Ermənistan beynəlxalq hüququ pozmaqda davam edir

 

Qarabağda artıq Livan ermənilərinin ilk ailələri yaşayır

 

Azərbaycan ərazilərini hələ də işğal altında saxlayan Ermənistan hərbi cinayətlərini davam etdirmək siyasətindən də əl çəkmir. Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra Ermənistan burada olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması siyasətinə başlayıb.

Bu istiqamətdə artıq müəyyən addımlar atılıb. Məlumata görə, xeyli sayda Livan ermənisi Ermənistana gətirilib. Onların bir qismi zəbt edilmiş Azərbaycan ərazilərində məskunlaşdırılıb.

Qarabağ separatçılarının lideri Araik Arutyunyan hətta "Facebooksosial şəbəkəsində Livandan ermənilərin Qarabağa köçürülməsi barədə videoreportaj yayımlayıb: "Artıq Qarabağda Livan ermənilərinin ilk ailələri yaşayır. Bizim hökumət onlara öz imkanları daxilində yardım göstərir. Biz Qarabağda Livan-Ermənistan koloniyasının yaradılmasında və saxlanmasında maraqlıyıq”.

Xatırladaq ki, 26 avqust 2020-ci il tarixində Ermənistanın Diasporla İşlər üzrə Baş Komissarı ofisinin mətbuat xidməti Zare Sinanyan iki Livan erməni ailəsinin işğal olunmuş Şuşaya köçürülməsi barədə məlumat yaymışdı. Bundan əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin liderləri müxtəlif şəhər və kəndlərdə Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdilər. "Azərkosmos” ASC-nin "Azerskypeyki vasitəsi ilə aparılan monitorinqləri nəticəsində də işğal olunmuş Kəlbəcər rayonunda qanunsuz mənzil tikintisi faktı təsdiqlənib.

İşğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Digər tərəfdən, son günlər Ermənistan işğal edilmiş ərazilərimizdə yaratdığı qondarma rejimin dili ilə Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bir daha açıq şəkildə səsləndirməyə başlayıb və Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.

Burada bir məqamı da xatırladaq ki, beynəlxalq hüquqa əsasən, təcavüzkar dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması hərbi cinayət kimi qəbul edilir. Maraqlıdır ki, Ermənistanın özünün qanunvericiliyinə görə də bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində təcavüzkar dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 il cəza nəzərdə tutulur.

Amma həmişəki kimi ermənilər yenə beynəlxalq hüququ heçə sayır. Ermənistanın dispor üzrə baş komissarı Ovannes Aleksanyan bildirib ki, Beyrutda baş verən dəhşətli partlayışdan sonra bu ölkədən Ermənistana 1100-dən çox erməni gəlib. Gələnlərin işlə təmin olunmasına dövlət qurumları ilə yanaşı, özəl şirkətlər də yardım edir: "Livan ermənilərinin böyük əksəriyyəti Yerevanda yerləşdirilib, 10 nəfər isə Qarabağda məskunlaşdırılıb”.

Bununla Livan ermənilərinin qanunsuz olaraq işğal altındakı Qarabağda yerləşdirilməsi prosesini Ermənistan faktiki olaraq gizlətmir. Buna baxmayaraq, yerləşdirilənlərin daha çox olduğu, sadəcə, sayın gizlədildiyi ehtimalı da çox yüksəkdir. Dağlıq Qarabağda yerli ermənilər və köçürülənlər sosial problemlərin ağırlığına tab gətirmədikləri üçün kütləvi şəkildə yaşadıqları yerləri tərk edirlər. Hətta koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi yumşalmaya başlayan kimi Qarabağdakı ermənilərin evlərini tərk etməsi daha da intensivləşib. Qarabağdakı ermənilərin evlərini tərk etməsi və demoqrafik vəziyyətin işğal siyasətinə uyğun olmaması Ermənistan hakimiyyətini qanunsuz köçürməni sürətləndirməyə məcbur edir.

İşğalçı ölkənin digər məqsədi Livandan Qarabağa köçürülən ermənilərin muzdlu əsgər kimi istifadə edilməsidir. Bunun fonunda Yaxın Şərq ölkələrindən Qarabağa köçürülən ermənilərdən müharibə vaxtı muzdlu əsgər kimi istifadə edilməsi də planlaşdırılır. 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalı zamanı SuriyaLivandan erməni muzdluların gətirilməsi, azərbaycanlılara qarşı soyqırımılarda onların xüsusi rol oynaması təcrübəsi fonunda bu o qədər də təəccüblü deyil. Amma baş verənlər Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinin məqsədli şəkildə pozulmasıdır.

Belə qanunsuz məskunlaşma siyasətini açıq şəkildə aparılmasına göz yumulması, xüsusən də buna ATƏT-in Minsk qrupunun səssiz qalması işğalçı Ermənistanı beynəlxalq hüququ pozmağa sövq edən amildir. Bunun nəticəsi isə, sadəcə, savaşı tətikləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2020.-15 sentyabr.- S.7.