Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri Avrasiya Patent Təşkilatının iclasında iştirak edib
Sentyabrın 10-11-də Avrasiya Patent Təşkilatının (APT) İnzibati Şurasının videokonfrans formatında otuz altıncı iclası keçirilib.
Tədbirdə APT-nin üzv dövlətləri - Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistanın səlahiyyətli nümayəndələri, həmçinin Avrasiya Patent İdarəsinin (APİ) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, iclasda sənaye nümunələrinin hüquqi qorunması üzrə Avrasiya sisteminin yaradılması layihəsinin həyata keçirilməsinin vəziyyəti, APT tərəfindən "Patent kooperasiyası haqqında” müqaviləyə əsasən, beynəlxalq axtarış orqanı və beynəlxalq ilkin ekspertiza orqanı statusunun istənilməsi xahişi, Avrasiya Patent Konvensiyasının (APK) Maliyyə Təlimatının yenilənməsi, APT çərçivəsində mübahisələrin baxılması prosedurunun təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunub. Həmçinin "Patent kooperasiyası haqqında” müqavilə ilə uyğunlaşma məqsədilə APK-nın Patent Təlimatına və APT-nin Rüsumlar haqqında Əsasnaməsinə dəyişikliklər edilib.
Azərbaycan Respublikasının APT-nin İnzibati Şurasındakı səlahiyyətli nümayəndəsi, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov müzakirə olunan məsələlərlə əlaqədar ölkəmizin mövqeyini bildirib və müvafiq təkliflər verib.
Tədbirdə APİ-nin prezidenti Saule Tlevlessovanın APT-nin 2019-cu il üçün hesabatı dinlənilib. Eyni zamanda APT-nin 2021-ci il üçün büdcəsinə baxılıb və qəbul edilib. APT-nin İnzibati Şurası tərəfindən S.Tlevlessovanın ÜƏMT-nin Baş direktorunun müavini və ya köməkçisi vəzifəsinə irəli sürülməsi qərara alınıb.
İclasın sonunda APT-nin İnzibati Şurasının yeni sədri və müavinləri seçilib.
Azərbaycan.- 2020.- 15 sentyabr.- S.7.