Övladlarımız milli və vətənpərvəlik
ruhunda tərbiyə olunmalıdırlar
Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.
Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər.
Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır.
Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir.
Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur.
Son 2-3
il ərzində biz kiçik kəndlərdə modul
tipli məktəblər inşa
edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın
məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son
17 il ərzində
bütövlükdə Azərbaycanda
3700-ə qədər məktəb
tikilib və əsaslı şəkildə
təmir edilib. Bu, bizim məktəb
fondumuzun böyük əksəriyyətini təşkil
edir. Çünki Azərbaycanda hazırda
4500-ə qədər məktəb
var, onların
3700-ü tam yeni görkəm
almışdır və
yenidən inşa edilmişdir.
Bu il,
eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi
təmin edilmişdir.
İyun ayında Gəncədə
Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir.
Bu korpusun sahəsi
22 min kvadratmetrdir. Sentyabr ayında
isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun
sahəsi 13 min kvadratmetrdir.
ADA-nın yeni
iki korpusu istifadəyə verilmişdir
və bu korpusların sahəsi 35
min kvadratmetrdir. Beləliklə,
cəmi bir il ərzində
üç ali məktəbin 70 min kvadratmetr
sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq.
Çünki təhsilə ayrılan
vəsait gələcəyə
ayrılan vəsaitdir.
Mən hələ 2004-cü ildə
demişdim ki, biz
"qara qızıl”ı
insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki
son illərdə Azərbaycanda
nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və
bu gün bizim bütün ali məktəblərimiz
təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib
məsələdir və
biz bunu müxtəlif
sahələrdə görürük.
Bizim məktəblilərimiz beynəlxalq
olimpiadalarda yüksək
yerlər qazanırlar,
olimpiadaların qalibləri
olurlar. Deyə bilərəm ki,
müəllim peşəsinə
maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir.
Müəllim peşəsini
seçən gənclərimizin
sayı hər il artmaqdadır.
Qəbul imtahanlarında
yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki
müəllimlərin iş
şəraiti yaxşılaşıbdır,
müəllimlər gözəl
məktəblərdə, ali məktəblərdə
dərs deyirlər, müəllimlərin əməkhaqları
artırılıb və
diaqnostik qiymətləndirmədən
keçən müəllimlərimiz
yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim
olmaq istəyini əsaslandırır, eyni
zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda
ən hörmətli peşələrdən biri
olmuşdur. Mən çox
şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda,
gələcəkdə Azərbaycanda
bilikli, savadlı insanların sayının
artmasına gətirib
çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin
uğurlu inkişafını
onun intellektual potensialı müəyyən
edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin
təcrübəsinə baxmaq
kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin
hesabına inkişaf etmiş ölkələr
sayılır. Məhz biliyin,
savadın, texnologiyaların
hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və
bu ölkələrin
bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər
bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür
və gələcəkdə
bu, özünü daha da qabarıq
şəkildə büruzə
verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə,
təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə
xərcləri arasında
təhsil sahəsinə
ayrılan xərclər
ikinci yerdədir.
Əgər biz müharibə şəraitində olmasaydıq,
birinci yerdə olardı. Çünki hazırda ən
böyük xərclərimiz
müdafiə sahəsi
ilə bağlıdır.
Bu da təbiidir.
Yəni,
bu, özlüyündə
bir göstəricidir,
bizim siyasətimizin təzahürüdür, bizim
niyyətimizi əks etdirir. Mən şadam ki,
bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi
idarə etsinlər.
Bizim gələcəyimiz
bu gün məktəblərdə, ali məktəblərdə
oxuyan uşaqların,
şagirdlərin, tələbələrin
əlində olacaqdır.
Onların bilikləri, savadı,
əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək.
Eyni zamanda, onu da
xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik
ruhunda, milli ruhda, milli dəyərlər
- ənənəvi Azərbaycan
dəyərləri əsasında
tərbiyə almalıdırlar.
Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət
kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər
şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər.
Bu gün
biz qloballaşma adı
altında böyük
siyasətin təzahürlərini
görürük - gənclərin
beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir,
gənclər yoldan çıxarılır, onlar
yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur.
Ona görə müəllimlərdən
çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi,
gənclərimizi xalqımıza,
milli adət-ənənələrimizə
zidd olan, dırnaqarası dəyərlərdən
qorumalıyıq. Bizim uşaqlarımız
Vətənə bağlı
olmalıdır, xalqa bağlı olmalıdır,
müstəqilliyi hər
şeydən üstün
tutmalıdır, milli
ruhda, vətənpərvərlik
ruhunda tərbiyə almalıdır, əsrlər
boyu qoruduğumuz milli adət-ənənələrimizi
qorumalı və onları müdafiə etməlidirlər. Belə olan
halda Azərbaycan bundan sonra da
müstəqillik və
inkişaf yolu ilə gedəcək.
Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən
ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir,
özünü beynəlxalq
müstəvidə ləyaqətlə
aparır. Azərbaycan azad
ölkədir, vətəndaşlarımız
azadlıq şəraitində
yaşayırlar. Azərbaycan iqtisadi
sahədə inkişaf
edən ölkədir,
güclü orduya
sahib olan ölkədir.
Biz bütün bunları müstəqillik
dövründə əldə
etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki,
tam müstəqil siyasət
aparır - həm xarici, həm daxili. Bu siyasət
Azərbaycan xalqı tərəfindən dəstəklənir.
Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu
dəstəyə arxalanaraq
Azərbaycanı inamla
irəliyə aparırıq.
Bizim uşaqlarımız, gənclərimiz
gələcəkdə ölkəmizi
bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar
ki, Azərbaycan xalqı bundan sonra da heç
vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da
heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi,
burada bilik, savad, vətənpərvərlik,
milli ruh, ləyaqət xüsusi rol oynayır.
Mən şadam ki, bu gün Azərbaycanda
yetişən gənclər
məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət
meyillər davam edəcək və bizim uşaqlarımız,
gənclərimiz bilik,
savad əldə edərək gələcəkdə
Vətənə dəyərli
vətəndaşlar kimi
xidmət edəcəklər
və ümumi inkişafımıza öz
töhfələrini verəcəklər.
Mən sizi yeni dərs
ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Azərbaycan.- 2020.- 16 sentyabr.- S.1-2.