yayılmasına, yeni yoluxma nöqtələrinin yaranmasına imkan verməməkdir
Azərbaycan dövləti koronavirus pandemiyası ilə mübarizə sahəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı - yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasına rəvac verib.
Koronavirusun dünyaya yayılmağa başladığı ilk dönəmlərdən etibarən, Azərbaycanın infeksiyaya qarşı uğurlu fəaliyyəti və qəbul edilən zəruri qərarlar ölkəmizdə pandemiyanın təsirlərini minimuma endirməyə imkan verib, vəziyyəti nəzarət altında saxlamaqda xüsusi rol oynayıb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, bütün istiqamətlərdə əsaslı işlər həyata keçirilir. Vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyinin etibarlı müdafiəsi üçün zəruri addımlar atılır. Səhiyyə sahəsinin dərhal pandemiya ilə mübarizəyə yönəldilməsi, eyni zamanda insanların sosial rifahlarının təmin edilməsi ölkəmizdə COVID-19-la mübarizədə nailiyyət əldə olunmasının başlıca səbəblərindəndir.
Əsas məqsəd bütün
yoluxanların müayinədən keçirilməsi və onlara vaxtında tibbi xidmət
göstərilməsidir
İnfeksiyanın yoluxma sürətini aşağı salmaq və onu nəzarətolunan səviyyədə saxlamaq isə birbaşa xəstəliyin erkən aşkarlanmasından asılıdır. Bu vacib məsələ də ölkəmizdə diqqət mərkəzindədir və heç təsadüfi deyil ki, adambaşına düşən testlərin sayına görə, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformat şəklindəki çıxışı zamanı Prezident İlham Əliyev bu məsələni xüsusi vurğuladı: "COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır. Bununla bərabər, laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi. Bu gün biz laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilibdir. Adambaşına düşən testlərin sayına görə, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da təbiidir, nə qədər çox test keçirirsən, o qədər də çox yoluxma halları aşkarlanır. Bizim əsas məqsədimiz və vəzifəmiz məhz bundan ibarətdir ki, bütün yoluxanlar müayinədən keçirilsin və onlara vaxtında tibbi xidmət göstərilsin”.
Qeyd edək ki, hazırda ölkəmizdə koronavirusla bağlı keçirilən testlərin ümumi sayı 1 milyonu ötüb. Respublikamızda ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər də yekunlaşmaq üzrədir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova məlumat verib ki, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək. İşçi qrupunun rəhbəri seroloji testlərin proqnostik əhəmiyyət daşıdığını və hazırda əhalinin neçə faizinin yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirməsini öyrənməyə imkan verəcəyini bildirib: "Seroloji testlər nəticəsində əhalinin yarıdan çoxunda anticisimlərin yaranmasının aşkar edilməsi karantin rejimində məhdudiyyətlərin ləğv olunması üçün əsas verəcək. Nümunə götürülənlərin az qismində anticisimlərin aşkar edilməsi karantin rejimində sərtləşdirməyə ehtiyac olduğunu ortaya çıxaracaq”.
Sanitar-epidemioloji vəziyyətə uyğun addımlar atılır
Sadalanan effektiv tədbirlərin nəticəsidir ki, avqustun 5-dən vətənimizdə mərhələli şəkildə sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılmasına, bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına başlanılıb. SMS icazə sistemi ləğv edilib, çimərliklər açılıb, bir sıra istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. İri ticarət mərkəzləri və "Mall”lardan başqa, qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan mağazalar açılıb, bəzi sahələr üzrə işə cəlb olunan işçilərin sayına tətbiq edilmiş məhdudiyyətlər aradan götürülüb. Nazirlər Kabinetinin qərarına əsasən, ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda xüsusi karantin rejiminin qaydalarına riayət etməklə 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilib.
Operativ Qərargahın qərarına əsasən, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 8 sentyabrdan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).
Eyni zamanda sözügedən tarixdən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul tarixli Qərarına uyğun olaraq ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.
Həmçinin çimərliklərdəki ictimai iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağa da aradan qaldırılıb. Artıq Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti də ötən gündən bərpa edilib.
Təhsil Nazirliyindən valideynlərə vacib müraciət
Yumşalma qərarları çərçivəsində ölkə ərazisində təhsil müəssisələri də bu gündən mərhələli şəkildə açılır. İlk olaraq ibtidai siniflərdə dərslər keçiriləcək. Yuxarı sinif şagirdləri isə onlayn tədrisə başlayacaqlar. Zamanla bu siniflərdə təhsil alan şagirdlər üçün də ənənəvi təhsil bərpa ediləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bu gündən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının da açılmasına icazə verilib. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixədək bağçaların tam açılması nəzərdə tutulur.
Təhsil Nazirliyindən verilən məlumata görə, bütün məktəblərdə COVID-19 pandemiyası ilə bağlı kiçik tibb məntəqələri olacaq. Bu il kütləvi tədbirlər qadağan olunduğundan bilik günü də keçirilməyəcək və bütün siniflərdə ilk dərs pandemiya qaydalarına həsr olunacaq.
Məlumata əsasən, bütün məktəblərə hərarəti ölçmək üçün cihazlar və dezinfeksiya məhsulları alınıb. Şagirdlər hərarəti ölçülərək məktəbə buraxılacaq. Onların maska taxması isə məcburi deyil və istəsələr bu vasitələri alaraq könüllü istifadə edə bilərlər. Peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maska taxmaq məcburi olacaq.
Təhsil Nazirliyinin yanında da Operativ Qərargah
olacaq. Orada gündəlik yoluxanların
statistikası aparılacaq
və vəziyyətdən
asılı olaraq lazımi addımlar atılacaq.
Məktəblərdə bufetlər işləməyəcək. Şagirdlər məktəbə yemək
gətirərək tənəffüs
vaxtı sinifdə yeyə biləcəklər.
Təhsil Nazirliyinin rəsmiləri
valideynlərə müraciət
edərək bildiriblər
ki, səhhətində
hər hansı
problem, COVID-ə bənzər simptomlar olan şagirdi məktəbə
gətirməsinlər.
Göründüyü kimi, dövlətimiz tərəfindən pandemiyaya
qarşı həyata
keçirilən düzgün
strategiya sayəsində
yuxarıda sadalanan və daha toxunmadığımız
bir çox məsələlərdə irəliləyiş
əldə olunub. Virusla mübarizədə
əldə olunan müsbət tendensiyanın
davamlı olması isə vətəndaşların
məsuliyyətindən və
qoyulan qaydalara riayət etməsindən birbaşa asılıdır.
Onu da nəzərə almaq lazımdır ki, qarşıdan payız-qış mövsümü,
həmçinin digər
xəstəliklərin fəallaşdığı
dövr gəlir.
COVID-19-la birlikdə bu xəstəliklər insan orqanizmi üçün ciddi təhlükədir. Buna görə də koronavirusun yayılmasına,
yeni yoluxma nöqtələrinin yaranmasına
imkan verməməliyik.
Xüsusilə də, tədris müəssisələrinin fəaliyyətə
başladığı hazırkı
dövrdə qarşıda
duran əsas vəzifələrdən biri
övladlarımızı bu
problemdən qorumaq, onların təhsil prosesinə normal şəraitdə
qovuşmasını təmin
etməkdir.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2020.- 15 sentyabr.- S.1; 7.